Məhkəmə qərarları › İş №e-2-2(119)-59/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-59/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-59/2024 01.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsi üzrə 4667,34 (dörd min altı yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində icarə haqqı borcunun, 672,44 (altı yüz yetmiş iki manat 44 qəpik) manat məbləğində cərimənin və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediyasiya xərcinin əvəzinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2313 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan “2313” nömrəli mağazanı - qeyriyaşayış sahəsini icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla, 2018-ci ilin fevral, mart və aprel ayları üçün 150 (yüz əlli) manat (ƏDV daxil), sonrakı hər ay üçün isə 220 (iki yüz iyirmi) manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən İcarəçiyə 19 noyabr 2021-ci il tarixdə İcarəyə verən tərəfindən 3443,34 (üç min dörd yüz qırx üç manat 34 qəpik) manat məbləğində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə müraciət etmişdir. Həmin pretenziya məktubunun nəticəsi olaraq, Cavabdeh 01 aprel 2022-ci il tarixli müraciəti əsasında müvafiq müqaviləyə uyğun olaraq tərəflər arasında 01 aprel 2022-ci il tarixli 01 nömrəli Əlavə Razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən, qeyd edilən icarə sahəsi üzrə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan müddət üçün aylıq icarə haqqı güzəşt edilmiş, 01 iyun 2022ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək aylıq icarə haqqı 154 (yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh şəxs icarəçi olaraq müvafiq icarə müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bunun nəticəsi olaraq iddiaçı hüquqi şəxs icarəyə verən olaraq, ödənilməmiş 5207,34 (beş min iki yüz yeddi manat 34 qəpik) manat məbləğində icarə haqqı borcunun ödənilməsi ilə bağlı 23 yanvar 2023-cü il tarixdə pretenziya məktubu ilə müraciət edərək, borcun tam olaraq ödənilməsi üçün İcarəçiyə 7 (yeddi) təqvim günü vaxt vermişdir. Bəhs olunan pretenziya məktubuna cavabdeh şəxs tərəfindən məhəl qoyulmadığından, iddiaçı təşkilat tərəflər arasında bağlanmış müqaviləyə 31 yanvar 2023-cü il tarixdə birtərəfli qaydada xitam vermişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 27 iyul 2023-cü il tarixli maliyyə arayışından da görünür ki, 01 fevral 2018-ci il tarixli 2313 nömrəli icarə müqaviləsi üzrə 31 yanvar 2023-cü il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 4667,34 (dörd min altı yüz altmış yeddi manat 34 qəpik) manat və ona hesablanmış cərimə borcu 672,44 (altı yüz yetmiş iki manat 44 qəpik) manat olmaqla, cəmi borcu 5339,78 (beş min üç yüz otuz doqquz manat 78 qəpik) manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar İcarəyə verən tərəfindən İcarəçinin ünvanına məktub (pretenziya) göndərilsə də, sonuncu tərəfindən borc ödənilməmiş və pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunsa da, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına müraciət edilmiş və həmin müraciət əsasında mediator təyin edilmişdir. Lakin, mediatorun da çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə də, Cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və həmin öhdəliklərin icrasından boyun qaçırmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsi üzrə 4667,34 manat məbləğində icarə haqqı borcunun, 672,44 manat məbləğində cərimənin və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin əvəzinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən və sahəsi 34 kv.metr ölçüsündə olan “2313” nömrəli mağaza kimi istifadə edilən qeyri-yaşayış sahəsini icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.5-ci bəndinə əsasən, İcarəçi bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, İcarəyə verənin 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə, müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən, bu Müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada İcarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək İcarəçinin vəzifəsidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, İcarəçi bu Müqavilə qüvvədə olduğu müddət ərzində İcarəçi İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 2018-ci il fevral, mart və aprel ayları üçün hər ay 150 (yüz əlli) manat (ƏDV daxil), sonrakı hər ay üçün isə 220 (iki yüz iyirmi) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir, İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda İcarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. İş materiallarında olan, 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsinin icrası ilə əlaqədar icarəçi Cavabdeh 01 aprel 2022-ci il tarixli ərizəsi əsasında tərtib edilərək təsdiq olunmuş 01 aprel 2022-ci il tarixli 01 nömrəli Əlavə Razılaşmadan görünür ki, tərəflər hazırkı Əlavə Razılaşma ilə 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsinə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən və sahəsi 34 kv.metr ölçüsündə olan “2313” nömrəli qeyri-yaşayış sahəsinə görə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək ödənişsiz, 01 iyun 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək aylıq İcarə haqqının 154 (yüz əlli dörd) manat (ƏDV daxil) məbləğində müəyyən olması barədə razılığa gəlmişlər. İş materialları ilə müəyyən olunur ki, icarəçi Cavabdeh ilə icarəyə verən İddiaçı MMC arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsinə 31 yanvar 2023-cü il tarixindən etibarən xitam verilmişdir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsi üzrə tərtib edilmiş "Obyektin əməliyyat tarixçəsi" Cədvəli və digər sənədlərlə müəyyən olunur ki, 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma dövründə icarəyə götürmüş olduğu icarə sahəsinə görə 2020-ci ilin aprel və may aylarında aylıq icarə haqqı hesablanmamış, 01 iyun 2020-ci il tarixdə aylıq icarə haqqı azaldılaraq 146,67 manat məbləğində icarə haqqı hesablanmış və həmin tarixdən bir il ərzində isə icarə haqqı hesablanmamış, daha sonra 10 iyun 2021-ci il tarixdə 146,67 manat məbləğində, 01 iyul 2021-ci ildən etibarən 01 mart 2022-ci il tarixədək isə 220 manat məbləğində icarə haqqı hesablanmış, həmçinin 01 iyun 2022-ci ildən etibarən 154 manat məbləğində və 01 oktyabr 2022-ci ildən 220 manat məbləğində icarə haqqı hesablanmış, 04 aprel 2023-cü ildə 340 manat məbləğində ödəniş və 11 aprel 2023-cü ildə isə 200 manat məbləğində sonuncu ödəniş edilmişdir (icarəyə verən İddiaçı MMC tərəfindən “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma dövründə 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsi üzrə hər hansı bir məbləğdə icarə haqqı məbləği hesablanmamışdır). Bundan əlavə, həmin İcarə müqaviləsi üzrə sonuncu dəfə 01 yanvar 2023-cü ildə 220 manat məbləğində icarə haqqı hesablanmaqla, həmin aydan məlum icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli 02-01/407 nömrəli Maliyyə Arayışında göstərilir ki, 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh sonuncu ödəniş tarixi və məbləği 11 aprel 2023-cü il tarixində 200 (iki yüz) manat olmaqla, icarəyə verən İddiaçınə cəmi 4177 manat məbləğində ödəniş etmiş və İcarəçinin halhazırda həmin Müqavilə üzrə 4667,34 (dörd min altı yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində əsas borcu və ona hesablanmış 672,44 (altı yüz yetmiş iki manat 44 qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə Müqaviləsi 31 yanvar 2023-cü il tarixindən ləğv edilmiş və həmin İcarə Müqaviləsi ləğv edilərkən müvafiq qaydada hesablanmış, lakin ödənilməyən 4667,34 (dörd min altı yüz altmış yeddi manat 34 qəpik) manat icarə haqqı borcu hal-hazıradək icarəçi Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də, qeyd olunan borc ödənilmədiyi üçün icarəyə verən (iddiaçı) İddiaçı MMC tərəfindən həmin müqavilə üzrə ödənilməmiş əsas icarə haqqı borcu və həmin borc üzrə hesablanmış cərimə borcunun ödənilməsi üçün icarəçi (cavabdeh) Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 fevral 2018-ci il tarixli 2313 nömrəli icarə müqaviləsi üzrə 4667,34 manat məbləğində icarə haqqı borcun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “01 fevral 2018-ci il tarixli 2313 nömrəli icarə müqaviləsi üzrə 672,44 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində hesablanan cərimənin məbləği azaldılaraq, cavabdehdən 01 fevral 2018-ci il tarixli 2313 nömrəli icarə müqaviləsi üzrə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış İcarə Müqaviləsinin tələblərinə görə icarə obyekti üzrə hesablanan icarə haqının ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qaydalarına riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 01 fevral 2018-ci il tarixli 2313 nömrəli İcarə müqaviləsi üzrə 4667,34 manat icarə haqqı borcu və 200 manat cərimə İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 68,67 (altmış səkkiz manat 67 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 4667,34 (dörd min altı yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində icarə haqqı borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4967,34 (dörd min doqquz yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 68,67 (altmış səkkiz manat 67 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar