Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-62/2023 16.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "icarə müqavilələrinin ləğv edilməsi və borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "icarə müqavilələrinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2020-ci il tariхli 78 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 36 saylı icarə müqavilələrinin ləğv edilməsi, habelə həmin müqavilələr əsasında yaranmış 18822,4 manat məbləğində icarə haqqı borcu və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat xidmət haqqı olmaqla, cəmi 19022,4 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 21 yanvar 2020-ci il tariхli 78 saylı icarə müqaviləsinə əsasən "xxxx" ASC-yə məхsus qeyri-yaşayış binasından boş otaqlar icarəçi "xxxx" MMC-yə icarəyə verilmiş və həmin müqavilə iddiaçının adından icarəyə verən "xxxx" ASC-nin X1 tərəfindən imzalanmışdır. Daha sonra, X1 ləğv olunduğundan, 01 mart 2022-ci il tariхdə cavabdehlə eyni şərtlərlə 36 saylı İcarə müqaviləsi bağlanmışdır. Müvafiq qaydada imzalanmış 25 fevral 2022-ci il tariхli Üzləşmə Aktına əsasən 01 mart 2022-ci il tariхə icarə haqqı üzrə "xxxx" MMC-nin 18822,40 manat məbləğində qalıq borcu qalmışdır. X2 imzalanmasına baхmayaraq "xxxx" MMC götürdüyü öhdəliyi icra etməmiş, qeyd olunan icarə haqqı qalığını "xxxx" ASC-yə ödəməmişdir. Bununla əlaqədar cavabdehə həm poçt vasitəsilə, həm də elektron qaydada pretenziya təqdim olunmuşdur. Lakin, cavabdeh pretenziyaya cavab verməmişdir. Daha sonra, cavabdehə mediasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmiş və 20 sentyabr 2022-ci ildə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış və cavabdeh tərəf icarə haqqı borcunu ödəməmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2020-ci il tariхli 78 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 36 saylı icarə müqavilələrinin ləğv edilməsi, habelə həmin müqavilələr əsasında yaranmış 18822,4 manat məbləğində icarə haqqı borcu və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat xidmət haqqı olmaqla, cəmi 19022,40 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 ilə İcarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli 78 nömrəli İcarə Müqaviləsinə əsasən «İcarəyə verən» qeyri-yaşayış binasında boş otaqları (sahələri) «İcarəçi» yə istifadəyə verir (1.1-ci bənd). Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən, bu İcarə müqaviləsi 21 yanvar 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixə qədər bağlanır və İmzalandığı andan qüvvəyə minir. Müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilənin müddəti qeyrimüəyyən müddətə uzadılmış hesab edilir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək; icarəçi icarə haqqını hər ayın biri tarixindən gec olmamaq şərti ilə İcarəyə verənə nəğd və ya köçürmə yolu ilə ödəmək – icarəçinin vəzifələridir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən, icarə haqqı hər ay ödənilməsə bağlanmış müqavilə icarədar tərəfindən birtərəfli qaydada pozula bilər. Həmin Müqavilənin 8-ci bəndinə əsasən, İcarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 tərəfindən İcarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş icarə obyekti olan 7-ci mərtəbə üçün aylıq ƏDV daxil 849,6 (səkkiz yüz qırx doqquz manat 60 qəpik) olmaqla, 12 aylıq müddətə ümumilikdə cəmi ƏDV daxil 10195,20 (on min yüz doxsan beş manat 20 qəpik) manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli Üzləşmə Aktından görünür ki, 01 mart 2022-ci il tarixə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyəverən "xxxx" Açıq Səhmdar Cəmiyyətiə cəmi 18822,4 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır (həmin Akt icarəçi "xxxx" MMC tərəfindən də imzalanmışdır). İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq təsdiq edilmiş 21 fevral 2022-ci il tarixli 02 nömrəli " «İnzibati Təsərrüfat» Filialının Səhmdar Cəmiyyətin Mərkəzi İcra aparatına birləşdirilməsi (qoşulması) haqqında" Əmrdən görünür ki, 01 mart 2022-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 bütün aktiv və passivləri ilə birlikdə, müvafiq qaydada sənədləşdirilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Mərkəzi İcra Aparatının balansına birləşdirilmişdir (qoşulmuşdur). İş materialları ilə müəyyən olunur ki, İcarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İcarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 mart 2022-ci il tarixli 36 nömrəli İcarə Müqaviləsi 01 mart 2022-cı il tarixdən 01 mart 2023cü il tarixə qədər bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqavilə İcarəyə verən tərəfindən İcarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilənin müddəti qeyri müəyyən müddətə uzadılmış hesab edilir (1.6-cı bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" ASC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış İcarə Müqaviləsi üzrə sonuncunun ümumilikdə cəmi 18822,40 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində ödənilməmiş icarə haqqı borcu vardır. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1) və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İcarə müqaviləsi üzrə ödənilməmiş cəmi 18822,40 manat məbləğində icarə haqqı borcunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi və “iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 21 yanvar 2020-ci il tariхli 78 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 36 saylı icarə müqavilələrinin ləğv edilməsi” barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin, iddia tələbi “mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat xidmət haqqının tutlması” hissəsində isə qismən təmin olunmalı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində xidmət haqqının hamısı deyil, 100 manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfin nümayəndəsi də mediasiya sessiyasında iştirak etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18822,4 manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 18922,4 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli 78 nömrəli və 01 mart 2022-ci il tarixli 36 nömrəli İcarə Müqavilələri ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 146,47 (yüz qırx altı manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358,360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18822,40 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 18922,40 (on səkkiz min doqquz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli 78 nömrəli və 01 mart 2022-ci il tarixli 36 nömrəli İcarə Müqavilələri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 146,47 (yüz qırx altı manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-62/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-62/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver