Məhkəmə qərarları › İş №e-2-2(119)-671/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-671/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-671/2021 03.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi X6, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə ******* (bir milyon iki yüz doqquz min altı yüz bir) manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən başlayaraq Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 kvadrat metr, əsas sahə 804,96 kvadrat metr, köməkçi sahə 30,96 kvadrat metr daşınmaz əmlakı inşa etmiş, avadanlıqlarla təchiz edərək “Duyğu” Restoranı (xidmət) fəlaiyyətini həyata keçirmişdir. AR ƏMDK DƏDRX 2 saylı Ərazi İdarəsinin Cavabdeh QSC-nin adına verilən 15.03.2016-cı il tarixli Texniki pasportda “C“ Liter ilə göstərilən “Duyğu” İaşə obyektinin tikintialtı sahə 152 kvadrat metr göstərilmiş, ümumi sahəsi 130,1 kvadrat metr göstərilmişdir. Həmin 130,1 kvadrat metr sahəsi olan daşınmaz əmlakıda İddiaçı inşa etmişdir. Lakin, Cavabdeh QSC həmin 130,1 kv metr tikilini xüsusi mülkiyyət kimi qeydiyyata alınsa da qalan təxminən 700 kv metr əmlak Cavabdeh QSCnin mülkiyyətinə aid deyildir. Mütəxəssislərin rəsmi rəyinə görə İddiaçı inşa etdiyi 835,92 kv metr tikilinin dəyəri 1209 601 manat, avadanlıqların dəyəri 60 500 manat müəyyən edilmişdir. İddiaçı şəxsi vəsaiti hesabına istifadəsində olan torpaq sahəsində qeyd olunan daşınmaz əmlakı inşa etmişdir. Cavabdeh QSC məhkəmələrə müraciət edərək İddiaçı inşa etdiyi və istifadəsində olan əmlakın bir hissəsindən (yəni 130,1 kvmetr) çıxarılmasını tələb edir. İddiaçının istifadəsində olan “Duyğu” Restoranından çıxarılması müqabilində Cavabdeh QSC ******* manat daşınmaz əmlak əvəzi olaraq ona ödəməlidir. İddiaçı Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 kvadrat metr, əsas sahə 804,96 kvadrat metr, köməkçi sahə 30,96 kvadrat metr daşınmaz əmlakı inşa etdiyi, ******* manat dəyərində olan (“Duyğu” Restoranı) daşınmaz əmlakları ayırmaq mümkün olmadığından cavabdeh təşkilatı tərəfindən ******* manat pul İddiaçı ödənilməlidir. İddia ərizəsində Mülki Məcəllənin 14.2.7, 386.1, 1091, 1092, 157.6, 157.7-ci maddələrinə istinad edilərək iddianın təmin olunması xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbində göstərilən hallara istinad etməklə, tərəflər arasında bağlanmış 02.11.2009-cu il tarixli 158 nömrəli icarə müqaviləsinə istinad edərək göstərmişdir ki, müqavilənin 5-ci bəndinə görə görülən tikinti-quraşdırma işləri tam başa çatdıqdan və uçota alınıb balansa götürüldükdən sonra bu məbləğ icarə haqqının 30%-i Cavabdeh QSC-nin (müqavilə üzrə icarəverənin) kassasına ödəməklə qalan 70%-i hesabına əvəzləşdirilir. Sonrakı müqavilələrdə 5-ci bəndi əsaslı dəyişdirilməmişdir. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əsaslı tikinti quraşdırma işləri tam başa çatdıqdan və uçota alınıb balansa götürüldükdən sonra bu məbləğ hər ay aylıq icarə haqqından qismən əvəzləşdirilir. Cavabdeh QSC müqavilənin 5-ci bəndinin icarəyəgötürən tərəfindən görülən əsaslı tikintiquraşdırma işlərinin bir hissəsini balansa almış, görülən işlərin dəyəri icarə haqqından çıxarılmamış, yəni Cavabdeh QSC tikililərin dəyərini iddiaçıya (icarəyə götürənlərə) ödəməmişdir. Belə ki, Cavabdeh QSC-nin 30.11.2008-ci il tarixli aktından görünür ki, 7 otaqlı tualetlər və yardımçı otaqlar inşa edilməsini, 10 ədəd plastik pəncərə və 16 ədəd plastik qapıların qoyulmasını təsdiq etmişdir. Xərclənmiş vəsaitin ümumi məbləği 39000 manat göstərilmişdir. Cavabdeh QSC-ni digər illərdə də tərtib etdiyi aktlarda iddiaçı tərəfindən aparılan tikinti-quraşdırma işləri qəbul etmiş, lakin xərclənmiş vəsaitləri ödəməmişdir. Cavabdeh QSC İddiaçı və ya onun qohumları ilə bağladığı müqavilələrin 5ci bəndində göstərilən öhdəliklərini icra etməmiş nəticədə İddiaçı ******* manat inşa olunan tikinti-quraşdırma işlərinin əvəzini ödəməmişdir. İddiaçı istifadəsində olan “Duyğu” restoranından çıxarılması müqabilində Cavabdeh QSC ******* manat daşınmaz əmlak əvəzi olaraq İddiaçı ödənilməlidir. Ərizədə Mülki Məcəllənin 386.1, 157.6, 157.7-ci maddələrinə istinad edilərək iddianın təmin olunması xahiş edilmişdir. Cavabdehin qanuni təmsilçisi Q.Kərimov iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi məhkəmə baxışı üçün mümkünsüz hesab edilməlidir. Çünki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 saylı 15.10.2020-ci il tarixli qətnaməsi ilə X9 və İddiaçı borclarını ödəməklə, sahibkarın obyektindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi 02.03.2021-ci il tarixli Qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli Qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Odur ki, iddia əsassızdır. Eyni predmet üzrə məhkəmə qətnaməsi var, buna görə də məhkəmə baxışına mümkünsüz hesab edilməlidir. Etirazda göstərilir ki, İddiaçı "xxxx" SC-nə 02.11.2009-cu ildə ərizə yazaraq müraciət edib və 05 saylı sahəni (sonradan həmin sahə 03 saylı adlandırıldı, indi isə 01 saylı sahə adlanır) üzərindəki əmlakı ilə birlikdə ona İcarayə verməyi xahiş edib və həmin tarixdə onunla 158 nömrəli muqavilə bağlanıb. O, isə iddia ərizəsində yazır ki, 2007- 2008ci ildə orada 28 sot torpaq sahəsi alıb və sahibkarlıq edib, bu yalandır. Həmin sahə 1990cı ildən iddiaçının balansa verilmiş 28 hektar torpaq sahəsinin tərkib hissəsidir və 1991-ci ildən fəaliyyətə başlayıb. Ryestr Xidməti tərəfindən 1-2 zonaya tərtib olunan Baş Planda istismara qəbul olunan istismara qəbul olunmayan yarımçıq tikililər haqqında məlumat verilib. Həmin sahə ilə bağlı Dövlət Əmlak Komitəsi cavabdehi mühafizə zolağında qanunsuz tikililərə görə məhkəməyə verib, cərimə elətdirmək istəyirdi, lakin iddianın əsassız olduğu sübut olundu. Əgər bu sahə ilə bağlı bir qüsur olsaydı onlar bunu deyərdilər və məhkəməni udardılar. İddiaçı 2005-ci ildə bütün dənizkənarı kompleksi, 28 hektar, İ-İİ-İİİ sahələrlə birlikdə girov qoyub kredit almışdır. 2014-cü ildə kredit ödəyib obyekti girovdan çıxarıldı. Etirazda daha sonra göstərilir ki, iddiaçı orada icarədar olubdur, qanunları, qaydaları və müqavilə şərtlərini təkrar olaraq kobud şəkildə pozduqlarına görə obyektdən çıxarmaları məhkəmə tərəfindən qət olunub. Onlar 2014-cü ildə də müqavilə şərtlərini pozmuşdurlar. Sumqayıt Şəhər Məhkəməsi 19.06.2014-cü il tarixli qərardadla onların fəaliyyətini dondurdu və obyektdən çıxarılmasına qərar verdi. Onlar hər ikisi gəlib izahat yazıb üzr istədilər və tikintini tamamlamağa icazə verməyi xahiş elədilər. O vaxt da təsadüfən İdarə Heyətinin üzvləri nəzarət qaydasında obyektə baxış keçirdərkən görüblər ki, qanunsuz olaraq obyektdə tamamilə taxtadan tikinti quraşdırma işləri aparılır. Tez gəlib məlumat verib, təqdimat yazıblar, qanunsuz tikintini durdurulmuş, məhkəməyə müraciət edilmişdir. Birincisi icarə müqaviləsində göstərilib ki, belə bir zərurət yaranarsa, ilk növbədə onlar (icarədarlar) sahibkardan icazə alırlar, bu zaman görüləsi işin smetası və layihəsi təqdim olunur. Orada istifadə olunacaq materialların siyahısı müəyyən olunur. Əgər sahibkar icazə versə onda həmin layihə aidiyyatı dövlət qurumları ilə razılaşdırılır, yalnız ondan sonra sahibkarın nümayəndəsinin nəzarəti altında inşa olunur və icarə haqq ilə əvəzləşdirilir. 2014-cü ildə bunların inşa etdikləri həmin tikili tamamilə taxtadandır. Odur ki, onun istismara qəbul olunmasına nə Fövqəladə Hallar Nazirliyi, nə də Dövlət Tikinti Komitəsi icazə vermir. Onlar gəlib yalvardılar ki, Ramazan ayıdır, mərhəmət göstərin əziyyət çəkmişik. Sonra idarə heyəti tam etiraz elədi, xahişi əsasında qanunsuz tikili uçota alınıb icarə haqqı ilə əvəzləşdirildi, 2017-ci ildə tam ödənildi. Ancaq onlar lazımi icazələri almadılar. Ona görə də bu tikinti də yarımçıq tikinti kimi qaldı cavabdehin balansda, dəyəri cavabdeh tərəfindən ödənsə də istismara qəbul olunmadı, çünki 18%-dən artıq yanan materialdan istifade olunan tikinti obyektləri istismara qəbul edilmir. Burda isə hamısı taxtadandır. O biri tikintidə yükdaşıyan divarlar təkqat daşla tikilib deyə istismara qəbul edilmir. Odur ki, qanunsuz olduğuna görə gec-tez sökülməlidir və ödədiyimiz məbləğ geri qaytarılmalıdır. Etirazda daha sonra göstərilir ki, hər iki tikinti başqa-başqa icarədarların vaxtında inşa olunub və həmin tikintilərin İddiaçı heç bir aidiyyatı yoxdur. "xxxx" SC-in məhkəməyə müraciət etməsini şərtləndirən əsas səbəb onların bütün qanun və qaydaları pozaraq, icarə müqaviləsinin bütün bəndlərini tapdayaraq aldatmaları olmuşdur. 29.07.2020-ci il tarixdə İdarə Heyətinin üzvləri nəzarət qaydasında müəyyən etmişlər ki, obyektdə mövcud yer tutumu 40 nəfərə qarşı 226 nəfərdir və bu barədə bizə məlumat verilməyib. Odur ki, dərhal obyektin inzibatçısı İddiaçı iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, icarədar (Mehdiyev Ruslan) özü heç obyektə gəlmir və müəyyən olunmuşdur ki, obyektin icarəçisi-Mehdiyev Ruslan 31.12.2018-ci ildən VÖENnin fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Baxmayaraq ki, icarə müqaviləsi Mehdiyev Ruslanla həmin VÖEN-ə əsasən bağlanmışdır. Beləliklə də obyekt qanunsuz fəaliyyət göstərmişdir. Vəziyyətdən sui istifadə edən obyektin inzibatçısı İddiaçı vəzifə saxtakarlığı və dələduzluq edərək obyekti qanunsuz işlətmişdir. İdarə Heyətinin üzvləri orada olanda görüblər ki, bir xeyli işçiləri də varmış. Hərçənd təqdim olunmuş vergi arayışında işçilər yoxdur, yalnız inzibatçı müqavilə əsasında fəaliyyət göstərir. Beləliklə, onlar həm “Xəzər" SC-ni, həm də dövləti aldadıblar. Vəzifə saxtakarlığı və dələduzluq edərək Cəmiyyətə maddi və mənəvi ziyan vurublar. İddiaçıla bağlanmış müqavilələrə onun yazdığı 01.01.2013-cü il tarixli ərizə ilə xitam verilmişdir. 01.07.2014-cü il tarixli İddiaçıla Mehdiyev Ruslan arasında bağlanmış və “Xəzər" SC-i tərəfindən təsdiq olunmuş İddiaçı inzibatçı kimi xidmət göstərməsi haqqında müqavilə isə ona görə bağlatdırılmışdır ki, 2014-cü ildən sonrakı dövrdə İddiaçı da R.Mehdiyevlə bərabər maddi məsuliyyət daşısın. İddiaçının heç bir hüquqi sənədi yoxdur və onun təqdim elədiyi sənədlər kifayət deyil ki, məhkəmə baxışı mümkün hesab edilsin. Cavabdeh daha sonra təqdim etdiyi etiraz ərizəsində də yuxarıda göstərilən hallara istinad etməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14.09.2021-ci il tarixli qərarını, Bakı Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli qətnaməsini və Sumqayıt Kommersiya Məhkəməsinin 15.10.2020-ci il tarixli icra sənədini təqdim etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 700.1, 701.2.4cü maddələrinə istinad etməklə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin ona əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Q.Kərimov və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında şahid qismində ifadə verən X3, X7 və X15 “Duyğu” restoranında həyata keçirilən tikinti işlərində iştirak etdiklərini və həmin obyektdəki tikililərin İddiaçı tərəfindən aparıldığını bildirdilər. Məhkəmə iclasında şahid qismində ifadə verənlər X10 və X8 “Duyğu” restoranında işlədiklərini, onları işə İddiaçı tərəfindən qəbul edildiyini, əmək haqlarının da onun tərəfindən verildiyini, həmin obyektdə olan tikililətin İddiaçı tərəfindən inşa edildiyini bildirdilər. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 2014-cü ildə “Duyğu” restoranının icarə müqaviləsinin formal olaraq onunla bağlanıldığını, lakin müqavilənin icrasının İddiaçı tərəfindən həyata keçirildiyini, orada olan tikinti işlərinin də İddiaçı tərəfindən aparıldığını bildirdi. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18.03.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə tərəflərin iştirak etdiyi iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və İddiaçı qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-2(119)-599/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər X2 və İddiaçı çıxarılmaları, cavabdehlər X1 və İddiaçı müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmim qətnamə ilə müəyyən edilmişdir ki, “...Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur və həmin əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə cavabdeh İddiaçı, 2014-cü ildən isə cavabdeh X4 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin X4 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilədə icarəçi X9 (VÖEN **********) tərəfindən icarəyə verən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə hər ay 1500 manat məbləğində icarə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. 31 dekabr 2018-ci ildə isə icarəçi X2 VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin, həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçi X2 yaxın qohumu İddiaçı tərəfindən idarə olunmuşdur. 2020-cil ilin avqust ayında iddiaçı Cavabdeh QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulunu ödəyib, icarə obyektini təhvil vermələrini tələb etsə də, cavabdehlər X9 və İddiaçı hal-hazıradək həmin icarə obyektini iddiaçıya təhvil verməmişlər”. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-2(105)-22/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 14.09.2021-ci il tarixli, qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərk Sumqayıt Apellyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, daşınmaz əmlakın dövlət reyestrindən RX serialı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən 1,54 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 304,4 kv.m olan əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. İddiaçının təqdim etdiyi 02.11.2009cu il tarixli 158 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti) icarəyəgötürənin (İddiaçı) müraciətini nəzərə alaraq özünün Dənizkənarı İstirahət zonasının ümumi sahəsi 3080 m2, tikili sahəsi 351 m2 olan 05 nömrəli sahəsini üzərində əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün icarəyəgötürənə icarəyə verir. Daha sonra isə tərəflər arasında həmin obyektə dair 01.01.2011 və 01.01.2012-ci il tarixli icarə müqavilələri bağlanılmışdır. Cavabdeh tərəf qeyd edilən əmlakın X4 icarəyə verilməsinə dair 01.01.2013 və 01.07.2014-cü il tarixli icarə müqavilələrini, habelə eyni əmlak olduğu bildirilən lakin sahəsi 150 m2 olan əmlakın icarəyə verilməsinə dair müqavilələrin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.06.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1088.1 və 1088.2-ci maddələrinə əsasən icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir. Həmin Məcəllənin 1089.3cü maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Hazırki iş üzrə İddiaçı Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 kvadrat metr, əsas sahə 804,96 kvadrat metr, köməkçi sahə 30,96 kvadrat metr daşınmaz əmlakı inşa etdiyini və ******* manat dəyərində olan (“Duyğu” Restoranı) daşınmaz əmlakları ayırmaq mümkün olmadığından cavabdeh tərəfindən ******* manat pulun ona ödənilməsini tələb edir. İddiaçının təqdim etdiyi, "xxxx" MMC tərəfindən hazırlanmış əmlakın qiymətləndirilməsi barədə 26.10.2021-ci il tarixli ES/O 002-028/21 saylı hesabatda iddiaçının istifadəsində olan qiymətləndirilən obyektdə daş hasar, xidməti bina, mətbəx, kürə, kürə (mətbəxin daxilində), manqalxana, texniki bina və anbarların (2 ədəd) tikildiyi il kimi 2008-ci il göstərilmiş, digər xidməti binanın tikildiyi il 2011-ci il, söhbətgah, yay otaqları və terrasın tikildiyi ilin isə 2012-ci il olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 2007-ci ildən başlayaraq həmin ərazidə daşınmaz əmlak inşa etdiyini göstərsə də, onun özünün təqdim etdiyi müqavilələrdən, həmçinin cavabdehin təqdim etdiyi sənədlər əsasında müəyyən edilir ki, iddiaçı ilə qeyd edilən sahənin icarəsinə dair müqavilə 2009-cu ilin noyabr ayında bağlanılmışdır. Beləliklə iddiaçının özünün təqdim etdiyi sənədlər əsasında həmin ərazidə 2008-ci ildə tikildiyi göstərilən yuxarıda sadalanan tikililərin iddiaçı tərəfindən tikilməsi təkzib olunur. Digər tərəfdən cavabdehin təqdim etdiyi, 2008-ci ilin noyabr ayında tərtib edilmiş aktdan görünür ki, qeyd edilən ərazidə icarəyəgötürən X5 tərəfindən yekun dəyəri 39000 manat olan tikinti işləri aparılmışdır. İddiaçı aktda göstərilən və A.İsmayılov tərəfindən inşa edildiyi müəyyən edilmiş həmin tikililərin onun tərəfindən aparılmasını təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmin ərazidə tikililərin İddiaçı tərəfindən aparılmasına dair şahid ifadələrinə gəldikdə isə, məhkəmə həmin şahid ifadələrini iş üzrə digər sübutlarla təsdiq olunmadığından mötəbər sübut kimi qəbul etmir. Müvafiq ərazidə 2011 və 2012-ci ildə tikildiyi göstərilmiş digər tikililərə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının özünün də istinad etdiyi tərəflər arasında bağlanmış icarə müqavilələrinin 5-ci maddəsinə əsasən icarəyəgötürən zəruri olduğu halda sahədə görüləcək əsaslı tikinti quraşdırma işlərini icarəyəverənlə və müvafiq dövlət orqanları ilə razılaşdırır (kosmetik təmir işləri icarəyəgötürən tərəfindən öz vəsaiti hesabına aparılır və uçota alınmır). Görülən əsaslı tikinti quraşdırma işləri tam başa çatdıqdan uçota alınıb balansa götürüldükdən sonra bu məbləğ hər ay aylıq icarə haqqından qismən əvəzləşdirilir. İş materiallarında olan yuxarıda sadalanan sübutlardan, cavabdehin etiraz ərizəsindən, habelə onun qanuni təmsilçisinin izahatından, o cümlədən iddiaçının özünün 07.07.2014-cü il tarixli ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən tikilməsi iddia olunan həmin tikililərin tikilməsi yuxarıda qeyd edilən müqavilənin tələblərinə zidd olaraq icarəyəverənlə və müvafiq dövlət orqanları ilə razılaşdırılmamışdır. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 19.06.2014-cü il tarixli 2(060)-4780/2014 nömrəli qərardadından da görünür ki, X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Dənizkənarı istirahət zonasındakı 05 saylı sahədə apardığı qanunsuz tikinti-quraşdırma işlərinin aparılmasına qadağa qoyulmuşdur. Bundan əlavə, cavabdehin təqdim etdiyi 08.09.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, görülmüş işlərin məbləği 19828 manat depozitdə uçota alınaraq 2017-ci ilin iyul ayınadək icarə haqqı ilə əvəzləşdirilməklə tam bağlanılmışdır. İddiaçı həmin məbləğin əvəzləşdirilmədiyini bildirsə də bunu təsdiq edən hər-hansı mötəbər sübutu, o cümlədən cavabdehə müvafiq dövrlər üçün icarə haqqının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd edilən sübutlara və istinad edilən maddi hüquq normalarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsində icarəyəverən Cavabdeh QSC ilə razılaşdırılmış hər-hansı əsaslı tikililərin aparılması iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçının müvafiq tikililərin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair iddia tələbi təmin edilə bilməz. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar