Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-633/2023 14.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddia tələbinə kommersiya məhkəməsində baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadından şikayəti təmin edilməmiş və həmin qərardad qüvvəsində saxlanılaraq, Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)- 633/2023 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 iyun 2023-cü il tarixli e-2-2(102)-375/2023 nömrəli qərarı ilə iddiaçının şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)- 633/2023 nömrəli qərardadı ləğv edilmiş və iddiaçı “TBC Kredit Bank olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 iyun 2023-cü il tarixli e-2-2(102)-375/2023 nömrəli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılması üçün 14 iyul 2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Həmin məhkəmə iclasına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan məhkəmə iclasında iddia ərizəsinin mümkünlüyünə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin icraata götürülərək, Sumqayıt Kommersiya Məhkəməsində baxılmasını xahiş etsə də, iddia ərizəsində qaytarılması tələb olunan məlum kreditin borcalan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsini təsdiq edən dəlilləri və sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılması mümkün olmadığına görə iddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş və “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinin əsaslandırıldığı 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsində "Kreditin borcalana kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə Kredit verənə təqdim edilmiş Kiçik və Orta Sahibkarlıq fəaliyyəti ilə bağlı layihənin maliyyələşdirilməsi; Daşınmaz əmlakın əldə edilməsi, belə əldə etmə ilə bağlı yaranmış borcun ödənilməsinin və ya təmir edilməsinin maliyyələşdirilməsi və ya şəxsi istehlak məqsədi ilə verilməsi" qeyd edilsə də, həmin Müqavilənin tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşmanın 3-cü bəndindən görünür ki, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən tələb edilən borc məbləği Cavabdeh3 (borc alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kreditlə əlaqədar deyil, “Avtomobil alışı” üçün verilmiş kreditlə əlaqədar yaranmış borcdur. Yəni, cavabdehlərdən hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu – “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, borc alan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “Avtomobil alışı” məqsədi ilə verilən kreditə görə yaranan borcdur və qeyd olunan Razılaşma ilə həmin avtomobilin hansı məqsədlə - yəni “şəxsi istehlak” və yaxud, “sahibkarlıq” məqsədilə alındığı məlum olmur. Çünki, 18 oktyabr 2021-ci il tarixli GARA- 2972-1037 nömrəli Kredit Müqaviləsində borcalana verilən kreditin məqsədi ikili xarakterli, yəni “sahibkarlıq” və yaxud “şəxsi istehlak” məqsədləri üçün verilə biləcəyi nəzərdə tutulmuş olsa da, 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşmada kreditin bilavasitə “Avtomobil alışı” üçün verildiyi qeyd olunmuş və həmin Razılaşmada, eləcə də hazırkı iddia ərizəsinin məzmununda məlum kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsini təsdiq edən hər hansı bir xüsusat, müddəa və yaxud müqavilə şərti öz əksini tapmamışdır. Halbuki, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlum kreditin alınması üçün tərtib olunmuş bütün sənədlər tədqiq olunarkən müəyyən olunmuşdur ki, məlum kredit verilərkən "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” MMC-nin məsul şəxsi tərəfindən GARA-2972-1037 nömrəli kredit üzrə "İstehlak girovlu/girovsuz kreditlər üzrə sənədlərin siyahısı" adlı sənəd tərtib olunaraq imzalanmışdır. Həmin sənəddən görünür ki, 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsi və 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında Cavabdeh3 12000 manat məbləğində kredit verilərkən istehlak xarakterli kreditlər verilməsi üçün tərtib olunması nəzərdə tutulan müvafiq qaydada hazırlanmış "İstehlak girovlu/girovsuz kreditlər üzrə sənədlərin siyahısı" adlı sənəd tərtib olunmuş və həmin sənədin müvafiq hissələri əlyazma ilə yazılaraq, istehlak xarakterli kreditin verilməsi üçün təqdim olunan sənədlərin siyahısı qeyd olunmaqla, kredit verən MMC-nin məsul şəxsi tərəfindən imzalanmışdır. Yəni, həmin sənəd - istehlak xarakterli kreditlərin verilməsi üçün tərtib olunan sənəddir və həmin sənədin özü də məlum kreditin “sahibkarlıq” məqsədi ilə verilmiş olmasını istisna edir ("İstehlak girovlu/girovsuz kreditlər üzrə sənədlərin siyahısı" adlı sənəd "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” MMC-nin kredit mütəxəssisi tərəfindən 2021-ci ilin oktyabr ayında tərtib olunaraq imzalanmışdır). Bundan əlavə, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, 18 oktyabr 2021-ci il tarixli GARA-2972- 1037 nömrəli Kredit Müqaviləsi və 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında 12000 manat məbləğində krediti almış Cavabdeh3 adına hər hansı bir nəqliyyat vasitəsi, yəni avtomobil müvafiq dövlət reyestrində qeydiyyata alınmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin Qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən - işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, işin konkret hallarına görə kredit alan Cavabdeh3 hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da (“VÖEN”-i olsa da), 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsi və 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında “Avtomobil alışı” üçün verilən kreditin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verildiyi təsdiq olunmur. Əksinə, kreditin verilməsi ilə əlaqədar tərtib olunmuş "İstehlak girovlu/girovsuz kreditlər üzrə sənədlərin siyahısı" adlı sənəd məlum kreditin istehlak məqsədi ilə verildiyini təsdiq edir. Yəni, borcalan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan (fiziki şəxs həm sahibkarlıq fəaliyyəti ilə əlaqədar, həm də istehlak xarakterli kreditlər ala bilər) və onunla bağlanan 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsində kreditin “sahibkarlıq fəaliyyəti üzrə” və yaxud “şəxsi istehlak məqsədi ilə” verilməsi nəzərdə tutulduğundan, həmin Kredit Müqaviləsi əsasında imzalanmış 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında “avtomobil alışı” üçün verilən kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “şəxsi istehlak məqsədi ilə” verildiyi təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsində 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsi və həmin Müqavilənin tərkib hissəsi olan 18 oktyabr 2021-ci il tarixli GARA-2972-1037 nömrəli Razılaşma ilə əlaqədar verilən “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” barədə tələb məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir (məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 03 aprel 2023-cü il tarixli T-389 nömrəli Arayışla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə mediasiya Sumqayıt 1 saylı Mediasiya Təşkilatında və yaxud, bu məhkəmənin ərazi yurisdiksiyasına aid olan hər hansı bir rayonda (şəhərdə) yerləşən Mediasiya Təşkilatında deyil, X1 (Naxçıvan şəhərində yerləşir) keçirilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 28) tələblərinə görə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilməlidir). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-633/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-633/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver