Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-660/2021 06.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdullayev Ramin Məhəmmədəli oğlunun iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyul 2015-ci il tarixli 25-BİZ- 1-0-90-15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2934,95 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25%-lə 12 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, borcalan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 02-dək “xxxx” MMC-nin 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ümumilikdə cəmi 2.934,95 ABŞ dolları (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 442, 445, 448, 449, 465, 467 və 501-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına istinad olunur). Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2934,95 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, borc verən “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti (indiki adı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə borc alan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 25- BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya illik 25% hesablanmaqla 12 ay müddətinə, yəni 06 iyul 2016-cı il tarixinədək 47000 (qırx yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilir ki, 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsi üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 aprel 2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) 2934,95 (iki min doqquz yüz otuz dörd dollar 95 sent) ABŞ dolları məbləğində borcu vardır. 06 iyul 2021-ci ildə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, borc alan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsi üzrə alınmış kredit məbləğinə görə borc verən “xxxx” X3 Açıq Səhmdar Cəmiyyətinə (indiki adı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti) hər hansı bir məbləğdə ödənilməmiş əsas kredit borcu və faiz borcu qalmamışdır. Eləcə də, 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulan öhdəliklərin icrası üzrə yaranmış mübahisəli hallarla əlaqədar iddiaçı “xxxx” MMC cavabdeh İddiaçı ASC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ASC-dən 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsi üzrə artıq ödənilmiş 2005,24 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli e-2-2(113)-2951/2020 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-2(103)-360/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020ci il tarixli e-2-2(113)-2951/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Beləliklə də, məhkəmə araşdırması zamanı borc verən “xxxx” İKB ASC (İddiaçı ASC) ilə borc alan “xxxx” MMC arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncunun 12 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit alması və eyni zamanda, həmin kredit məbləği üzrə borc alan “xxxx” MMC-nin hər hansı bir ödənilməmiş əsas borcunun və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcunun (qaytarılmamış əsas kredit məbləğinin və ödənilməmiş faiz məbləğinin) olmadığı müəyyən edilmiş olsa da, həmin Müqavilə üzrə “banka gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış faydanın” ödənilməli olmasının əsaslılığı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası, yəni “cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2934,95 ABŞ dolları məbləğində borcun tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-660/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-660/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver