Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-640/2022 02.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Baldadaş oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 12080,69 manat məbləğində əsas bоrc və 5125,12 manat faiz borcu оlmaqla, cəmi 17205,81 (on yeddi min iki yüz beş manat 81 qəpik) manat məbləğində borcun və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 fevral 2020-ci il tariхli 200842-810682/1 nömrəli Krеdit Müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 22% dərəcəsi ilə 12500 (on iki min beş yüz) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, borcverən Bank ilə Cavabdeh3 arasında 28 fevral 2020-ci il tariхli 200842- 864998/1/2 nömrəli və Cavabdeh2 arasında 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Zaminlik Müqavilələri bağlanmışdır. Zaminlik Müqavilələrinin 4.2-ci bəndinə əsasən Zaminlər Bank qarşısında 28 fevral 2020-ci il tariхli 200842-810682/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə Bоrcalanla еyni dərəcədə, yəni krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, Bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyırlar. Borcalan 28 fevral 2020-ci il tariхli 200842-810682/1 nömrəli Krеdit Müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 06 aprel 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 12080,69 manat əsas bоrcu və 5125,12 manat faiz borcu оlmaqla, ümumilikdə 17205,81 (on yeddi min iki yüz beş manat 81 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin Müqaviləyə əsasən Ödəniş Cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə, gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada İddiaçı ASC tərəfindən cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir. Lakin İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki) yüz manat məbləğində mediasiya xərci də ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 28 fevral 2020-ci il tariхli Krеditi Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 06 aprel 2022-ci il tarixinə hesablanmış 12080,69 manat məbləğində əsas bоrc və 5125,12 manat faiz borcu оlmaqla, cəmi 17205,81 manat məbləğində kredit borcunun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə biznes fəaliyyəti ilə əlaqədar 28 fevral 2020-ci il tariхli Krеditi Müqaviləsinə əsasən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə 12500 manat məbləğində krеdit götürdüyünü, lakin işində yaranan problemlərə görə kredit borcu üzrə vaxtlı-vaxtında ödəniş edə bilmədiyini, iddia tələbində qeyd olunan əsas borcu qəbul etsə də, faiz borcu ilə razı olmadığını və yalnız əsas borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə borcalan Cavabdeh1 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu Borcalanın müvafiq ssuda hesabında aparılır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və Borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) Cərimə faizləri; b) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) Faiz borcu; e) Əsas borc. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər-hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş Kredit hesab edilir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 44 (qırx dörd) % faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 28 fevral 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 28 fevral 2020-ci il tariхli 200842- 864998/1 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 fevral 2020-ci il tariхli 200842-864998/1/2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh1 28 fevral 2020-ci il tariхli 200842- 864998/1 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 tələblərinə görə zaminlər və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi) və zaminlər Kredit müqaviləsi üzrə öhdəliklərin Borc alan tərəfindən İcra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar (müqavilələrin 4.2-ci bəndi). İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 692,22 manat (faiz borcundan 272,91 manat, əsas borcdan 419,31 manat) məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 Kredit müqaviləsi üzrə 06 aprel 2022-ci il tarixə bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12080,69 manat məbləğində əsas bоrcu və 5125,12 manat faiz borcu оlmaqla, cəmi 17205,81 (on yeddi min iki yüz beş manat 81 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 708 gün təşkil edir. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 08 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 9/5454 nömrəli Ekspert Rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə, borcalan Cavabdeh1 Banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - 28 fevral 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas borc üzrə 12088,33 manat və faiz borcu üzrə 5046,12 manat; maliyyə arayışında qeyd edilən 06 aprel 2022-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) isə - əsas borc üzrə 12088,33 manat və faiz borcu üzrə 5106,56 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********), zamin (cavabdeh) Cavabdeh2 və zamin (cavabdeh) Cavabdeh3 müvafiq olaraq 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit Müqaviləsi, 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Zaminlik Müqaviləsi və 28 fevral 2020-ci il tariхli 200842- 864998/1/2 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, Bank İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, Bank İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Lakin, 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 9/5454 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 17 oktyabr 2022-ci il tarixli 9/5454 №-li Ekspertiza Rəyində Cavabdeh1 ilə bağlanmış 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit müqaviləsi üzrə 06 aprel 2022-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) – “əsas borc 12088,33 manat və faiz borcu 5106,56 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “12080,69 manat məbləğində əsas borcun“ tutulması tələb olunur. Bu halda Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən həmin Müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 12080,69 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, ekspert rəyində əsas borcun 12088,33 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində “12080,69 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Eyni zamanda, iddia tələbində 06 aprel 2022-ci il tarixə hesablanaraq tələb edilən “5125,12 manat məbləğində” faiz borcu isə 17 oktyabr 2022-ci il tarixli 9/5454 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmur və ona görə də, həmin Müqavilə üzrə faiz borcunun tutulması hissəsində Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28 fevral 2020-ci il tariхli 200842-864998/1 nömrəli Kredit müqaviləsi üzrə Ekspertiza Rəyində 06 aprel 2022-ci il tarixə müəyyən edilmiş “5106,56 manat” miqdarında faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12080,69 manat məbləğində əsas borc və 5106,56 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, bu mübahisə üzrə zamin qismində iştirak edən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məcburi köçkün olmaları (Qubadlı rayonu, Sarıyataq kəndi) və məcburi köçkünlərin məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olmaları nəzərə alınaraq, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 141,56 (yüz qırx bir manat 56 qəpik) manat məbləğində dövlət rüsumu hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12080,69 (on iki min səksən manat 69 qəpik) manat məbləğində əsas borc, 5106,56 (beş min yüz altı manat 56 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 17387,25 (on yeddi min üç yüz səksən yeddi manat 25 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə 141,56 (yüz qırx bir manat 56 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-640/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-640/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver