Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-596/2024 17.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehlər arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə 1835,36 (min səkkiz yüz otuz beş manat, otuz altı qəpik) manat məbləğində borc, 920,50 (doqquz yüz iyirmi manat, əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2755,86 (iki min yeddi yüz əlli beş manat, səksən altı qəpik) manat məbləğində pul vəsaitinin və 47,56 (qırx yeddi manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 17 aprel 2014cü il tarixli 126 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən cavabdehlər müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, e-2-2(119)-596/2024 nömrəli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı 21 iyun 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən cavabdehlərdən müştərək qaydada 1735,36 manat məbləğində əsas borc, 918,85 manat məbləğində faiz borcu olmaqla cəmi, 2654,21 manat məbləğində pul vəsaiti və 47,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia tələbinin dəqiqləşməsi barədə ərizədə qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış 17 aprel 2014-cü il tarixli, 126 nömrəli birgə borclularla kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin şərtləri əsasında kredit verən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) birgə borclulara (cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1) onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, illik 27 faiz olmaqla 24 ay müddətinə heyvandarlıq fəaliyyəti məqsədilə Cavabdeh1 1000 manat məbləğində, Cavabdeh2 500 manat məbləğində, Cavabdeh3 500 manat məbləğində olmaqla, ümumilikdə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.3-cü və 4.2.4-cü bəndlərinə əsasən, cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirmək, kreditlə bağlı tələb olunan bütün xərclərin (kreditin qiymətləndirilməsi və s.) ödənilməsini təmin etmək birgə borcluların vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar, onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdehlərin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2015-cı ilin dekabr ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya həmin kredit müqaviləsi üzrə 20 iyun 2024-cü il tarixinə 1735,36 manat məbləğində əsas borcu və 918,85 manat məbləğində faiz borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit öhdəliyinin icrası ilə əlaqədar 04 iyun 2024-cü il tarixində 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Müşviq Güləliyev və Cavabdeh2 iddiaçı ilə bağladıqları 17 aprel 2014-cü il tarixli 126 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onların iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 aprel 2014-cü il tarixli birgə borclularla kredit müqaviləsi üzrə 1735,36 manat məbləğində əsas borcun və 918,85 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 12 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin 47,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və hazırkı iddia tələbi tam təmin edildiyindən aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 47,56 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 17 aprel 2014-cü il tarixli 126 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 1735,36 manat məbləğində əsas borc, 918,85 manat məbləğində faiz borcu, həmçinin 47,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2701,77 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada 1735,36 (min yeddi yüz otuz beş manat, otuz altı qəpik) manat, əsas borc 918,85 (doqquz yüz on səkkiz manat, səksən beş qəpik) manat faiz borcu və 47,56 (qırx yeddi manat,əlli altı qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2701,77 (iki min yeddi yüz bir manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-596/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-596/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver