Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-65/2024 23.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15301,77 (on beş min üç yüz bir manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 1277,37 (min iki yüz yetmiş yeddi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu və 40,23 (qırx manat iyirmi üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16619,37 (on altı min altı yüz on doqquz manat otuz yeddi qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sədərək” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2, xx.xx.2021-ci il tarixində Cavabdeh3, xx.xx.2022-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq 1,92 % olmaqla 36 ay müddətinə 19000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin iyulun 13-dək Cavabdeh4 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 15301,77 manat əsas borc, 1277,37 manat faiz borcu və 160,92 manat cərimə borcu olmaqla, cəmi 16740,06 manat borcu vardır. Cavabdeh4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 160,92 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 40,23 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 15 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh4 izahatında tələb olunan faiz borcu ilə razılaşmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (VÖEN **********) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. - 10 sentyabr 2021-ci il tarixli Z/07776/21 nömrəli zaminlik müqaviləsinə əsasən 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borc alan Cavabdeh4 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 30 dekabr 2021-ci il tarixli 28-MCR-804-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq faiz dərəcəsi 1,92 % olmaqla 36 ay müddətinə 19000 (on doqquz min) manat məbləğində kredit götürmüşdür. - 30 dekabr 2021-ci il tarixli 28-MCR-804-21/1 nömrəli kredit razılaşmasına 30 dekabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən borc alan Cavabdeh4 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borc alan Cavabdeh4 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən 19000 manatın 36 ay müddətinə 6 ay güzəşt müddəti tətbiq olunmaqla 30 dekabr 2024-cü il tarixinədək ödənilməsi müəyyən edilmişdir. - 30 dekabr 2021-ci il tarixli Z/14716/21 nömrəli zaminlik müqaviləsinə əsasən 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borc alan Cavabdeh4 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh4 arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya 30 dekabr 2021-ci il tarixli əlavə sazişə əsasən müqavilənin 10-cu bəndinə əlavə edilərək kredit limitinin təminatı kimi 30 dekabr 2021-ci il tarixli Z/14716/21 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh3 tərəfindən verilən zaminlik göstərilmişdir. - 17 yanvar 2022-ci il tarixli Z/00633/22 nömrəli zaminlik müqaviləsinə əsasən 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borc alan Cavabdeh4 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh4 arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 17 yanvar 2022-ci il tarixli əlavə sazişə əsasən müqavilənin 10-cu bəndinə əlavə edilərək kredit limitinin təminatı kimi 30 dekabr 2021-ci il tarixli Z/00633/22 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 tərəfindən verilən zaminlik göstərilmişdir. - 21 iyun 2023-cü il tarixli maliyyə arayışına görə Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15301,77 manat məbləğində əsas borcu, 1063,45 manat məbləğində faiz borcu, 101,46 manat məbləğində cərimə olmaqla, cəmi 16466,68 manat məbləğində borcu vardır. - 13 iyul 2023-cü il tarixli maliyyə arayışına görə Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15301,77 manat məbləğində əsas borcu, 1277,37 manat məbləğində faiz borcu, 160,92 manat məbləğində cərimə olmaqla, cəmi 16740,06 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 21 iyun 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 15 iyul 2024-cü il tarixli 9/837 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 21 iyun 2023-cü il tarixinə banka ödənilməli olan əsas borcu 15301,42 manat və faiz borcu 1271,91 manat kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və razılaşma ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh4 10 sentyabr 2021-ci il tarixli 28-MCR-1-804-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma və 30 dekabr 2021-ci il tarixli 28-MCR-804-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh4 tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli 28-MCR-804-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 15 iyul 2024-cü il tarixli 9/837 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və ekspert rəyində qeyd edilən 15301,42 (on beş min üç yüz bir manat qırx iki qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 13 iyul 2023-cü il tarixinə 1277,37 (min iki yüz yetmiş yeddi manat otuz yedi qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 30 dekabr 2021-ci il tarixli 28-MCR- 804-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 21 iyun 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 21 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə hesablanmış 1063,45 (min altmış üç manat qırx beş qəpik) manat məbləğində faiz bоrcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “cavabdehlərdən müştərək qaydada 40,23 (qırx manat iyirmi üç qəpik) manat cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli Z/07776/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, xx.xx.2021-ci il tarixli Z/14716/21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və xx.xx.2022-ci il tarixli Z/00633/22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit götürmüş borc alan Cavabdeh4 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 27 sentyabr 2023-cü il tarixli MŞS.MT030.2023-1931 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin 105 (yüz beş) manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15301,42 (on beş min üç yüz bir manat qırx iki qəpik) manat məbləğində əsas borc, 1063,45 (min altmış üç manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 40,23 (qırx manat iyirmi üç qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 16510,10 (on altı min beş yüz on manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 139,22 (yüz otuz doqquz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15301,42 (on beş min üç yüz bir manat qırx iki qəpik) manat məbləğində əsas borc, 1063,45 (min altmış üç manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 40,23 (qırx manat iyirmi üç qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 16510,10 (on altı min beş yüz on manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə manat 139,22 (yüz otuz doqquz manat iyirmi iki qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-65/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-65/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver