Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-656/2025 20.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22235,47 (iyirmi iki min iki yüz otuz beş manat, qırx yeddi qəpik) manat məbləğində əsas borc, 4627,1 (dörd min altı yüz iyirmi yeddi manat, on qəpik) manat məbləğində faiz borcu, 2540,79 (iki min beş yüz qırx manat, yetmiş doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 29403,36 (iyirmi doqquz min dörd yüz üç manat, otuz altı qəpik) manat məbləğində pul vəsaitinin və 178,21 (yüz yetmiş səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kamandar Həsənov ilə İddiaçı QSC arasında 13 fevral 2023-cü tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Kamandar Həsənov İddiaçı QSC-dən aylıq 1,6667 faizlə 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 28 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Kamandar Həsənovun 13 fevral 2023-cü tarixli kredit müqaviləsi üzrə banka 22235,47 manat məbləğində əsas borcu, 4627,1 manat məbləğində faiz borcu, 2540,79 manat məbləğində cərimə olmaqla, cəmi 29403,36 manat məbləğində borcu vardır. X3 vəfat etdiyi, onun adına vərəsəlik işinin açılmadığı, adında qeydiyyatdan keçmiş hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Bu səbəbdən kredit borcu zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb edilir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, vəkil sorğusu verilərkən yalnız şəxsin qeydiyyatda olduğu ərazinin təsir dairəsinə düşən notariat kontorlarına müraciət edilir. 44 saylı notariat ofisinin məktubunda da qeyd edilir ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə, yəni bütün notariat ofislərinin olduğu vahid mərkəz üzrə axtarış edilmiş və X3 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Cavabdeh2 əsas borclunun adına daşınmaz əmlakın mövcud olduğunu iddia edirsə, həmin halı təsdiq edən sənədin təqdim edilməsi onun öz üzərinə düşür. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 03 aprel, 17 aprel, 02 may 2025-ci il tarixdə keçirilmiş iclaslarında iştirak etmiş Cavabdeh2 izahatlarında bildirmişdir ki, borclu Kamandar Həsənov onun qonşusu və iş yoldaşı olmuşdur. Kamandar Həsənovun adına daşınmaz əmlak mövcuddur və o, həmin mənzildə qeydiyyatda olmuşdur. Həmin əmlakla bağlı çıxarışın olubolmamadığı barədə dəqiq məlumatı yoxdur. Həmin çıxarış Kamandar Həsənovun qardaşında ola bilər, lakin həmin sənəd ona təqdim edilməyəcəkdir. Kamandar Həsənovun adına daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq “ASAN xidmət” mərkəzinə müraciət etmişdir, cari ilin may ayının 15-nə qədər müvafiq sənəd ona təqdim ediləcəkdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 13 fevral 2023-cü tarixli 005A********** nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank (İddiaçı QSC) məbləği 26500 manat olan borc pulu (krediti) aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 24 ay müddətinə kredit alana (Kamandar Həsənova) verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan krediti, ona hesablanmış faiz ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə-Ödəniş Planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.5-ci yarımbəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 4.2.1-ci yarımbəndinə əsasən, kredit alan kredit məbləğini, ona hesablanmış faizlə birlikdə ödəniş planı ilə razılaşdırılmış tarixlərdə banka qaytarmağa borcludur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 18 aprel 2023-cü il tarixli 005G**********901 nömrəli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 005G**********02 nömrəli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 005G**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəhliklərinin tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürürlər və borclu ilə birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zaminlər, kreditdən istifadə üçün faiz, bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan ödəniş cədvəlinə əsasən, Kamandar Həsənovun banka olan borcu üçün son ödəniş tarixi 27 fevral 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli OUT-2024/12/28-6 nömrəli maliyyə arayışından görünür ki, 13 fevral 2023-cü tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə Kamandar Həsənovun iddiaçıya 22235,47 manat məbləğində əsas borcu, 4627,1 manat məbləğində faiz borcu, 2540,79 manat məbləğində cərimə olmaqla, cəmi 29403,36 manat məbləğində borcu vardır. İş materiallarında olan 27 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 29 may 2023-cü il tarixli 41 nömrəli cavab məktubunda “X1 ölümü ilə əlaqədar olaraq onun adından Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri 48 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 15 may 2024-cü il tarixli X-61 nömrəli cavab məktubunda “X2 barəsində Bakı şəhəri 48 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 16 may 2024-cü il tarixli 204 nömrəli cavab məktubunda “Elektron Notariat" Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə arxivə baxış keçirilərkən sorğu olunan X2 barədə notariat hərəkəti aşkar edilmədi” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 16 may 2024-cü il tarixli X-2318 nömrəli cavab məktubunda “X1 ölümü ilə əlaqədar Bakı şəhəri 32 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 15 may 2024-cü il tarixli 96 nömrəli cavab məktubunda “Bakı şəhəri 20 saylı notariat ofisində X1 adına vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 22 may 2024-cü il tarixli X-878 nömrəli cavab məktubunda “Bakı şəhəri 11 saylı notariat ofisində X2 adına vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş 12 dekabr 2024-cü il tarixli X-357 nömrəli cavab məktubunda “mərhum X1 vəfatı ilə əlaqədar Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 05 iyun 2024-cü il tarixli 3-21-3-30/2-20904/**********720904 nömrəli cavab məktubunda “X1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 20 may 2024-cü il tarixli 3-13-16/2-76334/2024 nömrəli cavab məktubunda “DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1980-ci il təvəllüdlü X1 adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur” qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1), əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2), kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3) və zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda (477.0.4) xitam verilir. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı QSC ilə bağlanmış 13 fevral 2023-cü tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə borcalan qismində iştirak etmiş X2 vəfat etdiyindən, iş materiallarına əlavə edilmiş sorğulara müvafiq notariat ofisləri və aidiyyəti dövlət orqanları tərəfindən cavab məktublarına əsasən, onun adına hər hansı daşınmaz əmlak və nəqliyyat vasitəsi qeydə alınmadığından, bununla əlaqədar onun vərəsələri (rəsmi və faktiki) müəyyən edilmədiyindən borc məbləği həmin kredit müqaviləsi üzrə zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb edilməkdədir. Qətnamənin "İş materialları" bölməsində istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeydə əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Belə ki, bağlanmış 13 fevral 2023-cü tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə borcalan Kamandar Həsənov üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, eyni zamanda bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, zaminlər “borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zaminlər, kreditdən istifadə üçün faiz, bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borclu” olmaları barədə öhdəlik (zaminlik müqavilələrinin 3.1-ci bəndi) götürmələrinə baxmayaraq onlar da müqavilə öhdəliklərinə riayət etməmişlər. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən zaminlik müqavilələrinin 1.1ci bəndlərinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürürlər və borclu ilə birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 fevral 2023-cü tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 22235,47 manat məbləğində əsas borcun və 4627,1 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 Kamandar Həsənovun adına daşınmaz əmlakın olması səbəbindən borcun onun vərəsələrindən tutulmalı olması ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, məhz bununla əlaqədar məhkəmə iclaslarının dəfələrlə təxirə salınaraq şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən həmin halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh öz etirazının əsası kimi yalnız şifahi mülahizələrə istinad etmişdir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 2540,79 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilən 4.1.5-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 2540,79 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 1112 manat məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 178,21 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 30 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 178,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 173,92 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 22235,47 manat məbləğində əsas borc, 4627,1 manat məbləğində faiz borcu, 1112 manat məbləğində cərimə, 173,92 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28148,49 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 22235,47 (iyirmi iki min iki yüz otuz beş manat, qırx yeddi qəpik) manat məbləğində əsas borc, 4627,1 (dörd min altı yüz iyirmi yeddi manat, on qəpik) manat məbləğində faiz borcu, 1112 (min yüz on iki) manat məbləğində cərimə və 173,92 (yüz yetmiş üç manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28148,49 (iyirmi səkkiz min yüz qırx səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-656/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-656/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver