Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-619/2022 07.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Bayramova Səadət Nadir qızının iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 29 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ADY” tərəfindən 31 dekabr 2017-ci il tarixdən 01 sentyabr 2018-ci il tarixə kimi Cavabdeh ASC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 76062,10 (yetmiş altı min altmış iki manat 10 qəpik) manat borc və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 76462,10 (yetmiş altı min dörd yüz altmış iki manat 10 qəpik) manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə "iddia ərizəsinin baxılmamış saxlanılması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin ərizə - iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məkəməyə müraciət olunarkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaması və iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl həmin Qanunun tələblərinə uyğun mediasiya prosesinin həyata keçirilməsini təmin etməməsi ilə əsaslandırılmışdır. İş üzrə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin baxılması üçün məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 "iddia ərizəsinin baxılmamış saxlanılması" barədə verilmiş ərizəni müdafiə edib, həmin ərizənin təmin olunmasını və tərəflər arasında kommersiya mübahisəsi olan hazırkı tələblə məhkəməyə müraciət edilməmişdən əvvəl iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Lakin, bu mübahisənin həll edilməsi üçün mediatorun seçilməsi tərəflərin qarşılıqlı razılaşması olmadan həyata keçirilmişdir. Halbuki, cavabdeh tərəf bu mübahisə üzrə qarşılıqlı razılıqla seçilən mediator vasitəsi ilə mediasiya prosesinin təşkil edilməsini istəmişdir. Həmçinin, həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun və ya digər tərəfin bu Qanunun 22-ci maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir və tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Lakin, hazırki işdə qeyd olunan qanunvericiliyin həmin tələbinə də riayət edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, mediator qismində X2 tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 07 aprel 2022-ci il tarixli “Mediasiyaya dəvət” məktubunda ilkin mediasiya sessiyasının 14 aprel 2022-ci il saat 0930-da keçiriləcəyi qeyd edilmişdir. Lakin, həmin məktuba aid poçt zərfi ilə müəyyən olunur ki, “Mediasiyaya dəvət” məktubu “Azərpoçt"a 08 aprel 2022-ci il tarixdə verilmiş və həmin məktubun cavabdehə 09 aprel 2022-ci il tarixdə çatıdırılması qeyd edilmişdir. Lakin, 09 aprel 2022-ci il tarixi qeyri-iş gününə, yəni şənbə gününə təsadüf etdiyindən, həmin məktubu Cavabdeh ASC 11 aprel 2022-ci il tarixdə almışdır. İddia ərizəsinə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda isə qeyd olunmuşdur ki, Cavabdeh ASC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. Halbuki, yuxarıda qeyd olunanlardan görünür ki, ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə cavabdehə 3 gün əvvəl, yəni 11 aprel 2022-ci ildə məlumat verilmişdir. Eləcə də, “Mediasiyaya dəvət” məktubunda ilkin mediasiya sessiyasının 14 aprel 2022-ci il saat 0930-da keçiriləcəyi qeyd edilsə də, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış “15 aprel 2022-ci il saat 1030-1100 saatlarında” keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verilmişdir. Yəni, 15 aprel 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə verilmişdir. Buna görə hesab edilməlidir ki, həmin “Arayış” iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçı tərəfindən ünvanlanmış 16 noyabr 2020-ci il tarixli pretenziya məktubunda və 15 aprel 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda borc məbləği “444509,26 manat” miqdarında göstərilsə də, iddia ərizəsində tələb olunan borcun miqdarı “76062,10 manat” məbləğində göstərilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə göndərilmiş 16 noyabr 2020-ci il tarixli “Pretenziya” məktubunda və 15 aprel 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda Cavabdeh ASC-dən ödənilməsi tələb olunan borcun məbləği “444509,26 manat” miqdarında göstərilsə də, iddia ərizəsində cavabdehdən tələb olunan borcun miqdarı “76062,10 manat” məbləğində göstərilmişdir. Yəni, iddia ərizəsində cavabdehin “76062,10 manat” məbləğində borcunun olması və ondan həmin məbləğdə borcun tutulması xahiş edilməsinə baxmayaraq, hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması zamanı cavabdehdən “444509,26 manat” məbləğində borcu ödəməsi tələb olunmuşdur. Bu halda, yəni qeyd olunan borc məbləğləri arasında kəskin fərqin olması isə hazırkı mübahisə üzrə qanunvericiliyin tələblərinə uyğun pretenziya qaydalarına əməl edilməsi kimi qəbul oluna bilməz. Çünki, qeyd olunan hallar bu mübahisə üzrə məhkəməyə qədər nizama salınması qaydasına lazımi qaydada riayət edilmədiyini göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 4.3cü maddəsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Eləcə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Çünki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mediator X1 tərəfindən tərtib edilərək, cavabdehə ünvanlanmış 14 aprel 2022-ci il tarixli “Mediasiyaya dəvət” məktubunda ilkin mediasiya sessiyasının 14 aprel 2022-ci il saat 0930-da keçiriləcəyi qeyd edilsə də, mediator X1 tərəfindən tərtib edilərək imzalanmış 15 aprel 2022-ci il tarixli MŞB/6-1303 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “15 aprel 2022-ci il saat 1030-1100 saatlarında” keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi göstərilmişdir. Yəni, “Mediasiyaya dəvət” məktubunda ilkin mediasiya sessiyasının 14 aprel 2022-ci il saat 0930-da keçiriləcəyi bildirilsə də, bununla bağlı verilmiş məlum Arayışda həmin mediasiyanın “15 aprel 2022-ci il saat 1030-1100 saatlarında” keçirilməsi nəzərdə tutulduğu qeyd olunmuşdur. Halbuki, qeyd olunan bu hallar məhkəməyə müraciət edilənədək ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmədiyni təsdiq edir. Ona görə də, mediator X1 tərəfindən tərtib edilərək imzalanmış 15 aprel 2022-ci il tarixli MŞB/6-1303 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinə əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.3-cü bəndinə əsasən, mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi və kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında da ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-619/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-619/2022
07.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver