Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-690/2023 18.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 17 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh2 ilə bağlanmış 09 dekabr 2020-ci il tarixli 011R********** saylı Krеdit Razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 4705,98 manat məbləğində krеdit bоrcu, 101 manat məbləğində faiz bоrcu və 1340,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6147,09 (altı min yüz qırx yeddi manat 09 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən "xxxx" QSC ilə bağladığı 09 dekabr 2020-ci il tarixli 011L**********67 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh2 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 09 dekabr 2020-ci il tarixli 011R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 1,9167% оlmaqla 36 ay müddətinə, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 06 aprel 2022-ci il tarixli 011R**********S saylı Sazişlə həmin Razılaşmaya və Ödəniş Planına dəyişiklik edilmişdir. Lakin, Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 21 fevral 2023-cü il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh2 götürdüyü həmin krеdit bоrcundan 8294,02 manat ödəmiş olsa da, onun 4705,98 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borcalan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 mart 2023-cü il tarixə 35 gün üçün hesablanmış faiz borcu 101 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 28 mart 2023-cü il tarixə 35 gün üçün hеsablanmış cərimə 1340,11 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən Krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh3 və Əmirov X1 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. X3 müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh2 tərəfindən edilən ödənişlər nəzərə alınmaqla, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” barədə iddianın təmin edilməsini xahiş etdi və öz mövqeyini – hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra tələb olunan kredit borcu tərəfindən müəyyən məbləğlərdə ödənişlər eildiyinə görə 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlərin 17 iyul 2023-cü il tarixinə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 1929,75 manat məbləğində əsas borcun, 34,23 manat məbləğində faiz borcunun və 1310,83 manat məbləğində cərimə borcunun qalması ilə əsaslandırdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 dekabr 2020-ci il tarixli 011L**********67 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 300000 (üç yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 09 dekabr 2030-cu il tarixdən gec olmayarq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli 011L**********67 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,9167 % dərəcəsi ilə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 09 dekabr 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 11 dekabr 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 06 aprel 2022-ci il tarixli 011R**********S nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 06 aprel 2022-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 06 aprel 2022-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 19 dekabr 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli 3417 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 28 mart 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4705,98 manat məbləğində əsas borc, 101 manat məbləğində faiz borcu və 1340,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6147,09 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 35 gün). İş materiallarında olan 17 iyul 2023-cü il tarixli 7121 nömrəli Maliyyə Arayışından görünür ki, borc alan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 17 iyul 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1929,75 manat məbləğində əsas borc, 34,23 manat məbləğində faiz borcu və 1310,83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3274,81 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 26 gün). İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış 09 dekabr 2020-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 zamin olaraq, borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 09 dekabr 2020-ci il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq, borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 13000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh2 28 mart 2023-cü il tarixə 4705,98 manat məbləğində əsas borc, 101 manat məbləğində faiz borcu və 1340,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6147,09 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh2 və zaminlər Cavabdeh1 və Cavabdeh3) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, iş üzrə məhkəmə araşdırması aparılarkən iddiaçı tərəf Borcalanın kredit hesabı üzrə yaranmış dəyişiklikləri nəzərə alaraq, məhkəməyə yenidən 17 iyul 2023-cü il tarixli 7121 nömrəli Maliyyə Arayışı təqdim etmiş və həmin Maliyyə Arayışı ilə müəyyən olunur ki, borc alan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 17 iyul 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 1929,75 manat məbləğində əsas borcu, 34,23 manat məbləğində faiz borcu və 1310,83 manat məbləğində cərimə borcu vardır. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra edilmiş ödənişlər nəticəsində 17 iyul 2023-cü il tarixinə ödənilməyən əsas borcun miqdarı 1929,75 manat məbləğində və faiz borcunun miqdarı 34,23 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh1 müvafiq olaraq 09 dekabr 2020-ci il tarixli 011L**********67 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması, 09 dekabr 2020-ci il tarixli 011S**********01 və 09 dekabr 2020-ci il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Kredit Razılaşması ləğv edilməli və həmin Kredit Razılaşması üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Lakin, 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan əsas borc, faiz borcunun və cərimə borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 17 iyul 2023-cü il tarixli 7121 nömrəli Maliyyə Arayışı mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan əsas borc, faiz borcu və hesablanmış cərimə məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin 17 iyul 2023-cü il tarixli Maliyyə Arayışına və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 17 iyul 2023-cü il tarixli 7121 nömrəli Maliyyə Arayışında "borcalan Cavabdeh2 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 17 iyul 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1929,75 manat məbləğində əsas borc, 34,23 manat məbləğində faiz borcu və 1310,83 manat məbləğində cərimə borcunun olması” qeyd olunsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “4705,98 manat məbləğində əsas borcun, 101 manat məbləğində faiz bоrcun və 1340,11 manat məbləğində cərimə borcunun“ tutulması tələb olunur (yeni Maliyyə Arayışına görə halhazırda əsas borcun və hesablanan faiz borcunun məbləğləri azalmışdır). Buna görə də, iddiaçı tərəfin təqdim etdiyi və mötəbər sübut kimi nəzərə alınan 17 iyul 2023-cü il tarixli 7121 nömrəli Maliyyə Arayışına əsasən cavabdehlərdən müştərək qaydada 1929,75 manat məbləğində əsas borc və 34,23 manat məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "1310,83 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 20 (iyirmi) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1929,75 manat məbləğində əsas borc, 34,23 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 39,83 (otuz doqquz manat 83 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1929,75 (min doqquz yüz iyirmi doqquz manat 75 qəpik) manat məbləğində əsas borc, 34,23 (otuz dörd manat 23 qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2083,98 (iki min səksən üç manat 98 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2020-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 39,83 (otuz doqquz manat 83 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-690/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-690/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver