Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-646/2023 02.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit razılaşmasının, ona əlavə edilmiş sazişlərin ləğv olunması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit razılaşmasının, ona əlavə edilmiş sazişlərin ləğv olunması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** nömrəli krеdit razılaşması üzrə 8406,89 manat məbləğində krеdit bоrcu, 1333,41 manat məbləğində faiz bоrcu və 490,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10230,89 (on min iki yüz otuz manat səksən doqquz qəpik) manat məbləğində bоrcun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2018-ci il tarixli 011L**********01 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 011R**********S saylı, xx.xx.2020-ci il tarixli 011R**********SA saylı, xx.xx.2022-ci il tarixli 011R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 6593,11 manat ödəmiş, onun 8406,89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 124 gün üçün hesablanmış faiz borcu 1333,41 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 124 gün üçün hеsablanmış cərimə 490,59 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdehlər iştirak etməmiş, bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 manat haqq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 04 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında krediti götürdüklərini, lakin pandemiya dövründə bankla razılaşaraq müqavilə müddətinin uzadıldığını, aylıq 220-250 manat arası ödəniş etdiklərini, həmin ödənişləri hesabladıqda borcun iddia ərizəsində tələb olunan məbləğdə olmadığını, ödənilən pul vəsaitlərinin əsas borcdan deyil, faiz borcundan silindiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli 011L**********01 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 15000 (on beş min) manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 19 sentyabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 19 sentyabr 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 19 may 2020-ci il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 19 may 2020-ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 19 may 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 19 yanvar 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 17 noyabr 2020ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 19 iyul 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 31 may 2022-ci il tarixli 011R**********SB nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 31 may 2022-ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 31 may 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 07 noyabr 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2022-ci il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2022-ci il tarixli 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 10 noyabr 2022-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8406,89 manat məbləğində əsas borcu, 1333,41 manat məbləğində faiz borcu və 490,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10230,89 manat məbləğində borcu vardır. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli 9/6558 nömrəli ekspert rəyində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 8774,76 manat, faiz borcu üzrə 1003,49 manat olmaqla, ümumilikdə 9778,25 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit müqaviləsi üzrə cərimə pulu nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı ekspertiza tədqiqatı ilə bağlı Cavabdeh3 cərimə hesablanmamışdır. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə 0,10 manat (10 qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi; - kredit razılaşması üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh3 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit razılaşmasının, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 19 may 2020-ci il tarixli 011R**********S nömrəli, 17 noyabr 2020-ci il tarixli 011R**********SA nömrəli və 31 may 2022-ci il tarixli 011R**********SB nömrəli sazişlərin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəməmühasibatlıq ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 9/6558 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 06 oktyabr 2023-cü il tarixli 9/6558 nömrəli ekspert rəyində Cavabdeh3 ilə bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçı tərəfindən borcun hesablandığı 10 noyabr 2022-ci il tarixinə əsas borcun 8774,76 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8406,89 manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8406,89 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 8406,89 manat məbləğində əsas borc tutulmalıdır. İddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 06 oktyabr 2023-cü il tarixli 9/6558 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 10 noyabr 2022-ci il tarixinə hesablanaraq tələb edilən “1333,41 manat məbləğində” faiz borcu 06 oktyabr 2023-cü il tarixli 9/6558 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və iddiaçının xeyrinə ekspert rəyində qeyd edilən 1003,49 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 sentyabr 2019-cu və 31 may 2022-ci il tarixli 011S**********01 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1, 19 sentyabr 2019-cu və 31 may 2022-ci il tarixli 011S**********02 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 borclunun kredit razılaşmasından irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 və Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "490,59 (dörd yüz doxsan manat əlli doqquz qəpik) məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit razılaşması, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 19 may 2020-ci il tarixli 011R**********S nömrəli, 17 noyabr 2020-ci il tarixli 011R**********SA nömrəli və 31 may 2022-ci il tarixli 011R**********SB nömrəli sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8406,89 (səkkiz min dörd yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1003,49 (min üç manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 0,10 manat (10 qəpik) məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Bununla yanaşı, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 115,10 (yüz on beş manat on qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 115 (yüz on beş) manat məbləğində (115,10 manat – 0,10 manat = 115 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit razılaşması, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 19 may 2020-ci il tarixli 011R**********S nömrəli, 17 noyabr 2020-ci il tarixli 011R**********SA nömrəli və 31 may 2022-ci il tarixli 011R**********SB nömrəli sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8406,89 (səkkiz min dörd yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1003,49 (min üç manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 0,10 manat (10 qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 9710,48 (doqquz min yeddi yüz on manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 115 (yüz on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-646/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-646/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver