Məhkəmə qərarları › İş №e-2-2(119)-587/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-587/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-587/2025 04.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1025,39 (min iyirmi beş manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 96,5 (doxsan altı manat əlli qəpik) manat məbləğində faiz borcu, 10,75 (on manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu, 31 oktyabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8,2 (səkkiz manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1140,84 (min yüz qırx manat səksən dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 31,41 (otuz bir manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 7000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 25% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin dekabrın 26-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1025,39 manat əsas borc, 96,5 manat faiz borcu, 21,49 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1151,58 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 21,49 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 10,75 manat məbləğində tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 7000 (yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən borcalan Cavabdeh2 biznes məqsədi ilə 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,08 %, faktiki illik faiz dərəcəsi 26,97 % olmaqla, 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 31 oktyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli Z/18322/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868- 23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik bu zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd olunmuş müqavilə müəyyənləşdirilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 26 dekabr 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1025,39 manat məbləğində əsas borc, 96,5 manat məbləğində faiz borcu, 21,49 manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1151,58 manat məbləğində borcu vardır. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə 04 aprel 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 185,86 manat məbləğində əsas bоrc, 94,54 manat məbləğində faiz borcu, 25,91 manat məbləğində cərimə borcu, 16,35 manat məbləğində əldən çıxmış fayda оlmaqla, cəmi 322,66 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 26 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit verilməsinə dair müqavilə üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Lakin 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə tutulmalı olan əsas borcun və faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 04 arel 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 04 aprel 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh2 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 185,86 (yüz səksən beş manat səksən altı qəpik) manat məbləğində əsas borcunun və 94,54 (doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 185,86 (yüz səksən beş manat səksən altı qəpik) manat məbləğində əsas borc və 94,54 (doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “10,75 (on manat yetmiş beş qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin 31 oktyabr 2023-cü il tarixli 4-MCR-1-868-23/1 nömrəli kredit verilməsinə dair müqavilənin müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 8,2 (səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 31 oktyabr 2023-cü il tarixli Z/18322/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “31,41 (otuz bir manat qırx bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi də qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 185,86 (yüz səksən beş manat səksən altı qəpik) manat məbləğində əsas borc, 94,54 (doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu, 10,75 (on manat yetmiş beş qəpik) manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınmaqla 8,2 (səkkiz manat iyirmi qəpik) manat məbləğində faiz və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 329,35 (üç yüz iyirmi doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 185,86 (yüz səksən beş manat səksən altı qəpik) manat məbləğində əsas borc, 94,54 (doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu, 10,75 (on manat yetmiş beş qəpik) manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınmaqla 8,2 (səkkiz manat iyirmi qəpik) manat məbləğində faiz və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 329,35 (üç yüz iyirmi doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar