Məhkəmə qərarları › İş №e-2-2(119)-658/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-658/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-658/2022 08.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynova Məhsəti Mobil qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sazişlərin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 11 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sazişlərin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh2 ilə bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** saylı Kredit Razılaşmasının və 22 may 2020-ci il tarixli 017R**********S saylı və 31 avqust 2020-ci il tarixli 017R**********SA saylı Sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı Krеdit Razılaşması üzrə 9787,17 manat məbləğində krеdit bоrcu, 2917,80 manat məbləğində faiz bоrcu və 2133,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14838,58 (on dörd min səkkiz yüz otuz səkkiz manat 58 qəpik) məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, kreditalan Cavabdeh2 kredit verən İddiaçı QSC tərəfindən 28 dekabr 2018-ci il tarixli 017L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 kredit verən İddiaçı QSC ilə bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** saylı Krеdit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 22 may 2020-ci il tarixli 017R**********S saylı və 31 avqust 2020-ci il tarixli 017R**********SA saylı Sazişlərlə həmin Razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borc alan Cavabdeh2 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 03 may 2021-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh2 götürdüyü krеdit üzrə bоrcundan 212,83 manat məbləğində ödəniş etmiş və onun 9787,17 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07 dekabr 2021-ci il tarixə 218 gün üçün hesablanmış faiz borcu 2917,80 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 07 dekabr 2021-ci il tarixə 218 gün üçün hеsablanmış cərimə 2133,61 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 ilə bağlanmış Zaminlik müqaviləsinə əsasən sonuncu Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdеh Cavabdeh1 həmin Zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, bu mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən mediatora 200 manat haqq ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh2 ilə bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşmasının, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Sazişin və 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı Krеdit Razılaşması üzrə 9787,17 manat məbləğində əsas krеdit bоrcu, 2917,80 manat məbləğində faiz bоrcu və 2133,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14838,58 məbləğində bоrcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 dekabr 2018-ci il tarixli 017L**********15 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsi əsasında bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin Müqavilə və Razılaşmaya əsasən fərdi mikro kredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 36 ay müddətinə illik 1,9167 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşmasının 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 28 fevral 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 390 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 03 mart 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 22 may 2020-ci il tarixli 017R**********S nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 22 may 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 22 may 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 443 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 03 mart 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 31 avqust 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 31 avqust 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 421 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 05 iyun 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 07 yanvar 2019-cu il tarixli 017S**********02 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 28 dekabr 2018-ci il tarixli 017L**********15 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, borcalanın kredit müqaviləsidən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin də Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, kredit alan Cavabdeh2 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Saziş üzrə və 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Saziş üzrə tərtib edilərək təsdiq olunmuş müvafiq 28 fevral 2020-ci il tarixli, 22 may 2020-ci il tarixli və 31 avqust 2020-ci il tarixli “Ödəniş Planı” sənədləri zamin Cavabdeh1 tərəfindən də imzalanmış və həmin imza ilə birlikdə yazılmış qeydlərdən görünür ki, o, zamin olaraq qeyd olunan sənədlərlə tanış olmuş və həmin sənədlərə öz razılığını bildirmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli 2608 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması üzrə 07 dekabr 2021-ci il tarixə borcverən İddiaçı QSC-yə 9787,17 manat məbləğində əsas borc, 2917,80 manat məbləğində faiz borcu və 2133,61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14838,58 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 218 gün). Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, məlum Kredit Razılaşması üzrə cəmi 10000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh2 07 dekabr 2021-ci il tarixə 9787,17 manat əsas borcu, 2917,80 manat faiz borcu və 2133,61 manat cərimə borcu olmaqla, cəmi 14838,58 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan borcalan Cavabdeh2 və zamin Cavabdeh1) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Razılaşma və Sazişlərin ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh1 28 dekabr 2018-ci il tarixli 017L**********15 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Saziş, 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Saziş və 07 yanvar 2019-cu il tarixli 017S**********02 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamaışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1) və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1). Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9787,17 manat məbləğində əsas borc və 2917,80 manat məbləğində faiz borcu tutulmalı və eyni zamanda, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Saziş və 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Saziş ləğv olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "2133,61 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 9787,17 manat məbləğində əsas borc, 2917,80 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Saziş və 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Saziş ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 129,61 (yüz iyirmi doqquz manat 61 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 9787,17 (doqquz min yeddi yüz səksən yeddi manat 17 qəpik) manat məbləğində əsas borc, 2917,80 (iki min doqquz yüz on yeddi manat 80 qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13404,97 (on üç min dörd yüz dörd manat 97 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 fevral 2020-ci il tarixli 017R********** nömrəli Kredit Razılaşması, 22 may 2020-ci il tarixli 017R**********S nömrəli Saziş və 31 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli Saziş ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 129,61 (yüz iyirmi doqquz manat 61 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar