Məhkəmə qərarları › İş №e-2-2(119)-686/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-686/2025

23.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-686/2025 23.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) verilmiş “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırkı vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın iddiaçıya təqdim olunması və auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 2025-ci il tarixli 3-21-2-9/2- 52119/2025 nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçı cavabdehin 50 % payına malik təsisçisidir. İddiaçı təsisçi olaraq, onun fəaliyyəti ilə tanış olmaq və öz hesabına audit keçirmək məqsədilə cavabdehin icra orqanına müxtəlif tarixlərdə məktublar ünvanlamış, məktublarda cavabdehin fəaliyyətinə dair müxtəlif sənədlərin surətinin ona göndərilməsi xahiş edilmişdir. Həmin məktublar cavabdehə çatdırılmış, lakin cavabdehin icra orqanı tərəfindən cavab verilməmiş, ümumiyyətlə, iddiaçının tələbinə münasibət bildirməmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsinə əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-2(102)-72/2023 saylı Qərarına əsasən Mülki Məcəllənin 65.1.2-ci maddəsinin təhlili onu deməyə imkan verir ki, təsisçinin müvafiq kommersiya qurumunun sənədləri ilə tanış olması hüquqi baxımdan mümkündür. Bununla yanaşı, həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul olunmalıdır. Həmçinin “nizamnamədə müəyyənləşdirilmiş qaydada” ifadəsini işlədərkən qanunverici yalnız nizamnamədə bununla bağlı qayda müəyyənləşdirildiyi halda cəmiyyətin iştirakçısının sənədlərlə tanış olmaq hüququnun olmasını deyil, nizamnamə ilə sənədlərlə tanış olmağın prosedur qaydasını nəzərdə tutmuşdur. Həmin qaydanın müəyyən edilməməsi isə cəmiyyətin iştirakçısının sənədlərlə tanış olmaq hüququnun olmaması anlamına deyil, onun öz seçimi ilə bu hüquqdan istifadə etməsi anlamına gəlir. Digər tərəfdən Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Qeyd olunan maddələrin təhlilindən də görünür ki, Cavabdeh MMC-nin sənədləri ilə tanış olmaq və audit keçirmək iddiaçının hüququ, həmin sənədləri iddiaçıya təqdim etmək və audit keçirilməsinə şərait yaratmaq isə cavabdehin vəzifəsidir. Bu səbəbdən də cavabdehin üzərinə həmin sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şərait yaradılması öhdəliyi qoyulmalıdır. Cavabdeh MMC 15 may 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin direktorunun 07 may 2025-ci il tarixindən dəyişilərək Qanuni nümayəndə təyin olunduğunu və hazırkı iş üzrə vəkil Nümayəndə2 səlahiyyətlərinə xitam verildiyini bildirmiş və məhkəmədən həmin vəkilin məhkəmə işindən çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə 20 may 2025-ci il tarixində ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin nümayəndəsi qismində həmin müəssisənin hüquqlarını müdafiə etmişdir. Lakin Cavabdeh MMC-nin digər təsisçisinin adından qanunsuz və məlum olmayan yollarla etibarnamədən istifadə edilərək Cavabdeh MMC-nin direktoru dəyişdirilmişdir. Bundan sonra yeni direktor onun məhkəmə prosesindən uzaqlaşdırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, Cavabdeh MMC-nin nümayəndəsi kimi məhkəmə prosesində iştirak edə bilmir. Lakin Cavabdeh MMC-nin digər təsisçisi olan X1 həmin müəssisədə 50% payı var. Məmməd Möhsümovun da onun sahib olduğu müəssisə ilə bağlı gedən bütün prosseslərdən məlumatlı olması vacibdir. Çünki müəssisənin rəhbərliyi kreditlər götürə bilər, qanunsuz hərəkətlər edər və s. Beləliklə, bütün baş verənlər X1 hüquqlarına toxunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən kommersiya işinə X1 üçüncü şəxs, onun özünü isə həmin üçün şəxsin nümayəndəsi qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 02 iyun 2025-ci il tarixində keçirilmiş iclasında həmin ərizə təmin olunmuş, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, Cavabdeh MMC 2020-ci ildə yaradılmışdır. İddiaçı boşanma zamanı əmlak bölgüsü nəticəsində Cavabdeh MMC-nin təsisçilərindən biri olmuşdur. İddiaçının nizamnamə kapitalındaki təsis payı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Müvafiq qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra da şirkətin fəaliyyəti ilə bağlı məlumat verilməsi üçün cavabdehə çoxsaylı bildirişlər və məktublar göndərilməsinə baxmayaraq, bugünədək hər hansı məlumat təqdim edilməmişdir. Vergi qanunvericiliyinə əsasən, son 3 il ərzində tərtib edilmiş vergi bəyannamələrinə və digər sənədlərə düzəliş etmək mümkündür. Əgər təqdim edilməsi tələb olunan sənədlərə əsasən şirkətin fəaliyyətində hər hansı pozuntunun olduğu aşkar edilərsə, bu sənədlərə düzəlişlərin edilməsi imkanı baxımından məhz 3 illik sənədlərin təqdim edilməsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi alınmalıdır. Miqrasiya qanunvericiliyini pozmaqla işə qəbul edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı gələcəkdə şirkət problemlərlə üzləşə bilər. Bu mənada müvafiq məlumatların əldə edilməsi zəruridir. İddiaçı müvafiq sənədlərlə tanış olmaq üçün 50 % təsis payına malik olan şəxs kimi cavabdeh təşkilata getmək imkanından məhrumdur. Çünki iddiaçının nümayəndəsi kimi məhkəmə qərardadı ilə cavabdeh təşkilata müvafiq torpaq sahəsinə və avadanlıqlara baxış keçirmək üçün getmişdir. Lakin həmin müəssisədə ona qarşı fiziki müdaxilələr edilmiş və mane olmağa çalışmışdırlar. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi Məmməd Möhsümovla aparılan ədavətin nəticəsidir. İddiaçı cavabdehin fəaliyyətinə dair üçillik sənədlərin təqdim edilməsini istəyirsə, bu 3 il müddətində təsisçilərdən biri həm də iddiaçının həyat yoldaşı Yaşar adlı şəxs olmuşdur. İddiaçı öz həyat yoldaşına qarşı iddia qaldıraraq bu sənədləri tələb edə bilər. Digər tərəfdən iddiaçı müxtəlif mübahisələr üzrə müvəqqəti təminat tədbirləri barədə ərizələrlə aidiyyəti məhkəmələrə müraciət edərək zavodun fəaliyyətinin dayandırılmasına çalışır. Lakin zavod fəaliyyətini dayandırdığı təqdirdə müvafiq ərazidə partlayış baş verə bilər. Həmçinin zavodda xeyli işçi işləyir və zavodun əsassız yerə bağlanılması bu şəxslərin işsiz qalmalarına və cavabdehə qarşı qanunsuz işdən azad edilmə ilə bağlı iddialar qaldırmalarına gətirib çıxara bilər. Əgər iddiaçının nümayəndəsinə müəssisənin işçiləri tərəfindən hər hansı şiddət göstərilmişdirsə, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edə bilərdi. Hazırda müəssisə fəaliyyət göstərmir, bütün sənədlər də həmin müəssisədədir. Direktor da iddiaçı tərəfindən qanunsuz şəkildə dəyişdirilmişdir. Hazırda cavabdeh təşkilatda direktor dəyişilmiş və iddiaçının auditin keçirilməsi və ya müvafiq sənədləri əldə etməsinə hər hansı maneə qalmamışdır. 27 iyun 2025-ci il tarixində Cavabdeh MMC-nin ümumi yığıncağı keçiriləcəkdir və həmin müzakirədə direktorun hansı qaydada və hansı qərar əsasında dəyişdirildiyi də aydınlaşdırılacaqdır. Ümumi yığıncağa üçüncü şəxs olan X2 hazırkı direktor tərəfindən dəvət edilmişdir. Həmin bildirişdə yalnız Məmməd Möhsümovun dəvət edilməsi iddiaçının artıq ümümi yığıncaq barəsində məlumatlı olmasını və direktorun iddiaçı tərəfindən təqdim edildiyini bir daha təsdiq edir. Cavabdeh müəssisə hazırkı vaxtadək mənfəət əldə etmədiyindən üçüncü şəxs olan digər təsisçi müəssisənin fəaliyyəti ilə bağlı auditin keçirilməsində maraqlı olmamışdır. Cavabdeh təşkilata ümumi yığıncağın gündəliyində olan məsələlərin ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, müvafiq məlumat təqdim edilməmişdir. Hər bir halda keçiriləcək ümumi yığıncaqda iddianın predmeti olan məsələlərin müzakirə edilməsinə çalışacaqdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 19 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 20 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin ştat cədvəlinin, işçilərin sayını və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğini, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayı və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 24 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırki vəziyyəti barədə məlumatların 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 25 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəliklərinin, yerli və xarici kontragentlərin sayının və kontragentlər haqqında məlumatların 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 03 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları haqqında məlumatların 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 04 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi zavodun yerləşdiyi ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi olaraq MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın 5 gün ərzində ünvan 1 ünvanına) ünvanına göndərilməsi xahiş olunmuşdur. İş materiallarına yuxarıda qeyd edilən məktubların Cavabdeh MMC-yə göndərildiyini təsdiq edən poçt qəbzləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 10 mart 2025-ci il tarixli 3- 21-2-9/2-52119/2025 nömrəli çıxarışdan görünür ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümov Cavabdeh MMC-nin 50 faiz paya malik olan təsisçiləridirlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinin “Nəticə” hissəsinin 5-ci abzasından görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 50%-ə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2(102)-17/2025 nömrəli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 06 may 2025-ci il tarixli 3-21- 2-9/2-98334/2025 nömrəli çıxarışından görünür ki, Qanuni nümayəndə Cavabdeh MMCnin qanuni təmsilçisidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümova ünvanlanmış Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının çağırılmasına dair 05 iyun 2025-ci il tarixli bildirişin məzmununda Cavabdeh MMC-nin təsisçilərindən biri olan İddiaçı tərəfindən 04 iyun 2025-ci il tarixli məktubla cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsinin təklif edildiyi, Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının çağrıldığını, ümumi yığıncağın gündəliyində duran məsələlərin “nizamnamə kapitalının artırılması və digər məsələlər” olduğu, təklif olunan tarixin 11 iyun 2025-ci il olduğuq qeyd edilmiş və qeyd olunan tarix və məkanda keçirləcək növbədənkənar ümumi yığıncaqda iştirakını təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümov tərəfindən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış 11 iyun 2025-ci il tarixli ərizənin məzmununda Məmməd Möhsümov səhhətində yaranmış problemlərə görə 11 iyun 2025-ci il tarixinə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının 27 iyun 2025-ci il tarixinə saat 10:00-a keçirilməsini təklif etdiyini qeyd etmiş, həmçinin iclasın gündəliyində müzakirə olunacaq məsələlərin “digər məsələr” sözü ilə deyil, ardıcılıqla, aydın və dəqiq yazılmasını xahiş etmişdir. İş materiallarına həmçinin Cavabdeh MMC-nin nizamnaməsi əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.7-ci və 6.1.9-cu maddələrinə əsasən, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 65.1.2-ci maddəsinə əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Həmin Qanunun 16-cı maddəsinə əsasən, auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iddia ərizəsində ayrıca qiymətləndirilmə aparılması tələb olunan iki iddia tələbi qeyd edilmişdir: 1) adları iddia ərizəsində qeyd edilmiş sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; 2) auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Sənədlərin iddiaçıya təqdim edilməsi tələbinin qanuni əsası Mülki Məcəllənin 65.1.2-ci maddəsidir. Belə ki, həmin maddənin məzmununa əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-nin 50 faiz paya malik olan təsisçilərindən biridir. İddiaçı cavabdehə 19 fevral 2025-ci il, 20 fevral 2025-ci il, 24 fevral 2025-ci il, 25 fevral 2025-ci il, 03 mart 2025-ci il, 04 mart 2025-ci il və 11 mart 2025-ci il tarixli məktublar göndərərək Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin və adları iddia ərizəsində qeyd edilmiş digər sənədlərin təqdim edilməsinin təmin edilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh həmin sənədləri Cəmiyyətin iştirakçısına (iddiaçıya) təqdim etməmiş (əgər təqdim edilmişdirsə, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir), bununla da onun “cəmiyyətin fəaliyyətinə dair məlumat almaq”, “mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilmək” hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə Mülki Məcəllənin 65.1.2-ci maddəsində qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər” hüquqlarının səmərəli realizəsi baxımından hesab edir ki, bu hüququn tətbiqi çərçivəsi müvafiq məlumat və sənədlərlə yerində tanış olmaq ilə məhdudlaşdırılmamalı, eyni zamanda daha geniş təfsir olunmaqla həmin məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi qəbul edilməlidir. Əks yanaşma hazırkı iş üzrə iddiaçıya məxsus olan qeyd edilən hüququn tətbiqinin effektliliyinə xələl gətirə bilər. Eyni zamanda, qeyd edilməlidir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 50%-ə İddiaçı payı müəyyən edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2(102)-17/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 mart 2025-ci il tarixli 3-21-2-9/2- 52119/2025 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, 2018-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin 2025-ci ildə təsisçilərindən biri olmuş iddiaçının həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququndan istifadə etməsi, tamamilə təbii olmaqla yanaşı, hüquqi şəxsin təşkilati və real maliyyə vəziyyətinin və fəaliyyətinin öyrənilməsi baxımından, eyni zamanda zəruridir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq məlumatları əldə edilməsi hüququnun məhkəmə tərəfindən tanınması hüquqi şəxsin idarə olunmasında şəffaflığın təmin edilməsinə, onun ümumi maraqlarının müdafiəsinə xidmət etməklə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan digər təsisçi Məmməd Möhsümovun, həmçinin ümumilikdə cavabdeh hüquqi şəxsin maraqlarına uyğundur. Belə ki, məlumatlarla və sənədlərlə tanışlıq təsisçilərin cəmiyyətin iqtisadi vəziyyətinin müəyyənləşdirilməsinə, mümkün hüquqi və iqtisadi risklərin vaxtında aşkara çıxarılmasına, eləcə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına imkan yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh MMC-nin fəaliyyətinə dair adları sadalanmış sənədlərin iddiaçıya təqdim olunması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İddia tələbinin qeyd olunan hissəsinin qanuni əsası Mülki Məcəllənin 91.4-cü maddəsidir. Belə ki, həmin maddənin məzmununa əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Eyni zamanda, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Göründüyü kimi, audit fəaliyyəti qanunvericiliklə, o cümlədən auditor (və ya auditor təşkilatı) ilə sifarişçi arasında bağlanılmış müqavilə əsasında tənzimlənən fəaliyyətdir, müqavilədə digər müvafiq məsələlərlə yanaşı, yoxlamanın predmeti olan sənədlər, yoxlamanın müddəti, yoxlanılacaq fəaliyyət dövrü və digər məsələlər əksini tapır. Belə olduğu halda, məhkəmə hesab edir ki, “auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb qeyri-müəyyən xarakter daşıyır, çünki auditor yoxlamasına hansı maliyyə sənədlərinin təqdim ediləcəyi, məhz yuxarıda qeyd edildiyi kimi auditor ilə sifarişçi arasında bağlanılmış müqavilə əsasında tənzimlənilir. Digər tərəfdən, qeyd edilməlidir ki, Mülki Məcəllənin 91.4-cü maddəsində auditor yoxlanışının həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılması imperativ qaydada müəyyən edilmişdir. İstinad edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarından biri olan iddiaçının Mülki Məcəllənin 91.4-cü maddəsindən irəli gələn auditor yoxlanışının həyata keçirilməsini tələb etmək, cavabdehin isə buna şərait yaratmaq vəzifəsi vardır. Bununla belə, belə yoxlanış həmin yoxlanışı tələb edən şəxsin hesabına və audit yoxlamasının aparılması barədə müqavilədə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, iddia tələbinin auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissəsi qismən təmin edilməli, müvafiq maliyyə sənədlərinin təqdim olunmaqla iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa, iş materiallarında olan 13 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia qismən təmin edildiyindən 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilatistrukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırki vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, Cavabdeh MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın iddiaçıya təqdim olunması və müvafiq maliyyə sənədləri təqdim edilməklə iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəlikləri cavabdehin üzərinə qoyulmalı və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati-strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırki vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, Cavabdeh MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın İddiaçı təqdim olunması və müvafiq maliyyə sənədləri təqdim edilməklə iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəlikləri Cavabdeh üzərinə qoyulsun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar