Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-665/2021 30.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2535 (iki min beş yüz otuz beş) manat məbləğində icarə haqqı borcunun, 235,60 (iki yüz otuz beş manat 60 qəpik) manat məbləğində penya borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə vergi orqanında sahibkar kimi qeydiyyata alınmış Cavabdeh arasında İddiaçı MMC-yə məxsus binanın 4-cü mərtəbəsində yerləşən sahəsi 78 kv.m. olan 401 saylı ofisin icarəyə verilməsinə dair 01 fevral 2020-ci il tarixli İcarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən İddiaçı MMC müqaviləyə sadiq qalaraq həmin ofisi cavabdehin istifadəsi və sahibliyinə vermişdir. İcarə müqaviləsinə əsasən qarşılıqlı razılıq əsasında icarə haqqı 585 manat müəyyən edilmişdir. İcarəçi Cavabdeh ilk aylar icarə haqqını ödəsə də, sonrakı aylar müqavilədə göstərilən ödənişi etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcarəyə verən İddiaçı MMC tərəfindən dəfələrlə icarəçi Cavabdeh icarə haqqının ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Lakin, cavadeh hər dəfə müxtəlif bəhanələr gətirmiş və icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Ona görə də, İcarə müqaviləsinin 5.5-ci bəndinin tələblərinə əsasən icarəyə verən İddiaçı MMC birtərəfli olaraq həmin İcarə müqaviləsini ləğv etmişdir. Müqavilə ləğv edildikdən sonra X1 ödənilməmiş qalıq icarə borcu tələb edilmiş olsa da, sonuncu bu günə kimi hər hansı ödəniş etməmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh 2020-ci il iyun ayı üzrə 585 (beş yüz səksən beş) manat icarə haqqı və 58,50 (əlli səkkiz manat 50 qəpik) manat penya, 2020-ci ilin iyul ayı üzrə 585 (beş yüz səksən beş) manat icarə haqqı və 58,5 (əlli səkkiz manat 50 qəpik) manat penya, 2020-ci ilin avqust ayı üzrə 585 (beş yüz səksən beş) manat icarə haqqı və 58,50 (əlli səkkiz manat 50 qəpik) manat penya, 2020-ci ilin sentyabr ayı üzrə üzrə 585 (beş yüz səksən beş) manat icarə haqqı və 50,90 (əlli manat 90 qəpik) manat penya və 2020-ci ilin oktyabr ayının ilk 10 günü üzrə 195 (yüz doxsan beş) manat icarə haqqı və 9,20 (doqquz manat 20 qəpik) manat penya borcu olmaqla, ümumilikdə 2535 (iki min beş yüz otuz beş) manat məbləğində icarə haqqı və 235,60 (iki yüz otuz beş manat 60 qəpik) manat məbləğində penya borcu hesablanmışdır. 01 fevral 2020-ci il tarixli İcarə müqaviləsinin 2.3-cü bəndinə əsasən icarəçi icarə haqqını müqavilədə göstərilən müddətdə və miqdarda icarəyə verənə verməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən İcarəçi öhdəliyinin icrasını gecikdirdiyi hər gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin icarə haqqı məbləğinin 10% (on) miqdarından artıq olmayan məbləğdə İcarəyə verənin xeyrinə ödənilməli olan penya şəklində məsuliyyət daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə müddəti qeyri-yaşayış sahəsinin təhvil-təslim aktı üzrə təhvil verildiyi tarixdən 11 (on bir) ay müddətində müəyyən edilir. Müqavilənin 5.5-ci bəndinə əsasən İcarəçi icarə haqqı müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra 15 (on beş) gün ərzində ödənilmədikdə və ya onun ödənilməsi 3 (üç) ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə İcarəyə verən İcarəçiyə 7 (yeddi) gün əvvəlcədən yazılı xəbərdarlıq edilməklə icarə müqaviləsini bir tərəfli qaydada ləğv edə bilər. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 2535 manat məbləğində icarə haqqının, 235,60 manat məbləğində penya borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2020-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə əsasında və həmin Müqavilə üzrə həmin tərəflər arasında imzalanmış 01 fevral 2020-ci il tarixli Təhvil-təslim aktına əsasən Sumqayıt şəhəri, Bakı küçəsi 60 ünvanında yerləşən binanın ("Sülh Plaza") 4-cü mərtəbəsində 78 kvadratmetr sahədən ibarət 401 saylı ofisi 01 fevral 2020-ci il tarixindən 11 (on bir) ay müddətinə aylıq 585 (beş yüz səksən beş) manat icarə haqqı olmaqla icarəyə verən İddiaçı tərəfindən icarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 01 fevral 2020-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə sahəsinə görə icarə haqqı ödənişləri aylıq olmaq şərti ilə müvafiq təqvim ayının ilk 5 günü ərzində İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülmə və ya onun kassasına nağd şəkildə mədaxil edilmə yolu ilə nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, İcarə haqqının ödənilməsi üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən İcarəçi öhdəliyinin icrasının gecikdirildiyi hər günü üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1 % miqdarında, lakin aylıq icarə haqqının məbləğinin 10 %-dən artıq olmayan məbləğdə İcarəçinin xeyrinə ödənilməli olan penya şəklində məsuliyyət daşıyır. Həmin Müqavilənin 5.5.4-cü bəndinə əsasən, İcarə haqqı Müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra 15 gün ərzində ödənilmədikdə və ya onun ödənilməsi 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə, həmin müqavilənin 5.5-ci bəndinə əsasən, İcarəyəverən İcarəçiyə 7 gün əvvəlcədən yazılı xəbərdarlıq göndərməklə, bu Müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli 011 nömrəli Maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli "Qeyriyaşayış sahəsinin icarəsi haqqında" Müqaviləyə əsasən sonuncu Cəmiyyətə məxsus Sumqayıt şəhəri, Bakı küçəsi 60 ünvanında yerləşən binanın ("Sülh Plaza") 4-cü mərtəbəsində 78 kvadratmetr sahədən ibarət 401 saylı ofisi icarəyə götürmüşdür. İcarə Müqaviləsinin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 585 (beş yüz səksən beş) manat məbləğində müəyyən edilmişdir. İcarəçi Cavabdeh 01 fevral 2020-ci ildə 401 saylı ofisi təhvil almış və həmin ilin oktyabr ayının 10-dək orada sahibkarlıq fəaliyyəti göstərmişdir. İcarəçi Cavabdeh 2020-ci ilin fevral-may ayları üzrə icarə haqqı məbləğini tam şəkildə ödəsə də, iyun-sentyabr ayları üzrə cəmi 2340 manat və oktyabr ayının 10 günü üzrə 195 manat olmaqla, ümumilikdə 2535 (iki min beş yüz otuz beş) manat icarə haqqı məbləğini bu günədək ödəməmişdir. X2 4.2-ci bəndinə əsasən İcarəçiyə 235,6 manat penya hesablanması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli “Qeyriyaşayış sahəsinin icarəsi haqqında” Müqavilə ilə Sumqayıt şəhəri, Bakı küçəsi 60 ünvanında yerləşən binanın ("Sülh Plaza") 4-cü mərtəbəsində icarəyə verilmiş 401 saylı ofis sahəsinə görə icarəçi Cavabdeh icarəyə verən İddiaçı MMC-yə ödənilməmiş cəmi 2535 manat məbləğində icarə haqqı borcu vardır. Ona görə də, hazırkı iddia ərizəsi ilə cavabdeh (İcarəçi) tərəfindən ödənilməmiş cəmi 2535 manat məbləğində icarə borcunun və həmin borcun ödənilməsinin gecikdiriləməsinə görə hesablanmış cəmi 235,60 manat məbləğində penyanın tutulması üçün iddiaçı (İcarəyə verən) tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 01 fevral 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş cəmi 2535 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “icarə borcunun ödənilməsinin gecikdiriləməsinə görə hesablanmış cəmi 235,60 manat məbləğində penyanın tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, penya məbləği azaldılarkən – digər hallarla yanaşı, ölkədə COVİD-19 virusu ilə əlaqədar yaranmış pandemiya vəziyyətinin sahibkarlıq fəaliyyətinə etdiyi təsiri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara da pandemiyanın təsirsiz ötüşmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 01 fevral 2020-ci il tarixli İcarə müqaviləsi üzrə hesablanmış 2535 manat məbləğində icarə haqqı borcu və 100 manat məbləğində penya İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 2535 (iki min beş yüz otuz beş) manat məbləğində icarə borcu, 100 (yüz) manat məbləğində penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2665 (iki min altı yüz altmış beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-665/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-665/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver