Məhkəmə qərarları › İş №e-2-2(119)-60/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-60/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-60/2020 18.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı “M-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rzayev Anar Nurəddin oğlunun iştirakı ilə, iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “M-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ümumilikdə 14960 (on dörd min doqquz yüz altmış) manat və 200356,4 (iki yüz min üç yüz əlli altı ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində vəsaitin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı “M-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti (müqavilə üzrə “Agent”) fərdi sahibkar olan Cavabdeh (müqavilə üzrə “Sifarişçi”) ilə xx xxxx 2018-ci il tarixli MF111/18 saylı “Agent xidməti” müqaviləsi bağlamışdır. xx xxxx 2018-ci il tarixli MF111/18 saylı “Agent xidməti” müqaviləsinə əsasən Agent (iddiaçı) Sifarişçinin (cavabdehin) yüklərinin daşınmasının təşkilini öz öhdəsinə götürmüş, Sifarişçi isə öz növbəsində yükün daşınmasının təşkili zamanı Agentin yaranmış xərclərini, həmçinin tərəflər arasındakı həmin Müqavilənin 3-cü bəndinə əsasən maddi marağını hesab faktura və sifariş formasında göstərilən şərtlərlə vaxtında ödənilməsi öhdəliyini qəbul etmişdir. Həmin Müqavilə əsasında iddiaçı “M- Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Agentə) Cavabdeh (Sifarişçi) tərəfindən Vyetnama göndərilmək üçün hər biri 1720 qutudan ibarət dəyəri 11880 (on bir min səkkiz yüz səksən) ABŞ dolları, ümumilikdə isə 3440 qutudan ibarət cəmi dəyəri 23760 (iyirmi üç min yeddi yüz altmış) ABŞ dolları olan toyuq məhsulları daşıyan 2 (iki) ədəd konteyner sifariş edilmiş və Agent qismində çıxış edən iddiaçı tərəfindən cavabdehin sifarişi qəbul edilərək “MEDİTERRANEAN SHİPPİNG COMPANY”-dən MEDUPO003149 və MEDUPO003172 nömrəli yükləmə sənədləri əsasında CXRU1064284 və TTNU8493257 nömrəli konteynerlər icarəyə götürülmüşdür. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesab fakturalara əsasən hər bir konteynerin Bakıdan Vyetnama qədər daşınması xərci 7480 (yeddi min dörd yüz səksən) manat, 2 (iki) ədəd konteyner üçün isə cəmi 14960 (on dörd min doqquz yüz altmış) manat olaraq müəyyən edilmiş və hesab fakturalar ödənilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin, Cavabdeh tərəfindən Müqavilə üzrə nəzərdə tutulan yüklərin daşınması xərci olan 14960 manat məbləğində pul vəsaiti bu günədək ödənilməmişdir. Həmçinin, cavabdeh üçün icarəyə götürülmüş yuxarıda qeyd edilən konteynerlərin daşınması üçün iddiaçı tərəfindən “MEDİTERRANEAN SHİPPİNG COMPANY”-yə ümumilikdə 5338 (beş min üç yüz otuz səkkiz) ABŞ dolları ödənilmiş olsa da, icarə xərci olaraq həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır. İddiaçı tərəfindən yüklər xx xxxx 2018-ci ildə cavabdehin sifariş etdiyi ünvana çatdırılmış olsa da, cavabdeh həmin yükləri boşaltma məntəqələrindən 72 saat ərzində qəbul etməmişdir. Bundan sonra da cavabdeh həmin yükləri qəbul edərək konteynerləri boşaltmamış və xx xxxxxxx 2019-cu il tarixinədək cavabdeh tərəfindən yüklərin qəbul edilməsi 451 gün gecikdirilmişdir. Belə ki, yüklər xx xxxx 2018-ci ildə təyinat məntəqəsinə çatdırılmış və xx xxxxxxx 2019-cu il tarixinədək, yəni cavabdehə pretenziya qaydasında bildirişin göndərildiyi tarixədək qəbul edilməmişdir. Həmin yüklər bu günədək də cavabdeh tərəfindən qəbul edilməmiş və boşaltma məntəqələrində konteynerlərdə saxlanılmaqdadır. Buna görə də, müqavilə tələblərinə əsasən gecikdirilmiş günlər üçün də 45100 (qırx beş min yüz) ABŞ dolları məbləğində cəriməni və həmin konteynerlərin terminallarda saxlanma xərci olan 149918,4 (yüz qırx doqquz min doqquz yüz on səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində pul vəsaitini də cavabdeh iddiaçıya ödəməlidi. Məhkəmə iclasında iddiaçı “M-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5338 ABŞ dolları konteynerlərin icarə xərci, 45100 ABŞ dolları yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə cərimə və 149918,4 ABŞ dolları konteynerlərin terminallarda saxlanma xərci olmaqla – cəmi 200356,40 ABŞ dolları məbləğində pul vəsaitinin, 14960 manat məbləğində daşıma xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında xx xxxx 2018-ci il tarixli MF11/18 saylı “Agent xidməti” Müqaviləsi bağlanmış və həmin Müqavilənin şərtlərinə görə “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Agent”) fiziki şəxs Cavabdeh (“Sifarişçi”) yüklərin daşınması ilə əlaqədar agent xidmətləri göstərməlidir. Həmin Müqaviləyə əsasən Agent Sifarişçinin yüklərinin daşınmasının təşkilini öz öhdəsinə götürür (2.1.1-ci bəndı) və Agentin Sifarişçinin adından yüklərin daşınması ilə əlaqədar müqavilə bağlamaq hüququ vardır (2.1.2-ci bəndı). Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Sifarişçi Agentə hər daşınma üçün tərəflər arasında bağlanmış sifariş formasında göstərilən yükün daşınmasının sənədlərini verməli (2.2.1-ci bəndı), sənədlərin vaxtında verilməməsinə va ya düzgün verilməməsinə görə yaranmış əlavə xərcləri Agentin təqdim etdiyi hesab fakturalar əsasında ödəməli (2.2.2-ci bəndı) və nəqliyyat vasitələrinin yükləmə/boşaltma məntəqələrində 72 saat bitdikdən sonra hər gecikdirilmiş növbəti gün üçün 100 (yüz) ABŞ dollar (AZN ekvivalentində) məbləğində cərimə ödəməlidir (2.2.3-cü bəndı). Həmin Müqavilənin 3-cü bəndinə əsasən, yüklərin daşınmasının təşkil olunmasının ümumi və komisyon məbləği hər bir sifariş üçün tərəflər arasında razılaşdırılır və təqdim edilmiş hesab fakturalarda qeyd edilir. Sifarişçi yükün daşınmasının təşkili zamanı daşınma ilə əlaqədar yaranmış xərcləri öz hesabına təqdim olunmuş sənədlər əsasında ödəyir. Bura aşağıdakı xərclər daxildir: yüklərin müxtəlif nəqliyyat növləri ilə daşınması zamanı yaranmış daşınma xərclərini (gəmi, avia, avtomaşın və s.); yükləmə, yük boşaltma xərcləri; terminal xərcləri; siğorta xərcləri; anbar xərcləri; sənədlərin vaxtında verilməmə səbəbindən yaranan cərimələr və s. Daşınan malın daşınma xərci hesablanaraq Sifarişçiyə təqdim olunur. Sifarişçi tərəfindən öncədən və ya sənədlər təqdim etdiyi zaman, nağd və ya köçürmə yolu ilə ödənilir. İş materiallarında olan 005010 saylı və 005011 saylı baytarlıq sertifikatlarından və qaimələrdən görünür ki, Cavabdeh adından ümumilikdə 23760 (iyirmi üç min yeddi yüz altmış) ABŞ dolları dəyərində cəmi 3440 qutu məhsul (toyuq məhsulları) (hər biri 27000 kq olmaqla 2 ədəd konteyner) Vyetnam Respublikasına ixrac olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 0208/2 saylı hesab-fakturadan görünür ki, Cavabdeh tərəfindən M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Bakı- Azərbaycandan” “Poti-Gürcüstana” kimi yüklərin daşınması haqqı kimi 4916,40 manat, gəmi fraxtı üçün 6497,40 manat, terminal xərcləri kimi 2696,20 manat və komissiya haqqı kimi 850 manat olmaqla, cəmi ödənilməli məbləğ 14960 manat təşkil edir. İş materiallarında olan borc məbləğinə dair Arayışdan görünür ki, Cavabdeh “M- FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5338 (beş min üç yüz otuz səkkiz) ABŞ dolları konteynerlərin icarə xərci, 45100 (qırx beş min yüz) ABŞ dolları yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə cərimə və 149918,4 (yüz qırx doqquz min doqquz yüz on səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları konteynerlərin terminallarda saxlanma xərci olmaqla, cəmi 200356,40 (iki yüz min üç yüz əlli altı ABŞ dolları 40 sent) ABŞ dollarıvə 14960 (on dörd min doqquz yüz altmış) manat məbləğində daşıma xərcinə görə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasən, ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 789.2-ci maddəsinə əsasən, həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Həmin Məcəllənin 791.1-ci maddəsinə əsasən, ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Həmin Məcəllənin 792.1-ci maddəsinə əsasən, ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli MF111/18 saylı “Agent xidməti” müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və buna görə də, onun iddiaçı “M-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə konteynerlərin icarə xərci kimi 5338 ABŞ dolları məbləğində, yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə 45100 ABŞ dolları məbləğində cərimə, konteynerlərin terminallarda saxlanma xərci kimi 149918,4 ABŞ dolları məbləğində və daşıma xərci kimi 14960 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən,borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh konteynerlərin icarə xərci olaraq 5338 ABŞ dolları, yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə hesablanmış cərimə olaraq 45100 ABŞ dolları və konteynerlərin terminallarda saxlanma xərci olaraq 149918,4 ABŞ dolları pulun və eləcə də, daşıma xərci olaraq 14960 manat pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 5338 ABŞ dolları konteynerlərin icarə xərci, 45100 ABŞ dolları yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə cərimə və 149918,4 ABŞ dolları konteynerlərin terminallarda saxlanma xərci olmaqla – cəmi 200356,40 ABŞ dolları məbləğində pul vəsaiti və 14960 (on dörd min doqquz yüz altmış) manat daşıma xərci tutulmalıdır. Eləcə də, iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh iddiaçı “M-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5338 (beş min üç yüz otuz səkkiz) ABŞ dolları konteynerlərin icarə xərci, 45100 (qırx beş min yüz) ABŞ dolları yükün təyinat yerində qəbulunun gecikdirilməsinə görə cərimə və 149918,4 (yüz qırx doqquz min doqquz yüz on səkkiz ABŞ dolları 40 sent) ABŞ dolları konteynerlərin terminallarda saxlanma xərci olmaqla – cəmi 200356,40 (iki yüz min üç yüz əlli altı ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 14960 (on dörd min doqquz yüz altmış) manat daşıma xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar