Məhkəmə qərarları › İş №e-2-2(119)-63/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-63/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-63/2025 12.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2la aralarında bağlanmış 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 (qırx iki min otuz doqquz manat, yeddi qəpik) manat məbləğində əsas borc, 3615,75 (üç min altı yüz on beş manat, yetmiş beş qəpik) manat məbləğində faiz borcu, 142,31 (yüz qırx iki manat, otuz bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 45797,13 (qırx beş min yeddi yüz doxsan yeddi manat, on üç qəpik) manat məbləğində borcun, 227,39 (iki yüz iyirmi yeddi manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə zamin qismində iştirak etmiş digər Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, bu vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 05 noyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 20%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 ilə 27 avqust 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 08 may 2023-cü il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kredit müddəti 05 yanvar 2026-cı il tarixinədək uzadılmışdır. Lakin cavabdeh (borclu) Cavabdeh2 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh2 nümayəndəsi 12 iyun 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli rəydə ipoteka ilə yüklü edilmiş mənzilin orta bazar dəyəri 100000 manat, likvid dəyəri isə 90000 manat məbləğində qeyd olunmuşdur. Halbuki bu tip mənzillərin bazar dəyəri təxminən 120000 manat məbləğindədir və buna görə də cavabdeh tərəfindən müstəqil qiymətləndiriciyə müraciət olunmuş, "xxxx" Qiymətləndirmə Xidməti tərəfindən həmin mənzilin qiymətləndirilməsi aparılmış və mənzilin bazar dəyəri 119000 manat, likvid dəyəri isə 107000 manat məbləğində müəyyən olunmuşdur. Yəni təqdim edilmiş ekspert rəyi ilə qiymətləndiricinin rəyi arasında kəskin fərq mövcuddur. Odur ki, yaranmış ziddiyyətin aradan qaldırılması üçün ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi ilə baglı iş üzrə ekspertiza təyin edilməsini və qiymətləndirmənin aparılmasının müstəqil ekspertiza şirkətinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı 11 iyun 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi izahatında bildirdi ki, iddia ərizəsini qəbul etmir. 11 aprel 2025-ci il tarixli ekspert rəyində müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri evin real qiymətindən əhəmiyyətli dərəcədə azdır. İpoteka predmeti olan mənzil Sumqayıt şəhrinin mərkəzində yerləşir, təmir vəziyyəti əladır. Həmin mənzillə eyni mərtəbədə yerləşən mənzillər daha baha qiymətə satışa çıxarılmışdır. Ekspert rəyi ilə tanış olduqdan sonra təkrar qiymətləndirmə aparılması ilə bağlı müstəqil qiymətləndiriciyə müraciət edilmiş. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, müvafiq mənzilin bazar dəyəri 119000 manat məbləğində, likvid dəyəri isə 107000 manat məbləğində müəyyən edilmişdir. Buradan da aydın olur ki, ekspert rəyində müəyyən edilən qiymətlərlə keçirilən qiymətləndirmə arasında əhəmiyyətli fərqlər mövcuddur. Əgər iddiaçı mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğlərlə razıdırsa, ipoteka predmetinin həmin qiymətlərlə satılmasına etirazı yoxdur. Həmçinin cavabdeh tərəfindən dəfələrlə ödəniş həyata keçirilsə də, həmin ödənişlərin əksər hissəsi faiz borcundan silinmişdir. Cavabdeh ödənişləri həyata keçirərkən maddi vəziyyətini nəzərə alaraq ödənişlərin əsas borcdan çıxılması ilə bağlı iddiaçıya müraciət də etmişdir. Lakin göründüyü kimi cavabdehin xahişi nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi əsas borcun düzgün hesablanmadığını qeyd etmiş və iş üzrə müstəqil qiymətləndiricidən əldə edilən rəyin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 avqust 2020-ci il tarixli 4-MGZ-1-0-1534-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən, bank tərəfindən Cavabdeh2 aylıq 1,67 % dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 05 noyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit müqaviləsinə 08 may 2023-cü il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə və 1.1.2-ci yarımbəndinə əsasən, bu Saziş qüvvəyə mindiyi tarixdən müqavilənin müfaviq bəndləri aşağıdakı redaksiyada verilir: kreditin müddəti 05 yanvar 2026-cı il təşkil edir. İş materiallarında olan həmin Əlavə Sazişin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 05 yanvar 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit müqaviləsinə 08 may 2023-cü il tarixli 1 nömrəli Əlavə Sazişin 1.1-ci bəndinə və 1.1.2-ci, 1.1.4-cü yarımbəndlərinə əsasən, saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 20 faiz təşkil edir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 faiz təşkil edir. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 27 avqust 2020-ci il tariхli 4-MGZ-1-0-1534-20 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 42039,07 manat məbləğində əsas borcu, 3615,75 manat məbləğində faiz borcu vardır və 569,25 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh2) arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli 4-MG-1-0-1517-20 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 avqust 2020-ci il tarixli 4-MGZ-1-0-1534-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipoteka verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 65000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli 9/68xx-xx/6604 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 72,6 kv.m. təşkil etdiyi nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri təqribən 100000 manat, likvid dəyəri təqribən 90000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli AS 06-017/25 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin likvid qiyməti 107000 manat, bazar qiyməti isə 119000 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında 27 avqust 2020ci il tarixli 4-MGZ-1-0-1534-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşma ilə iddiaçı tərəfindən Cavabdeh2 aylıq 36 ay müddətinə aylıq 1,67 % dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh2 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 05 noyabr 2022-ci il tarixli razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 42039,07 manat məbləğində əsas, 3615,75 manat məbləğində faiz bоrcunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında əsas borcun düzgün hesablanmadığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim etməmiş, borcun düzgün hesablanmadığının nədən ibarət olmasını əsaslandırmamış, eləcə də bununla əlaqədar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə izahatda qeyd edilən bu halı əsaslı hesab etmir. İddia tələbinin 05 noyabr 2022-ci il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 142,31 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli 4-MG-1-0- 1517-20 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 11 aprel 2025-ci il tarixli 9/68xx-xx/6604 nömrəli ekspert rəyini və 10 iyun 2025-ci il tarixli AS 06- 017/25 nömrəli hesabatı nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 100000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, - tərəflər arasında bağlanmış ipoteka müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 65000 manat məbləğində; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli 9/68xx-xx/6604 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyində əmlakın likvid dəyəri təqribən 90000 manat məbləğində; - Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli AS 06-017/25 nömrəli hesabatda isə sözügedən əmlakın likvid qiyməti 107000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılaşdırdıqları əmlakın bazar qiymətini, həmin müqavilədən təxminən 2 il vaxt keçməsini, 11 aprel 2025ci il tarixli ekspert rəyini, 10 iyun 2025-ci il tarixli hesabatı (mütəxəssis rəyini), həmçinin həm iddiaçının, həm də cavabdehin mənafələrini nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi ədalətli hesab edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 103.1-ci və 103.2-ci maddələri). Digər tərəfdən, Cavabdeh2 nümayəndəsi tərəfindən təqdim edilmiş 10 iyun 2025-ci il tarixli mütəxəssis rəyinə münasibətdə məhkəmə qeyd edir ki, qiymətləndirilmə aparılarkən sözügedən rəydə nəzərə alınmış “Analoq 1”, “Analoq 2” və “Analaoq 3” adları ilə göstərilən əmlaklar hazırkı iş üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72,6 kv.m. olan 3 otaqlı mənzillə oxşar olan xüsusiyyətlərə malik olsalar da, eynilik təşkil etmirlər və bu halda mütəxəssis rəyində müəyyən edilmiş əmlakın dəyərinə tənqidi yanaşılmalı və iş üzrə toplanmış digər sübutlarla birlikdə müvafiq təhlil aparılmalıdır. Həmin rəydə göstərilən nümunələr və məhkəmənin qiymətləndirməsi aşağıdakı kimidir: - “Analoq 1” adlı nümunədə beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 72 kv.m. olan 3 otaqlı mənzilin qiymətinin 126000 manat olduğu qeyd edilmişdir (İpoteka predmeti olan əmlak birinci mərtəbədə yerləşir, bazar şərtlərinə əsasən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən əmlak daha ucuz, beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbələrində yerləşən əmlaklar bundan daha baha qiymətləndirilir və bu cür binalarda yerləşmə yerinə görə ən müvafiq hesab edilir); - “Analoq 2” adlı nümunədə beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan üçotaqlı mənzilin qiymətinin 134000 manat olduğu qeyd edilmişdir (Həmin mənzilin sahəsinin ipoteka predmeti olan əmlakdan təxminən 18 kv.m. çox olması nəzərə alınmalıdır); - “Analoq 3” adlı nümunədə beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 73 kv.m. olan üçotaqlı mənzilin qiymətinin 117000 manat olduğu qeyd edilmişdir (Burada da həmin mənzilin sahəsinin ipoteka predmeti olan əmlakın sahəsindən müəyyən qədər çox olması nəzərə alınmalıdır). İpoteka predmeti olan əmlakın bazar qiymətinə təsir edən göstəriciləri (müvafiq binadakı yerləşmə yeri, sahəsi və s.) ilə mütəxəssis rəyində istinad edilmiş sözügedən əmlakların müqayisəli təhlilindən görünür ki, ipotekaya qoyulmuş mənzilin qiymətləndirilməsi nəticəsində müəyyən olunmuş ilkin satış qiyməti müvafiq dövr üzrə bazar iqtisadi göstəriciləri və oxşar əmlakların satış qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək, ekspert rəyində isə aşağı həddə müəyyən edilmişdir. Burada, həmçinin nərəzə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə tərəfindən müəyyən edilən əmlakın likvid dəyəri həmin əmlakın bilavasitə real bazar dəyəri və ya başqa cür ifadə edilərsə, satış qiyməti hesab edilmir. Likvid dəyər əmlak gələcəkdə hərrac vasitəsilə satılacağı təqdirdə onun ilkin satış qiyməti hesab olunur və hərrac iştirakçılarından mövqelərindən və rəqabətlilik dərəcələrindən asılı olaraq məhkəmə aktında göstərilən dəyərdən (hətta mütəxəssis rəyində qeyd edilən bazar dəyərindən) qat-qat yüksək qiymətə satıla bilər. Beləliklə, məhkəmə təqdim edilmiş hər iki rəyi hərtərəfli qiymətləndirərək, həmin rəylərin tədqiqi hissələrində göstərilənlərə əsasən yuxarıda şərh edilənləri nəzərə alaraq, o cümlədən tərəflərin hər ikisinin mənafelərini və işin faktiki hallarını dəyərləndirərək, hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54 ünvanında yerləşən 3 nömrəli mənzilin ilkin satış qiyməti hər iki rəydə müəyyən edilmiş dəyərə nisbətən yaxın qiymətdə - 100000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 03 may 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan 10 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 227,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 227,39 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 9/68xx-xx/6604 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 manat məbləğində əsas bоrc, 3615,75 manat məbləğində faiz bоrcu, 142,31 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 227,39 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 46075,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 46075,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 46075,52 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 (qırx iki min otuz doqquz manat, yeddi qəpik) manat məbləğində əsas bоrc, 3615,75 (üç min altı yüz on beş manat, yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu, 142,31 (yüz qırx iki manat, otuz bir qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 227,39 (iki yüz iyirmi yeddi manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 46075,52 (qırx altı min yetmiş beş manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 46075,52 (qırx altı min yetmiş beş manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 46075,52 (qırx altı min yetmiş beş manat, əlli iki qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar