Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-670/2025 14.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 9093,34 (doqquz min doxsan üç manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 501,62 (beş yüz bir manat, altmış iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9594,96 (doqquz min beş yüz doxsan dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 115,95 (yüz on beş manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 28 mart 2023-cü il tarixli KBMK0387650B141 nömrəli kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28 mart 2023-cü il tarixli ZMKBMK0387650B141 nömrəli və Cavabdeh1 ilə 28 mart 2023-cü il tarixli ZMKBMK0387650B141 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin Cavabdeh3 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş və nəticədə onun 21 yanvar 2025-ci il tarixə İddiaçı ASC-yə 9093,34 manat məbləğində əsas borc, 501,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 9594,96 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 iyun 2022ci il tarixli **********07062022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 1.2-ci bəndinə əsasən, bank (iddiaçı) müqavilə çərçivəsində müştəriyə (cavabdehə) cari hesabın açılması, aparılması və “Müştəri-Bank” xidməti, əmanət, kredit, qarantiya, akkreditiv, faktorinq, korporativ kart, lokal kart, əmək haqqı kartları, POSterminal, inkassasiya xidməti, elektron ticarət (e-commerce) xidmət kimi xidmətləri və məhsulları təqdim edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müştəri bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə müştəri və bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında 07 iyun 2022-ci il tarixli **********07062022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 28 mart 2023-cü il tarixli KBMK0387650B141 nömrəli əlavə imzalanmışdır. Bu əlavənin 2-ci hissəsinə əsasən, bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin əlavənin 2.1-2.6-cı və 2.13-cü bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə kreditin məqsədli təyinatı əsas vəsait, növü fərdi mikro kredit olan 20000 manat məbləğində kredit verilmişdir. Həmin əlavənin 2.14-cü bəndinə əsasən, bu əlavə ilə müəyyən edilmiş öhdəliklərin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 zaminliyi qeydə alınacaqdır. Həmin əlavənin 2.16-cı bəndinə əsasən bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Həmin əlavənin ödəniş qrafikindən görünür ki, cavabdehin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 28 mart 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli ZM-KBMK0387650B141 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin (Cavabdeh2) borcalanın (Cavabdeh3) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli ZM-KBMK0387650B141 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh1) borcalanın (Cavabdeh3) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, KBMK0387650B141 nömrəli müqaviləyə əsasən Cavabdeh3 20000 manat məbləğində tranş ayrılmış, həmin hesabdan çıxarışa və 28 mart 2023-cü il tarixli kassa mədaxil orderinə əsasən, kreditin 10000 manat məbləğində olan hissəsi kassadan məxaric edilmişdir. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli 15/00299 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 28 mart 2023-cü il tarixli KBMK0387650B141 nömrəli müqavilə üzrə 21 yanvar 2025-ci il tarixə 9093,34 manat məbləğində əsas borc, 501,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 9594,96 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə bağladığı 07 iyun 2022-ci il tarixli **********07062022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 28 mart 2023cü il tarixli KBMK0387650B141 nömrəli Əlavə üzrə Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1nun da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 mart 2023-cü il tarixli KBMK0387650B141 nömrəli Əlavə üzrə cavabdehdən 9093,34 manat məbləğində əsas borcun və 501,62 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 115,95 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 11 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 115,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 115,95 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 9093,34 manat məbləğində əsas borc, 501,62 manat məbləğində faiz borcu və 115,95 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9710,91 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9093,34 (doqquz min doxsan üç manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 501,62 (beş yüz bir manat, altmış iki qəpik) manat məbləğində faiz borcu və 115,95 (yüz on beş manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9710,91 (doqquz min yeddi yüz on manat, doxsan bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-670/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-670/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver