Məhkəmə qərarları › İş №e-2-2(119)-63/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-63/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-63/2023 27.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) manat məbləğində borcun, 4314,96 (dörd min üç yüz on dörd manat 96 qəpik) manat dəbbə pulunun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və dövlət rüsumu olaraq ödənilmiş 177,99 (yüz yetmiş yeddi manat 99 qəpik) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 19/19 nömrəli müqaviləyə və həmin müqaviləyə xx.xx.2019-cu il tarxili 1 nömrəli Əlavə razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdehnə 33141 manat dəyərində santexnika avadanlığı və digər mallar tədarük edilərək təhvil verilmişdir. Cavabdeh tərəfindən qeyd edilənlərin təhvil alınması xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 4-cü bəndinə əsasən cavabdeh malları təhvil verildikdən sonra 5 iş günü ərzində onların məbləğini iddiaçının bank hesabına köçürməli olsa da, bunu etməmişdir. Aparılmış danışıqların nəticəsi olaraq xx.xx.2020-ci il tarixdə 8285,25 (səkkiz min iki yüz səksən beş manat 25 qəpik) manat məbləğində vəsait bu müqavilə üzrə öhdəliklərinin icrası üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. Bundan sonra cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) borcu qalmışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh yaranmış borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixində öhdəliklərinin icra edilməsi tələbi ilə cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. “Mediasiya haqqında” Qanunun tələbi nəzərə alınaraq Mediasiya Şurasına müraciət edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli “MŞİH-003491” nömrəli arayış verilmiş və iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa son 2 il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinin orta hesabla 7% olmasını nəzərə alaraq gecikdirilmiş məbləğ üzrə cavabdeh 4314,96 (dörd min üç yüz on dörd manat 96 qəpik) dəbbə pulu ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı və Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və nümayəndəsi X1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Əlavə razılaşma protokolunda göstərilən malları bu müqavilənin şərtlərinə əsasən satır, alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları müvafiq sənədlərlə, elektron qaimə faktura və hesab - faktura ilə birgə alıcıya təhvil verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən təhvil - təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. Çatdırılma mal sifariş verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər Əlavə razılaşma protokolu alıcıya təqdim edildikdən sonra 70% (yetmiş faiz) avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19/19 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarxili 1 nömrəli Əlavə razılaşmadan görünür ki, qiyməti razılaşdırılmış malların ümumi dəyəri ƏDV daxil 39106,38 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 39106,38 manat məbləğində malların verilməsi ilə bağlı 11 iyun 2020-ci il tarixli EBAL seriyalı 022733 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İş materiallarında olan 11 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı İddiaçı tərəfindən EBAL seriyalı 022733 nömrəli elektron qaiməyə əsasən 39106,38 manat məbləğində mallar Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 14 aprel 2020-ci il tarixdə santexnika avadanlıqlarına görə iddiaçıya 8285,25 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 17 aprel 2020-ci il tarixdə 1491,34 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 27 fevral 2023-cü il tarixli 57/23 nömrəli maliyyə arayışından görünür ki, 05 dekabr 2019-cu il tarixli 19/19 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçınə ƏDV daxil 9776,60 manat ödənilmiş, qalıq borc isə 29329,74 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 19/19 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları ona təqdim etmişdir. Cavabdeh isə təqdim edilmiş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 19/19 nömrəli müqavilə üzrə 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdehdən 29329,74 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə əlaqədar 4314,96 manat məbləğində dəbbə pulu ödənilməsi tələbini də irəli sürmüş, lakin “dəbbə pulu” adlandırdığı həmin məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinə bank uçot dərəcəsi ilə faiz kimi hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 177,99 (yüz yetmiş yeddi manat 99 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 29329,74 (iyirmi doqquz min üç yüz iyirmi doqquz manat 74 qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci, 177,99 (yüz yetmiş yeddi manat 99 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 29707,73 (iyirmi doqquz min yeddi yüz yeddi manat 73 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar