Məhkəmə qərarları › İş №e-2-2(119)-608/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-608/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-608/2024 31.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehlər arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 087 nömrəli kredit müqaviləsi üzrə 2656 (iki min altı yüz əlli altı) manat məbləğində borc, 2340 (iki min üç yüz qırx) manat məbləğində faiz borcu olmaqla, cəmi 4996 (dörd min doqquz yüz doxsan altı) manat məbləğində pul vəsaitinin və 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 26 dekabr 2013-cü il tarixli 126 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən cavabdehlər müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2-2(119)-608/2024 nömrəli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 izahatlarında 26 dekabr 2013-cü il tarixli 126 nömrəli birgə borclularla kredit müqaviləsindən xəbərdar olmadıqlarını, həmin müqavilənin onlar tərəfindən imzalanmadığını, iddiaçıdan hər hansı məbləğdə kredit götürmədiklərini bildirdilər və iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 087 nömrəli birgə borclularla kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin şərtləri əsasında kredit verən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) birgə borclulara (cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2) onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, illik 27 faiz olmaqla 24 ay müddətinə heyvandarlıq fəaliyyəti məqsədilə Cavabdeh3 1000 manat məbləğində, Cavabdeh1 1000 manat məbləğində, Cavabdeh4 1000 manat məbləğində və Cavabdeh2 1000 manat məbləğində olmaqla, ümumilikdə 4000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdehlərin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2015-cı ilin dekabr ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya həmin kredit müqaviləsi üzrə 30 yanvar 2024-cü il tarixinə 2656 manat məbləğində əsas borcu və 2340 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan 26 dekabr 2013-cü il tarixli və hər bir cavabdehin adına ayrıca tərtib edilən məxaric orderlərinin hər birində 1000 manat məbləğində pulun verildiyi qeyd edilmiş və “Vəsaiti aldım”, “Rəhbər”, “Baş mühasib”, “Əməliyyatçı” və “Xəzinədar” qrafalarının hər biri imzalanmışdır. Mübahisənin obyektiv həlli məqsədilə iş materiallarında olan iddiaçı və cavabdehlər arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli 087 nömrəli birgə borclularla kredit müqaviləsinin “Tərəflərin ünvanı, rekvizitləri, imzası” adlanan bölməsindəki imza qrafasında cavabdehlərin hər biri tərəfindən çəkilən imzaların, o cümlədən iş materiallarında olan hər biri 26 dekabr 2013-cü il tarixli və hər bir cavabdehin adına ayrıca tərtib edilən məxaric orderlərindəki “Vəsaiti aldım” qrafasındakı imzaların cavabdehlər tərəfindən çəkilib-çəkilməməsi, həmin imzaların cavabdehlərin imzası ilə eynilik təşkil etməsinin öyrənilməsi məqsədilə məhkəmənin 23 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 27 iyun 2024-cü il tarixli 4/865 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarına əlavə edilmiş 26 dekabr 2013-cü il tarixli 087 nömrəli birgə borclularla kredit müqaviləsinin “Tərəflərin ünvanı, rekvizitləri, imzası” adlanan bölməsindəki imza qrafasında cavabdehlərin hər biri tərəfindən çəkilən imzaların, o cümlədən iş materiallarında olan hər biri 26 dekabr 2013-cü il tarixli və hər bir cavabdehin adına ayrıca tərtib edilən məxaric orderlərindəki “Vəsaiti aldım” qrafasındakı imzaların cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən çəkildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 26 dekabr 2013-cü il tarixli 087 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borclarının cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, həmin iddianın faktiki əsasını təşkil edən sözügedən müqavilədə - 26 dekabr 2013-cü il tarixli 087 nömrəli kredit müqaviləsində cavabdehlərin adından çəkilmiş imzaların, o cümlədən iş materiallarında olan hər biri 26 dekabr 2013-cü il tarixli və hər bir cavabdehin adına ayrıca tərtib edilən məxaric orderlərindəki “Vəsaiti aldım” qrafasındakı imzaların cavabdehlər tərəfindən çəkilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Bundan əlavə, iddia təmin edilmədiyindən iddia tələbinin 110 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsi də təmin edilməməli, həmin xərc iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli 4/865 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 140 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatınından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar