Məhkəmə qərarları › İş №e-2-2(119)-596/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-596/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-596/2025 24.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 16 noyabr 2022-ci il tarixli 860 nömrəli icarə müqaviləsi əsasında yaranmış 10192,78 (on min yüz doxsan iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 1834,74 (min səkkiz yüz otuz dörd manat, yetmiş dörd qəpik) manat məbləğində ƏDV borcu, 500 (beş yüz) manat məbləğində cərimə, ümumi dəyəri 2766,5 (iki min yeddi yüz altmış altı manat, əlli qəpik) manat məbləğində olan avadanlıqlar - 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45 m, 15 ədəd taxta 5x15 3m-lik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol, hüquqi yardım üçün vəkilə ödənilən 640 (altı yüz qırx) manat məbləğində pul vəsaitinin və 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli 860 nömrəli icarə müqaviləsinin 8.3-cü bəndinə əsasən, “mübahisə danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə fiziki şəxslərlə bağlı işlərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, hüquqi şəxslərlə bağlı işlərdə Bakı Kommersiya Məhkəməsində həll olunur”. Göründüyü kimi, tərəflər bağlanmış icarə müqaviləsinin 8.3-cü bəndində gələcəkdə aralarında baş verə biləcək hüquqi şəxslərlə bağlı mübahisəyə (kommersiya mübahisəsinə) Bakı Kommersiya Məhkəməsində baxılacağı barədə razılığa gəlmələrinə, yəni aralarındakı mübahisələrə dair müqavilə aidiyyətini müəyyənləşdirmələrinə baxmayaraq, iddiaçı həmin qaydaya riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin işin hallarına görə iddia tələbinin dəyərinə görə ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 17 fevral 2025-ci il, 18:34:28; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar