Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-592/2021 23.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədləri (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdeh (kredit müqaviləsi üzrə borcalan) Cavabdeh6 ünvanlanmış “Bildiriş” (“pretenziya”) məktubunun ona çatdırılması barədə müvafiq sənəd (poçt qəbzi və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ünvanlanmış “pretenziya” məktubunun mətni və həmin “pretenziya” məktubunun onlara çatdırılması barədə müvafiq sənədlər də iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli XF-3354 saylı İpoteka Müqaviləsinin 11.3-cü bəndində “Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər” şərtinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl həmin şərtin tələblərinə riayət edərək, müvafiq qaydada mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün həmin cavabdehlərə müvafiq “pretenziya” məktubu ilə müraciət etməmişdir. Qeyd etmək lazımdır ki, həmin cavabdehlərə məhkəməyə müraciət edilənədək "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş ünvanlanmış olsa da (həmin “Bildiriş” yuxarıda qeyd olunan cavabdehlərə çatdırılmamışdır), həmin “Bildiriş” yuxarıda qeyd olunan Müqavilələrin 11.3-cü bəndində qeyd olunan şərtlərin yerinə yetirilməsi kimi qəbul oluna bilməz. Çünki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildirişin göndərilməsi - tərəflər arasında (həmin cavabdehlərlə) bağlanmış xx xxxxxx 2019-cu il tarixli XF-3354 nömrəli İpoteka Müqaviləsinin 11.3-cü bəndinin yuxarıda qeyd olunan tələbinin yerinə yetirilməsi kimi qəbul oluna bilməz. Eləcə də, cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 iddia ərizəsinin surətinin göndərilməsi ilə əlaqədar “xxxx” MMC-nə aid sürətli poçt göndərişlərinin xx xxxxx 2021-ci il tarixli 121014 nömrəli, 121015 nömrəli, 121016 nömrəli, 121017 nömrəli, 121018 nömrəli və 121019 nömrəli Qəbzləri iddia ərizəsinə əlavə edilmiş olsa da, həmin Qəbzlərdə iddia ərizəsinin surətinin cavabdehlər tərəfindən alınması (imza yeri boşdur) müəyyən edilmir (həmin Qəbzlərdə kuryerin adı və imzası, kuryerin ünvanda olma tarixi və vaxtı, poçt xidmətinin qiyməti və s. göstərilməmişdir və eyni zamanda, cavabehlərin ünvanları səhv qeyd edilmişdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.3-cü, 149.2.4-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilsin və eləcə də, məhkəməyə təqdim olunan iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri əvvəlcədən almış olsun. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“qəbz”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 poçt ünvanları ”Quba rayonu, Qərçəş kəndi” kimi göstərilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə həmin ünvanın cavabdehlərin qeydiyyat və ya poçt ünvanları olması müəyyən edilmir. Hətta, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş iddia ərizəsinin tələb hissəsində və həmin tələbin əsaslandırılmasında da ipoteka predmetlərinin ünvanı “Quba rayonu, Qərçəş kəndi” kimi göstərilmiş və bununla da, iddia tələbi düzgün ifadə olunmamış və əsaslandırılmamışdır. Həmçinin, iddia ərizəsində Cavabdeh6 yönəlmiş iddia tələbi əsaslandırılmış olsa da, digər cavabdehlərə - yəni, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı verilmiş iddia tələbləri müvafiq qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-592/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-592/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver