Məhkəmə qərarları › İş №e-2-2(119)-599/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-599/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-599/2020 15.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx xxxxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminat və xx xxxxxxxx 2020-ci ilə heablanmış 3750 (üç min yeddi yüz əlli) manat icarə borcu olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Dənizkənarı İstirahət zonasındakı 03 saylı sahə (“Duyğu” istirahət obyekti) Cavabdeh1 (VÖEN **********) sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Problem olmadığına görə müqavilə bir illik bağlansa da, müqavilənin 10-cu bəndinə əsasən sonrakı illərdə də qüvvəsini saxlamışdır. xx xxxx 2020-ci ildə Cəmiyyətin İdarə Heyyətinin üzvləri obyektdə nəzarət qaydasında müəyyən etmişlər ki, obyektdə mövcud yer tutumu 40 nəfərə qarşı 226 nəfərdir və bu barədə iddiaçıya məlumat verilməmişdir. Odur ki, dərhal obyektin inzibatçısı Cavabdeh2 iştirakı ilə Akt tərtib edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İcarədar özü heç obyektə gəlmir. Cəmiyyətin Nəzarət şöbəsinin rəisi Əli Qəhrəmanov tərəfindən verilmiş təqdimata əsasən müəyyən olunmuşdur ki, obyektin icarədarı Cavabdeh1 xx xxxxxx 2018-ci ildən öz VÖEN-nin fəaliyyətini 5 il müddətinə dayandırmış olsa da, bu barədə Cəmiyyətə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, İcarə müqaviləsi təqdim elədiyi VÖEN-ə əsasən onunla bağlanmışdır. Beləliklə də, obyekt qanunsuz fəaliyyət göstərmişdir. Vəziyyətdən istifadə edən obyektin inzibatçısı Cavabdeh2 vəzifə saxtakarlığı və dələduzluq edərək obyekti qanunsuz işlətmişdir. İdarə Heyyətinin üzvləri orada olan zaman görüblər ki, bir xeyli də işçisi var imiş. Hərçənd, iddiaçıya təqdim olunmuş Vergi Arayışına görə işçilər yoxdur. Yalnız inzibatçı müqavilə əsasında fəaliyyət göstərir. İnzibatçı bildirib ki, onlayn işləyir. Ancaq faktiki olaraq qanunsuz işləyiblər və iddiaçını aldadıblar. Vəzifə saxtakarlığı və dələduzluq edərək, bununla Cəmiyyətə maddi və mənəvi ziyan vurublar. Bununla bağlı onlardan izahat tələb edilsə də, onlar izahat verməkdən boyun qaçırmışlar və icarə obyektindən çıxmamışlar. Həmin icarə obyektinə görə cavabdehlərin xx xxxxxxxx 2020-ci ilədək hesablanmış 3750 manat məbləğində icarə borcu da yaranmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı QSC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində, yəni dənizkənarı istirahət zonasındakı 3 №-li sahədə yerləşən sahibkarlıq obyekti yazılı ərizə ilə müraciəti əsasında 2009-cu ildə fərdi sahibkar olan Cavabdeh2 icarəyə verilmiş və sonuncu bir neçə il həmin obyekti icarə əsasında işlədərək, Cəmiyyətə icarə pulu ödəmişdir. Lakin, 2013-cü ildə Cavabdeh2 ərizəsi əsasında icarə müqaviləsinə xitam verilmiş və bundan sonra həmin obyekt icarə müqaviləsi əsasında Cavabdeh1 verilmişdir. Son aylar icarə müqaviləsi üzrə nəzərdə tutulan aylıq 1500 manat məbləğində olan icarə pulları vaxtlı-vaxtında ödənmədiyi üçün icarə borcu yaranmış və Cəmiyyət tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, icarəçi Cavabdeh1 VÖEN-i bağlanmış və sonuncu həmin icarə obyektini Cəmiyyətin icazəsi olmadan başqa bir şəxsə, yəni digər Cavabdeh2 vermiş və sonuncu qanunsuz olaraq həmin obyekti işlədir. Buna görə də, Cəmiyyət tərəfindən araşdırma aparılaraq İcarə Müqaviləsinin tələbləri pozulduğu və VÖEN-i bağlandığı üçün icarəçi Cavabdeh1 artıq qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığına görə onunla sonuncu dəfə bir il müddətinə bağlanmış xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsinə xitam verilmiş və icarəçi Cavabdeh1 və həmin obyekti Cəmiyyətin icazəsi olmadan işlədən Cavabdeh2 obyekti boşaldaraq, Cəmiyyətə təhvil vermələri tələb olunmuşdur. Lakin, çoxsaylı müraciətlərə baxmayaraq cavabdehlər obyekti boşaldıb Cəmiyyətə təhvil verməmişlər. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmin obyektdən hal-hazıradək çıxmadıqları üçün cavabdehlərin xx xxxxxxxx 2020-ci ilədək hesablanmış 3750 manat məbləğində icarə borcu yaranmışdır. Bundan əlavə, cavabdehlər yenə də obyekti könüllü olaraq təhvil vermək istəmirlər və onların bu hərəkətləri nəticəsində ödənilməmiş icarə haqqından əlavə, Cəmiyyətə 10000 manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. Ona görə də, iddianın təmin edilməsi və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verildiyini nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyətə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən sahibkarlıq obyektindən məcburi qaydada çıxarılmaları və Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 manat təzminatın, icarə obyektindən çıxmadıqları üçün xx xxxxxxxx 2020-ci ilədək hesablanmış 3750 manat icarə borcunun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verildiyini nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyətə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən sahibkarlıq obyektindən məcburi qaydada çıxarılmaları və Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 manat təzminat və icarə obyektindən çıxmadıqları üçün xx xxxxxxxx 2020-ci ilədək hesablanmış 3750 manat icarə borcu olmaqla, cəmi 13750 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş “borcun tutulması və obyektdən çıxarılma” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, yaxın qohumu olan Cavabdeh2 xahişi əsasında 2013-cü ildə fərdi sahibkarlıqla məşğul olmaq üçün özünə VÖEN açdırmış və həmin VÖEN əsasında İddiaçı QSC ilə İcarə müqaviləsi bağlayaraq Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən “Duyğu” restoranını icarəyə götürərək, işlətmək üçün Cavabdeh2 vermişdir. Həmin restoran onun adına icarəyə götürülsə də, onu həmişə Ehtibar işlətmiş və icarə pullarını da Etibar ödəmişdir. Lakin, onun VÖEN-i 2018-ci ildə bağlanmışdır. İddiaçı QSC bundan xəbər tutduqdan sonra onları həmin obyektdən çıxarmağa çalışır. Lakin, həmin obyekti Etibar tikib-yaratdığı üçün Cəmiyyətin bu iddiası haqsızdır. Ona görə də, iddia tələbləri tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş “borcun tutulması və obyektdən çıxarılma” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, 1999-cu ildən fərdi sahibkar kimi fəaliyyət göstərmiş və 2007-ci ildə Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən mübahisəli obyektin yerləşdiyi təxminən 28 sot torpaq sahəsini heç bir sənəd olmadan almışdır. Həmin sahə əvvəl bataqlıq olmuş və o, həmin sahəni təmizlətdirmiş və abadlaşdırmışdır. Lakin, 4 ay sonra İddiaçı QSC-nin nümayəndələri həmin yerin və obyektin Cəmiyyətə məxsus olduğunu bildirərək, onu Cəmiyyətlə İcarə Müqaviləsi bağlamaqa məcbur etmişlər. Buna görə də, o, məcbur olaraq 2009-cu ildə Cəmiyyətlə icarə müqaviləsi bağlamış və həmin torpaq sahəsində yerləşən obyekti, yəni “Duyğu” restoranını işlətmişdir. Qızı Duyğunun adı ilə adlandırdığı həmin restoranı onun özü tikmiş və bununla bağlı bütün xərcləri özü çəkmişdir. Hətta, obyektə qaz, su, işıq və kanalizasiya xətlərini də özü çəkdirmişdir. Lakin, müvafiq sənədləri olmadığı üçün məcbur olub İddiaçı QSC ilə İcarə müqaviləsi bağlayıb, hər ay onlara icarə pulu da vermişdir. 2013-cü ildə isə VÖEN-i bağlandığı üçün yaxın qohumu Cavabdeh1 adına VÖEN açdırıb, həmin obyektlə əlaqədar Cəmiyyətlə Ruslan arasında icarə müqaviləsi bağlatdırmış və həmin icarə müqaviləsi əsasında obyekti özü işlətmişdir. Lakin, Ruslanın VÖEN-i 2018-ci ildə bağlandıqdan sonra o, İcarə müqaviləsini öz adına dəyişdirmək istəsə də, Cəmiyyət onunla müqavilə bağlamamışdır. Buna baxmayaraq, həmin obyekti həmişə özü işlətmiş və aylıq icarə pullarını da özü ödəmişdir. 2020-ci ilin avqust ayında isə Cəmiyyət qəti olaraq tələb etmişdir ki, ödənilməmiş qalan icarə pulu borcunu ödəyib, obyekti təhvil versin. Lakin, o, bunu tamamilə haqsız tələb sayır. Çünki, pandemiya ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixinədək 3750 manat məbləğində icarə pulu borcu yaranmış olsa da, iddiaçı tərəf hazırkı iddianı geri götürdüyü halda, o, həmin icarə pulunu ödəməyə hazırdır. Eləcə də, mübahisəli obyekti tikib yaradan onun özü olduğu üçün, Cəmiyyətin onu həmin obyektdən çıxarmaq istəməsi tamamilə haqsızlıqdır. Həmin obyektdə hal-hazırda 35 işçi var. 20 işçiylə rəsmi müqavilə bağlanıb, 15 işçi isə muzdla işləyir. İddia tələbləri tamamilə əsassızdır. İddiaçı iddia ərizəsini geri götürdüyü halda o, 3750 manat məbləğində yaranmış icarə borcunu ödəyər və yenə də, icarə pulu ödəməklə həmin obyekti işlədər. Ona görə də, iddia tələbləri tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur və həmin əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh2, 2014-cü ildən isə Cavabdeh1 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin Cavabdeh1 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə xx xxxxxx 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilədə icarəçi Cavabdeh1 (VÖEN **********) tərəfindən icarəyə verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hər ay 1500 manat məbləğində icarə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2018-ci ildə isə icarəçi Cavabdeh1 VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin, həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçi Cavabdeh1 yaxın qohumu Cavabdeh2 tərəfindən idarə olunmuşdur. 2020cil ilin avqust ayında İddiaçı QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulunu ödəyib, icarə obyektini təhvil vermələrini tələb etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək həmin icarə obyektini iddiaçıya təhvil verməmişlər. İcarəyəverən İddiaçı QSC icarə obyekti təhvil verilmədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixinədək 3750 manat məbləğində icarə borcu hesablamışdır. Məhkəmə araşdırması zamanı cavabdehlər xx xxxxxxxx 2020-ci il tarixinədək hesablanmış 3750 manat icarə borcunun miqdarını mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və eləcə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış 3750 manat məbləğində icarə borcunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin digər hissəsi, yəni cavabdehlərdən “Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminatın tutulması” tələbinin əsaslılığı isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə, yəni cavabdehlərdən “Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminatın tutulması” hissəsində isə əsaslılığı sübuta yetmədiyinə görə təmin olunmamalıdır. Eləcə də, iddia qismən təmin edildiyinə görə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlərə, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx xxxxxx 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar