Məhkəmə qərarları › İş №e-2-2(119)-63/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-63/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-63/2024 15.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 23 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehə qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 28000 (iyirmi səkkiz min) manat borcun və ödədiyi 200 (iki yüz) manat manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə verdiyi etibarnamə əsasında sonuncu onun adından müəyyən kommersiya əməliyyatlarını həyata keçirmiş, bir müddət sonra o, gəlirin kəskin azaldığını hiss edib araşdırma aparmış və cavabdehin onun 150000 manat məbləğində pulunu mənimsədiyini aşkar etmiş, məsələ ilə bağlı müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində aparılan araşdırma zamanı cavabdeh 28000 manat borcunun olmasını etiraf etsə də, hazırkı vaxtadək həmin pul məbləğini ona qaytarmamış, cavabdehlə mübahisənin mediasiya sessiyası vasitəsilə həllinə cəhd edilmiş, lakin cavabdeh sessiyada iştirak etmədiyindən hər hansı nəticə əldə olunmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə qohumluq münasibətləri var, sonuncu daha əvvəl başqa bir şirkətdə mühasib işləmiş və qazancı az olmuşdur. Aralarındakı ticarət münasibətləri 2013-cü ildə yaranmışdır. Belə ki, o, özündə olan malları cavabdehə təklif etmiş, sonuncu həmin malları öz işlədiyi şirkətə satmağa başlamış, bu işdə təkmilləşdikdən sonra həmin şirkətdən işdən çıxaraq onun mallarının satışına başlamışdır. Cavabdeh gördükləri işə görə özündən hər hansı məbləğdə vəsait cəlb etməmişdir. Cavabdehlə aralarında yazılı müqavilə bağlanmamış, malı başqa şəxslərdən onun özü almış, cavabdehə isə işləri onun adından görməsi üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında cavabdeh bank hesabları üzrə əməliyyatları icra etmiş, firmalar və müştərilərlə danışıqlar aparmış, həmçinin malı müştəriyə təqdim etmək, bunun hesabatını aparmaq, vergi ödənişlərini ödəmək və müştəridən pulları almaq kimi işləri görmüşdür. Bununla əlaqədar ona məxsus “ASAN imza” elektron imzası və möhürü də cavabdehin istifadəsində olmuşdur. Onun özü isə, əsasən istehsalçı və tədarükçülərlə müqavilə bağlamış, satılacaq malın tədarükü ilə məşğul olmuşdur. Satılan malların dəyəri müştərilərdən əsasən nağd qaydada alınmışdır. Bundan başqa, o, işləri asanlaşdırmaq üçün dəyəri 100 min ABŞ dolları olan malları cavabdehin qarajına yerləşdirmiş, cavabdeh həmin qarajdan malların satışına başlamış, ona etibar etdiyi üçün malların satışına nəzarət etməmiş, yalnız cavabdeh elektron poçt vasitəsilə gördüyü işlər barədə ona hesabatlar göndərmişdir. Gördüyü işə görə cavabdeh ilk 2 il ərzində qazancdan bonus götürmüş, sonradan əldə olunan gəliri yarıbayarı bölməyə razılaşmışlar. 2018-ci ildən etibarən hesabatlardakı rəqəmlərin üst-üstə düşmədiyinin fərqinə vardığından özlüyündə yoxlama aparmağa başlamış, daha sonra cavabdehdə gizli flaşkart aşkar etmiş və həmin yaddaş kartında əsl və yalançı hesabat faylları görmüşdür. Cavabdeh saxta hesabat sənədləri hazırlayıb göndərməklə şirkətlərin borclarını artıq göstərmiş, bununla əlaqədar onu həmin şirkətlərlə əlaqələndirməyi təklif etsə də, cavabdeh dəfələrlə onu yubatmışdır. Cavabdeh digər şəxslərdən faizlə borc alaraq guya onun şirkətinə mal almaq üçün istifadə edəcəyini bildirmişdir. Bundan başqa, 2019-cu ildə cavabdehin borc aldığı şəxslər öz pullarını tələb etmiş, həmin şəxslər borcu ondan tələb etmiş, cavabdehin həmin mal aldığı şirkətlərin biri onun məhkəməyə verərək 22000 manat məbləğində malının pulunu tələb etmişdir. O, bununla əlaqədar avtomobilini sataraq həmin borcu ödəmişdir. Həmin mallar mal yerləşdirdikləri qarajda olmalı olsa da, orada olmamışdır. Cavabdehlə 2019-cu ildə baş tutan danışıqları zamanı sonuncu ona borcunu ödəyəcəyini bildirmiş, lakin sonradan Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra bir müddət həbsdə olmuş, hazırkı vaxtadək borcunu ödəməmişdir. O, cavabdeh barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə cavabdehin borclarının onun müdiri kimi tanınması səbəbindən gec-tez ondan tələb olunacağını bildiyi üçün, bir tərəfdən özünümüdafiə məqsədi ilə, digər tərəfdən isə cavabdehin həmin borclarına görə ona məxsus malların bir hissəsinin cavabdehin borclu olduğu şəxslər tərəfindən əldə edildiyi üçün şikayət ərizəsi vermişdir. Məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmasının əks olunduğu danışıqlar telefonundan silinmiş, hesabat adlandırdığı sənəddəki rəqəmlər isə ödənilən borcların faizləridir. Cavabdehin ona borcu daha böyük məbləğdə olsa da, aralarında hər hansı rəsmi sənəd və hesabatlar olmadığından polis bölməsində verdiyi izahatda etiraf etdiyi 28000 manat məbləğin və mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, təxminən 2012-2013-cü illərdən iddiaçı ilə birgə fəaliyyətləri başlamış, həmin vaxtadək o, başqa şirkətdə satış üzrə nəzarətçi işləmiş, iddiaçı özü də başqa şirkətin mallarını satmışdır. O, iddiaçıda olan həmin malları öz işlədiyi şirkətə təklif etmiş, bununla da iddiaçının mallarını özünə məxsus (cavabdehə) olan VÖEN üzərindən satışına başlamışlar. Bank sahəsindən məlumatlı olduğu üçün iddiaçı bank əməliyyatlarını icra etməyi üçün ona etibarnamə vermişdir. İddiaçı ilkin olaraq 10000 ABŞ dolları dəyərində məhsul ilə satışa başlamış, sonradan o da öz vəsaiti ilə mal almağa başlamış, əldə olunan gəlir yarıbayarı bölüşdürülməli olsa da, iddiaçı daha çox pay götürmüş, o isə ehtiyacı olduğu qədər götürmüşdür. Pulun qalan hissəsini isə işlərinin böyüməsinə xərcləmişlər. İddiaçı ilə aralarında rəsmi sənədləşmə olmamış, şifahi qaydada danışıq yolu ilə işləmiş və yazılı hesabatlılıq aparılmamışdır. O özü də iddiaçı ilə ticarət fəaliyyətinin son 3 ilinin hesabatını kompüterdə tərtib etmişdir. Onun iddiaçıya hər hansı borcu yoxdur, hesabatlara baxdıqda isə əksinə, iddiaçının ona borcu olduğu aydın olur. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində verdiyi izahatda iddiaçıya 28000 manat məbləğində borcunun olması barədə göstərdikləri ilə bağlı bildirir ki, həmin dövrdə borcları çox olduğundan hamı onun üstünə gəlmiş, iddiaçı ona özünümüdafiə kimi polisə şikayət verdiyini, borcu üzərinə götürərsə, borc verənlərin ondan (iddiaçıdan) əl çəkəcəklərini bildirmiş, bu səbəbdən o, 28000 manat borcu olması barədə izahat vermişdir. İddiaçıya borcunun olmamasını polisdəki araşdırmadan sonra müəyyənləşdirmişdir. Bundan başqa, iddiaçının özü VÖEN-i 2017-ci ildə əldə etmiş, sonuncu tərəfindən ona verilən etibarnamə ilə o, bank əməliyyatlarının aparılması və vergi bəyannamələrinin tərtib edilməsini həyata keçirmiş, mallar onun qarajında yox, Xırdalan şəhərində anbarda saxlanılmış və buna görə aylıq 2700 manat icarə haqqı ödənilmişdir. Özünü hər şey barədə iddiaçıya məlumat verməyə borclu hiss etmədiyindən həmin anbar barədə iddiaçıya məlumat verməmişdir. Məhkəməyə təqdim etdiyi, özünün 2021-ci ildə tərtib etdiyi sənədlərdəki rəqəmlərə əsasən son 3 il ərzində 173206 manat qazancları olmuş, lakin malın 90000 manatlıq hissəsini iddiaçı özü aparmışdır. İddiaçı ilə aralarında olan məsələlər barədə rəsmi hesabat aparmadığından və iddiaçıya qarşı hər hansı iddiası olmadığından bu sənədləri iddiaçıya təqdim etməmişdir. İddiaçı ilə aparılan “Whatsapp” yazışmasında 70 və dollar işarəsini qeyd etməsi barədə nəsə xatırlamır, həmin dövrdə yazışmaları olmuş, yazışmalarda ona borcunun olmadığını bildirmiş, 70 və dollar işarəsini qeyd etməklə, həmin pulları əskik kimi yox, müştəridə olan pullar kimi qeyd etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 2 aprel 2019-cu il tarixli qərarla hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibli əməl olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında həmin qərarın məzmunundan görünür ki, cavabdeh izahatında son bir ildə götürmüş olduğu borclarla bağlı Çingizə borcu yarandığını, 2019-cu lin yanvar ayında Çingizə bu barədə məlumat verdiyini, borclarından bir neçəsini qaytarmaq üçün Çingizdən xəbərsiz ödəniş etdiyindən aralarında müəyyən qədər pul fərqinin yarandığını, bu fərqin 28.000 manat keçmədiyini göstərmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin araşdırma materialına baxılması və iş materiallarına əlavə edilməsi məqsədilə məhkəmə tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə sorğu məktubu ünvanlanmışdır. Həmin məktuba cavab olaraq Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin 29 noyabr 2023-cü il tarixli 3- 13-58-4/2-17171/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də 2019-cu il ərzində qeydə alınan təhqiqat materiallarının saxlanma müddəti başa çatdığına görə məhv olunduğu üçün həmin materialın məhkəməyə göndərilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin məzmunundan görünür ki, iddiaçı həmin etibarnamə ilə Azərbaycan Respublikasında yerləşən bütün banklarda və filiallarda onu təmsil etməyi, adına olan hesablar üzərində sərəncam verməyi, pul köçürmələrini, əmanət məbləğlərini (faizlərlə birlikdə) almağı və digər səlahiyyətləri hazırkı iş üzrə cavabdehə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən, kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 2013-cü ildən başlayaraq hər hansı yazılı müqavilə bağlamadan və aralarında rəsmi hesabatlılıq aparılmadan birgə kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamış, 2016-cı ilin aprel ayında iddiaçı cavabdehə etibarnamə vermiş, kommersiya təmsilçisi kimi fəaliyyət göstərən cavabdeh sahibkarlıq fəaliyyətinin digər subyektləri ilə danışıqlar aparmaq, iddiaçının və özünün tədarük etdiyi malları müştərilərə satmaq və satılan malın dəyərini onlardan almaq, hesabatlar aparmaq, vergi ödənişlərini ödəmək kimi işlər görmüşdür. Qazandığı gəlir əvvəlki illərdəki kimi olmadığından və cavabdehin müəyyən şəxslərə borcları olduğundan, iddiaçı ona məxsus əmlakın və çatası gəlirin mənimsənildiyindən şübhələnmiş, onun şikayəti əsasında polis bölməsində izahat verən cavabdeh izahatında borclarından bir neçəsini qaytarmaq üçün iddiaçıdan xəbərsiz ödəniş etdiyini, iddiaçı ilə aralarında müəyyən qədər pul fərqinin yarandığını, bu fərqin 28000 manat keçmədiyini göstərmişdir. Qeyd olunanlar yuxarıda istinad edilən sübutlarla (tərəflərin izahatları, xx.xx.2016-cı il tarixli etibarnamə, xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 28000 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Cavabdehin izahatında iddiaçıya hər hansı borcunun olmaması barədə qeyd etdiklərini, həmçinin iddiaçının şikayəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində aparılan araşdırma zamanı “2019-cu lin yanvar ayında Çingizə bu barədə məlumat verdiyini, borclarından bir neçəsini qaytarmaq üçün Çingizdən xəbərsiz ödəniş etdiyindən aralarında müəyyən qədər pul fərqinin yarandığını, bu fərqin 28.000 manat keçmədiyini” göstərməsinin səbəbi barədə məhkəmə baxışı zamanı izahatında göstərdiklərini məhkəmə inandırıcı hesab etmir və bunları mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmçinin cavabdeh məhkəməyə üzərində “anbar qalığı”, “kreditorlar”, “debitorlar”, “kassa qalığı” və qarşılarında müxtəlif rəqəmlər yazılmış, 2017-2019-cu illəri əhatə edən, özü tərəfindən tərtib olunduğunu bildirdiyi sənədlər təqdim etmişdir. Cavabdehin izahatında bildirdiyinə görə, birgə işləməkləri 2019-cu ildə başa çatmasına baxmayaraq həmin sənədi özü 2021-ci ildə tərtib etmiş, iddiaçıya göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həllində mülki-prosessual qanunvericiliyin istinad olunan tələbləri baxımından və işin konkret hallarına görə həmin sənədlərin mötəbər sübut kimi qəbul olunması mümkün deyildir. Bundan başqa, iddia tələbinin mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 20 sentyabr 2023cü il tarixli MŞS/MT-030/2023/02013 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 28000 manat pul və 200 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 28200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 174 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində borc və 200 (iki yüz) manat manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 28200 (iyirmi səkkiz min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə 174 (yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar