Məhkəmə qərarları › İş №e-2-2(119)-671/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-671/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-671/2025 09.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə 14961,62 (on dörd min doqquz yüz altmış bir manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 1202,2 (min iki yüz iki manat, iyirmi qəpik) manat məbləğində faiz borcu, 656,18 (altı yüz əlli altı manat, on səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16820 (on altı min səkkiz yüz iyirmi) manat məbləğində borcun və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.0497 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsinə əsasən həmin cavabdehə illik 17 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı- Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və 0,0497 ha torpaq sahəsi iddiaçı qarşısında 27 aprel 2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən, o cümlədən cavabdehlərlə məhkəmədən kənar qaydada aparılmış danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasındakı hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığını, kredit müqaviləsində onun təyinatının sahibkarlıq fəaliyyəti və ya biznes fəliyyəti üçün götürüldüyünün qeyd edilmədiyini göstərmiş və bununla əlaqədar işin baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə aidiyyət haqqında ərizə rədd edilmişdir. Cavabdeh2 22 may 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək işin baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə Cavabdeh2 məhkəmənin 05 may 2025-ci il tarixli e-2-2(119)- 671/2025 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvədə saxlanılması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının 01 iyul 2025-ci il tarixli 2-2(102)-471/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının 21 iyun 2025-ci il tarixli 2-2(102)-471/2025 nömrəli qərardadının ləğv olunması, cavabdeh tərəfindən verilmiş şikayətin kassasiya baxışından çıxarılması və Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli e-2- 2(119)-671/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 01 avqust 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli qərardadından şikayət vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 bu qərardaddan şikayətlə müraciət edərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 2-2(105)-122/2025 qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2-2(119)- 671/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı 01 avqust 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli e-2- 2(119)-671/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və məhkəmə-əmtəəşünaslıq tədiqatı ilə bağlı mütəxəssis rəyinin əldə edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi 27 yanvar 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlərdən 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə 4961,62 (dörd min doqquz yüz altmış bir manat, altmış iki qəpik) manat məbləğində əsas borc, 1202,2 (min iki yüz iki manat, iyirmi qəpik) manat məbləğində faiz borcu, 11 fevral 2025-ci il tarixindən 27 yanvar 2026-cı il tarixinədək illik 5 faizlə hesablanan 656,18 (altı yüz əlli altı manat, on səkkiz qəpik) manat məbləğində əldən çıxmış faydanın, 661,33 (altı yüz altmış bir manat, otuz üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7481,33 (yeddi min dörd yüz səksən bir manat, otuz üç qəpik) manat məbləğində borcun və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 ümumi sahədən ibarət fərdi yaşayış evi və mülkiyyətində olan 0.0497 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi eyni tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair ekspert rəyindən narazıdır. Ekspert rəyinə əsasən cavabdehin kredit müqaviləsi üzrə 01 avqust 2025-ci il tarixinə əsas borcu 14557,06 manat, faiz borcu 2234,1 manat məbləğində hesablanmışdır. Ekspert rəyində iş üzrə əlavə sənədlərin zəruriliyi haqqında 29 oktyabr 2025-ci il tarixində vəsatət verildiyi və vəsatətə cavab olaraq 46 vərəqdən ibarət əlavə sənədlər təqdim olunduğu, həmin sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumatlar olduğu qeyd edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə olmaqla, ümumilikdə 487,03 manat məbləğində cərimə borcuna silinmə olmuşdur. Lakin bu ödəniş ekspert rəyində əsas borcdan silinmə kimi hesablanılmışdır. Ekspert öz hesablamalarını apararkən iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışları və silinmələri düzgün tədqiq etməmiş, cərimə borcundan silinmələri nəzərə almamışdır. İddiaçı 06 fevral 2026-cı il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə borc alan qismində Cavabdeh2, zaminlər qismində cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borc alana (Cavabdeh2) əsas vəsaitlərin artırılması məqsədilə 50000 (əlli min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 36 (otuz altı) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 50000 manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 17 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 17 faiz təşkil edir. Həmin müqavilənin 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq) məbləğində borcalan cərimə ödəməlidir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, əgər borcalan bu müqavilənin 2.2ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borcverən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borcalan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.3-cü yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 27 aprel 2025-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borc alan qismində Cavabdeh2, zaminlər qismində cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, bu müqavilənin predmeti 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsinə əsasən, bankdan kredit götürmüş borcalan (Cavabdeh2) tərəfindən bu öhdəliklərin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zaminlərin (cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1) öz üzərinə götürmələridir. Həmin müqavilələrin 2.2-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zaminlər və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC və ipoteka qoyan qismində Cavabdeh3 və borc alan qismində Cavabdeh2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak (əmlaklar) ipoteka ilə yüklü edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29 iyun 2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. sahədən ibarət fərdi yaşayış evi və 0.0497 ha torpaq sahəsidir. Həmin müqavilənin 2.2-ci bəndində ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka predmetinin satış qiymətini müəyyən edən qiymətləndirici şirkətlərin adları sadalanmış və həmin qiymətləndiricilərdən biri kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilmişdir. Həmin müqavilənin 9.1.1-ci yarımbəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən dövlət reyestrində 20 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.0497 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli müqavilə göstərilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli RB02/PK-704 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 12 sentyabr 2023-cü il tarixli SHMFS-394 nömrəli kredit müqaviləsi üzrə 9183,78 manat məbləğində əsas borc, 753,82 manat məbləğində faiz borcu, 87,9 manat məbləğində cərimə olmaqla, cəmi 10025,5 manat məbləğində borcu vardır. İş materiallarında olan 27 yanvar 2026-cı il tarixli RB02/PK-462 nömrəli maliyyə arayışından görünür ki, 4961,62 manat məbləğində əsas borc, 1202,2 manat məbləğində faiz borcu, 661,33 manat məbləğində cərimə, 656,18 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7481,33 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 05 yanvar 2026-cı il tarixli 9/4923 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin 11 fevral 2025-ci il tarixə: əsas borc üzrə 14557,06 manat, faiz borcu üzrə 1065,5 manat; 01 avqust 2025-ci il tarixə: əsas borc üzrə 14557,06 manat, faiz borcu üzrə 2234,1 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 13 yanvar 2026-cı il tarixli PR/M/003/2026 nömrəli məktubun məzmununda “ ... fərdi yaşayış evinə baxış keçirmək üçün iş üzrə Cavabdeh2 ilə ***-***-**-** nömrəsi ilə bir neçə dəfə əlaqə saxlanılmış, lakin Cavabdeh2 buna şərait yaratmamışdır. Bu səbəbdən, qiymətləndirmə işi iddiaçı tərəfin təqdim etdiyi sənədlər və şəkillər əsasında həyata keçirilmişdir. Yerində baxış keçirilmədiyinə görə, evin dəyərinə təsir edən evin yerləşməsi və zəruri olan bəzi məlumatlar müəyyən edilmədiyindən, qiymətləndirmə zamanı həmin məlumatlar orta göstəricilər üzrə hesaba alınmışdır. Belə olan halda, müəyyən edilmiş dəyər ilə fərdi yaşayış evinin real vəziyyətdəki dəyəri arasında qismən kənarlaşma ola bilər” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 yanvar 2026-cı il tarixli PR/M/003/2026 nömrəli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 0,0497 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 173,4 kv.m. fərdi yaşayış evinin 13 yanvar 2026-cı il tarixinə likvid dəyəri 60800 manat, bazar dəyəri 76000 manat məbləğində təşkil edir. İş materiallarına, həmçinin kredit müqaviləsi üzrə edilən ödənişləri əks etdirən “Kreditin tarixi” adlanan sənəd əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 17 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 05 yanvar 2026-cı il tarixli 9/4923 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit müqaviləsi üzrə 4961,62 manat məbləğində əsas borcun tutulması xahiş edilsə də, ekspert rəyində 01 avqust 2025ci il tarixinə əsas borcun məbləği 14557,06 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Kreditin tarixi” adlanan sənəddən görünür ki, Cavabdeh2 tərəfindən 01 avqust 2025-ci il tarixindən sonra 12 dekabr 2025-ci il tarixində 10000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 4557,06 (14557,06- 10000=4557,06) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi 27 yanvar 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair ekspert rəyindən narazı olduğunu qeyd etsə də, həmin ərizənin məzmununda və ya ayrıca qaydada əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə xahiş ünvanlamamış, bu barədə hər hansı vəsatət təqdim etməmiş, əksinə 06 fevral 2026-cı il tarixli ərizəsində iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər ... (Mülki Prosessual Məcəllə, 102.3-cü maddə). Məhkəmə qeyd edir ki, 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli krеdit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən də 05 yanvar 2026-cı il tarixli 9/4923 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 1065,5 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit müqaviləsi üzrə 1202,2 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, ekspert rəyində faiz borcunun məbləği 1065,5 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1065,5 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “qalıq əsas borca illik 5 % ilə hesablanmış 656,18 manat məbləğində əldən çıxmış fayda”nın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən elektron iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, qalıq əsas borca illik 5 faizlə hesablanmış 656,18 manat məbləğində əldən çıxmış fayda 11 fevral 2025-ci il tarixdən başlanılmaqla hesablanılmışdır. Hazırkı iddia ərizəsi ilə 11 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edilmiş, məhkəmənin 21 aprel 2025-ci il tarixli qərardadı ilə işə məhkəmə baxış iclasında baxılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının qalıq əsas borca illik 5 faizlə hesablanmış əldən çıxmış faydanı tələb etmək hüququ özünün tərtib etdiyi arayışda qeyd etdiyi kimi 11 fevral 2025-ci il tarixində yaranmış olsa da, o, məhkəməyə ünvanladığı iddia ərizəsində belə bir əsasla hər hansı məbləği tələb etməmiş, eyni zamanda məhkəmə baxış iclası təyin edilənədək (21 aprel 2025-ci il tarixinədək) bu hüququndan istifadə etməmişdir. Mülki-prosessual qanunvericiliyin istinad edilən normasına əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmağa haqlıdır, məhkəmə baxışı zamanı isə iddia tələbinin həcminin artırılmasına bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyi halda yol verilir. Hazırkı iş üzrə iddiaçı qalıq əsas borca illik 5 faizlə hesablanan əldən çıxmış fayda məbləğinin tutulması barədə tələbi iddia ərizəsi ilə tələb etmədiyindən, eyni zamanda işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bu əsasa istinad edərək iddia tələbinin həcmini artırmadığından, eyni zamanda iddia tələbinin həcminin artırılmasına səbəb olan olan bu əsas məhkəmə baxışı gedişində əmələ gəlmədiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilə və təmin edilə bilməz. İddia tələbinin cavabdehlərdən 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli kredit müqaviləsi üzrə 661,33 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış kredit müqaviləsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.14.2-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən 661,33 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada iddia ərizəsində göstərilən məbləğdə, cəmi 656,58 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və cavabdehlər ipoteka qoyan qismində Cavabdeh3 və borc alan qismində Cavabdeh2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli NSBK-584 nömrəli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. sahədən ibarət fərdi yaşayış evi və 0.0497 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 13 yanvar 2026-cı il tarixli PR/M/003/2026 nömrəli məktubun məzmununda Cavabdeh2 tərəfindən ipoteka predmeti olan ünvana baxış keçirilməsi üçün şərait yaradılmadığı, bu səbəbdən qiymətləndirmənin iddiaçı tərəfindən təqdim etdilmiş sənədlər və şəkillər əsasında həyata keçirildiyi qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq, iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 13 yanvar 2026-cı il tarixli PR/M/003/2026 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 60800 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddianın həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin “ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 51 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 140,05 manat təşkil etdiyindən (14961,62 + 1065,5 + 656,18 = 16683,3, hazırda əsas borcun məbləği 4557,06 manat olsa da, həmin borcun 10000 manat məbləğində olan hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc, qətnamə ilə tutulması qət edilmiş faiz borcu və cərimə məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 21 yanvar 2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına aparılan mütəxəssis tədqiqatı ilə bağlı 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli 9/4923 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlərdən müştərək qaydada 4557,06 manat məbləğində əsas borc, 1065,5 manat məbləğində faiz borcu, 656,18 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 altı manat məbləğində xidmət haqqının, 300 manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140,05 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6769,79 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdеhlərdən tutulmalı olan cəmi 6769,79 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.0497 ha torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 6769,79 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.0497 ha torpaq sahəsinin ilkin satış qiyməti 60800 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 4557,06 (dörd min beş yüz əlli yeddi manat, altı qəpik) manat məbləğində əsas borc, 1065,5 (min altmış beş manat, əlli qəpik) manat məbləğində faiz borcu, 656,18 (altı yüz əlli altı manat, on səkkiz qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz) altı manat məbləğində xidmət haqqının, 300 (üç yüz) manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140,05 (yüz qırx manat, beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6769,79 (altı min yeddi yüz altmış doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tutulmalı olan cəmi 6769,79 (altı min yeddi yüz altmış doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.0497 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 6769,79 (altı min yeddi yüz altmış doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.0497 ha torpaq sahəsinin ilkin satış qiyməti 60800 (altmış min səkkiz yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar