Məhkəmə qərarları › İş №e-2-2(119)-600/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-600/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-600/2024 02.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3045,76 (üç min qırx beş manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 0,95 (doxsan beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3116,32 (üç min yüz on altı manat otuz iki qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 13 avqust 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. O,31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 23 faizlə 30 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 31 may 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il dekabrın 11-dək Cavabdeh2 banka 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3045,76 (üç min qırx beş manat yetmiş altı qəpik) manat əsas borcu, 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu, 1,9 (bir manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3117,27 (üç min yüz on yeddi manat iyirmi yeddi qəpik) manat borcu vardır. Cavabdeh2 31 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1,9 (bir manat doxsan qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 0,95 (doxsan beş qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə aralarında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün Mediasiya təşkilatına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 13 avqust 2021-ci il tarixli 4-MCR-1-1486-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə faiz dərəcəsi 30 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh2 biznes məqsədilə 30 ay müddətinə aylıq dərəcəsi 1,92 %, faktiki illik faiz dərəcəsi 23,44% olmaqla 6000 (altı min) manat məbləğində kredit verilmişdir. - 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 30 noyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. - 31 may 2022-ci il tarixli Z/08818/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 13 avqust 2021-ci il tarixli 4-MCR-1-1486-21 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 21 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşma üzrə 21 noyabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3225,08 (üç min iki yüz iyirmi beş manat səkkiz qəpik) manat məbləğində əsas, 93,89 (doxsan üç manat səksən doqquz qəpik) manat məbləğində faiz və 2,39 (iki manat otuz doqquz qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 3321,36 (üç min üç yüz iyirmi bir manat otuz altı qəpik) manat məbləğində borcu vardır. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşma üzrə 11 dekabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3045,76 (üç min qırx beş manat yetmiş altı qəpik) manat məbləğində əsas, 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat məbləğində faiz və 1,9 (bir manat doxsan qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 3117,27 (üç min yüz on yeddi manay iyirmi yeddi qəpik) manat məbləğində borcu vardır. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşma üzrə 29 aprel 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2190,76 (iki min yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində əsas, 304,09 (üç yüz dörd manat doqquz qəpik) manat məbləğində faiz və 50,37 (əlli manat otuz yeddi qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 2545,22 (iki min beş yüz qırx beş manat iyirmi iki qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 29 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 29 aprel 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə 29 aprel 2024-cü il tarixə 2190,76 (iki min yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində əsas borcun olması qeyd olunur. Buna görə də, iddiaçının xeyrinə 2190,76 (iki min yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddiaçı iddia qaldırarkən 31 may 2022-ci il tarixli 4-MCR-1-1486-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə 11 dekabr 2023-cü il tarixinə 69,61 (altmış doqquz altmış bir qəpik) manat məbləğində faiz borcu hesablandığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin kreditin verilməsinə dair razılaşma üzrə 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “iddiaçının xeyrinə 0,95 (doxsan beş qəpik) manat manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 31 may 2022-ci il tarixli Z/08818/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş Sumqayıt 1 saylı Mediasiya təşkilatının 26 yanvar 2024-cü il tarixli MŞS/MT030/2024-00138 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2190,76 (iki min yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 0,95 (doxsan beş qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2331,32 (iki min üç yüz otuz bir manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 42,61 (qırx iki manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2190,76 (iki min yüz doxsan manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 69,61 (altmış doqquz manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 0,95 (doxsan beş qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2331,32 (iki min üç yüz otuz bir manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 42,61 (qırx iki manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar