Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-7/2025 10.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Fərhad qızından və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 44162,41 (qırx dörd min yüz altmış iki manat, qırx bir qəpik) manat məbləğində əsas borc, 2726,84 (iki min yeddi yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu və 30,3 (otuz manat, otuz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 46919,55 (qırx altı min doqquz yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və 30,76 (otuz manat, yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 Fərhad qızının mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmeti olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh2 Fərhad qızının və digər şəxslərin həmin fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 14 sentyabr 2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 20%-lə 48 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 9 otaqlı, 291.1 kv.m ümumi, 183.46 kv.m yaşayış, 107.64 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi 14 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1la 14 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 mart 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 44162,41 (qırx dörd min yüz altmış iki manat, qırx bir qəpik) manat məbləğində əsas borc, 2726,84 (iki min yeddi yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu və 30,3 (otuz manat, otuz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 46919,55 (qırx altı min doqquz yüz on doqquz manat, əlli beş qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin və 20,76 (iyirmi manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmeti olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli e-2-2(119)-345/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır. İddiaçı 10 sentyabr 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16398,61 (qırx dörd min yüz altmış iki manat, qırx bir qəpik) manat məbləğində əsas borc, 2726,84 (iki min yeddi yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu və 30,3 (otuz manat, otuz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 19155,75 (on doqquz min yüz əlli beş manat, yetmiş beş qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin və 20,76 (iyirmi manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmeti olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 29 avqust 2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 2025-ci il ərzində hissə-hissə olmaqla, cəmi 9850 manat məbləğində ödəniş etmişdir. Bu barədə 8 ədəd qəbz vardır. Hesab edir ki, bankın iddia etdiyi qədər deyil, 32000 manat daha az borcu yaranmışdır. Göründüyü kimi, mübahisə üzrə müxtəlif mövqelər vardır və məhkəmə mübahisəni həll etməlidir. Bu müxtəlifliyi isə yalnız tərəflərə neytral münasibətdə olan mütəxəssis aradan qaldıra bilər. Cavabdeh1 göstərilənlərin nəzərə alınaraq məhkəmədən kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixədək əsas və faiz borcunun miqdarının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh1 borcu qəbul etdiyini bildirmiş, vəsatəti müdafiə edib-etməməsi, o cümlədən onun məzmunu ilə bağlı sualları cavablandırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi 10 sentyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdeh tərəfindən sonuncu dəfə 02 sentyabr 2025-ci il tarixində ödəniş edilmişdir. Bununla bağlı hesabdan çıxarış və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş mütəxəssis rəyində əmlakın bazar dəyəri 200000 manat məbləğində, likvid dəyəri isə 165000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən həmin rəydə müəyyən edilmiş qiymətlərin əsas götürülməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, borcu qəbul edir. Kredit götürüldüyü vaxtdan bugünkü vaxtadək hər ay ödəniş edilmişdir. Bir müddət 500-600 manat məbləğində ödənişlər edilsə də, sonradan ödənişlərin məbləği 1300-1350 manat məbləğlərində olmuşdur. Digər cavabdeh olan həyat yoldaşı Cavabdeh2 və qızının səhhətində ciddi problemlər olmuşdur. Hazırkı iclasda müvafiq hesablamalar aparıldığından borc məbləği ona aydın olmuşdur. Buna görə də ekspertizanın təyin edilməsi barədə vəsatəti müdafiə etmir. İpoteka predmeti olan əmlak dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Torpaq sahəsi bələdiyyədən 99 il müddətinə icarəyə götürülmüşdür. Fərdi yaşayış evi isə xüsusi mülkiyyətdədir. Mütəxəssis rəyində əmlakın likvid qiyməti 210000 manat məbləğində müəyyən edilsə də, həmin qiymətlə razı deyildir. Həmin əmlakın qiyməti 700000-800000 manat məbləğindədir. Cavabdeh1 məhkəmədən ailə üzvlərinin səhhətindəki problemlərin, aylar üzrə ardıcıl ödənişlərin etməsinin nəzərə alınaraq məhkəmədən bir qədər vaxt verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 23-MCR-1-1116-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli 23-MCR-1-1116-21/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən, bank tərəfindən Cavabdeh2 20 % dərəcəsi ilə 48 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin illik 72 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 14 sentyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2021-ci il tariхli Z/07886/21 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 44162,41 manat məbləğində əsas borcu, 2726,84 manat məbləğində faiz borcu vardır və 121,19 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 16398,61 manat məbləğində əsas borcu, 22463,36 manat məbləğində faiz borcu vardır və 16838,06 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh2) arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli DA/00684/21 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 23-MCR-1-1116-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipoteka verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi sahədən ibarət 9 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 165000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində 0,07 ha torpaq sahəsi üzərində yerləşən 291,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında, həmin kənddə yerləşən 0,07 ha torpaq sahəsi icarə hüququ əsasında onun istifadəsindədir. Torpaq sahəsinin mülkiyyət növü kimi “Dövlət mülkiyyəti” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “tədqiqat obyektinə tərəflərin iştirakı ilə 14 iyul 2023-cü il tarixdə baxış keçirilməsi zəruri olduğuna görə bu barədə məhkəməyə 16 iyun 2023-cü il tarixli vəsatət göndərilmişdir. Qeyd olunan tarixdə Sumqayıt kommersiya Məhkəməsinin inzibati binasına gedilmiş, lakin cavabdeh baxışda iştirak etməmişdir. Ona görə də tədqiqat obyektinə baxış keçirmək mümkün olmamışdır” əsası ilə tərtib edilmiş 17 iyul 2023-cü il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsində icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilməsi zəruri olduğuna görə bu barədə məhkəməyə 14 avqust 2023-cü il tarixli vəsatət göndərilmişdir. Ekspert vəsatətinə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 22 sentyabr 2023-cü il tarixə təyin olunmuş, lakin cavabdeh iştirak etmədiyinə görə tədqiqat obyektinə baxış keçirmək mümkün olmamışdır” əsası ilə tərtib edilmiş 27 sentyabr 2023cü il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsində icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “ekspert vəsatətinə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 18 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. Qeyd olunan tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə tədqiq olunan ünvanda olsaq da, cavabdehin iştirak etməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır” əsası ilə tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsində icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə 22 fevral 2024-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən əmlakın ekspert baxışına təqdim edilməsi xahiş edilmişdir. Lakin vəsatət təmin edilmədiyindən icrasız saxlanılır” əsası ilə tərtib edilmiş 30 oktyabr 2024-cü il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 14 avqust 2023-cü il tarixli 9/6111 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 23- MCR-1-1116-21 nömrəli kredit müqaviləsi üzrə cavabdehin 07 oktyabr 2022-ci il tarixə əsas borc üzrə 45391,13 manat, faiz borcu üzrə 1409,55 manat; 06 aprel 2023-cü il tarixə: əsas borc üzrə 45391,13 manat, faiz borcu üzrə 2873,45 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 17 iyun 2025-ci il tarixli 9/843 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, tədqiq olunan fərdi yaşayış evinin yerləşmə yerinə, təmirlilik səviyyəsinə uyğun olaraq Abşeron rayonu Fatmayı kəndində və ya həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin satışına dair məlumat olmadığından həmin fərdi yaşayış evi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-259/25 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablama və təhlillərə əsasən fərdi yaşayış evinin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla təqdim edilmiş sənədlərə uyğun olaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinin 25 avqust 2025-ci il tarixinə bazar dəyəri 237000 manat, likvid dəyəri 210000 manat təşkil edir; Abşeron rayonu, Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinin həmin yaşayış sahəsinin yerləşdiyi 0,07 ha torpaq sahəsi ilə birlikdə 25 avqust 2025-ci il tarixinə bazar dəyəri 293000 manat, likvid dəyəri 263000 manat təşkil edir. İddia tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli 01-09/12-DR/2024 nömrəli hesabatdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,07 ha torpaq sahəsinin və üzərində yerləşən 291,1 kv.m sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 200000 manat, likvid dəyəri 165000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında 14 sentyabr 2021-ci il tarixli 23-MCR-1-1116-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında 14 sentyabr 2021-ci il tarixli 23-MCR-1-1116-21/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşma ilə iddiaçı tərəfindən Cavabdeh2 aylıq 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh2 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Əsas borcla bağlı 14 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2025-ci tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən Cavabdeh2 kredit üzrə etdiyi ödənişlərin əsas borca silinən məbləğləri, ödənişlərin tarixi və onların cəm məbləği aşağıdakı kimidir: 688,19 manat (xx.xx.2021) + 699.66 manat (xx.xx.2021) + 711.32 manat (xx.xx.2021) + 720.04 manat (xx.xx.2022) + 3.13 manat (xx.xx.2022) + 735.23 manat (xx.xx.2022) + 747.48 manat (xx.xx.2022) + 432.34 manat (xx.xx.2022) + 327.60 manat (xx.xx.2022) + 240.21 manat (xx.xx.2022) + 463.41 manat (xx.xx.2022) + 68.98 manat (xx.xx.2022) + 500 manat (xx.xx.2022) + 500 manat (xx.xx.2022) + 500 manat (xx.xx.2023) + 500 manat (xx.xx.2023) + 500 manat (xx.xx.2023) + 550 manat (xx.xx.2023) + 500 manat (xx.xx.2023) + 500 manat (xx.xx.2023) + 500 manat (xx.xx.2023) + 550 manat (xx.xx.2023) + 550 manat (xx.xx.2023) + 550 manat (xx.xx.2023) + 550 manat (xx.xx.2023) + 600 manat (xx.xx.2024) + 594 manat (xx.xx.2024) + 643,5 manat (xx.xx.2024) + 712,8 manat (xx.xx.2024) + 841,5 manat (xx.xx.2024) + 990 manat (xx.xx.2024) + 1039,5 manat (xx.xx.2024) + 1089 manat (xx.xx.2024) + 990 manat (xx.xx.2024) + 1188 manat (xx.xx.2024) + 1237,5 manat (xx.xx.2024) + 1237,5 manat (xx.xx.2025) + 1089 manat (xx.xx.2025) + 1138,5 manat (xx.xx.2025) + 1188 manat (xx.xx.2025) + 1237,5 manat (xx.xx.2025) + 1287 manat (xx.xx.2025) + 1287 manat (xx.xx.2025) + 1287 manat (xx.xx.2025) + 1336,5 manat (xx.xx.2025) = 33601,39 manat. Verilmiş kreditin, yəni əsas borcun məbləği olan 50000 manatla əsas borca silinən məbləğlərin cəmi olan 33601,39 manatın fərqini tapdıqda isə, iddia ərizəsində tutulması xahiş edilən əsas borc məbləği olan 16398,61 (50000 - 33601,39 = 16398,61) manat əldə edilir. Faiz borcu ilə bağlı İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi ilə bağlı öhdəliyin pozulduğunu, borcun bu məktubu aldıqları vaxtdan 5 gün müddətində ödənilməsini, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyini bildirmişdir. Tərəflər arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1510-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavə olan Ödəniş cədvəlinə əsasən, Cavabdeh2 14 oktyabr 2021-ci il tarixdən yuxarıda qeyd edilən xəbərdarlıq məktubunun (05 sentyabr 2022) göndərildiyi 2022-ci ilin sentyabr ayı daxil olmaqla həmin ayadək ödəməli olduğu faiz məbləğlərinin cəmi 9199,31 manat təşkil edir. Hesabdan çıxarışa əsasən Cavabdeh2 kredit götürdüyü tarixdən ona xəbərdarlıq məktubu göndərilənədək olan dövr ərzində kredit üzrə etdiyi ödənişlərin faiz borcuna silinən məbləğləri və ödəmə tarixləri və onların cəm məbləği aşağıdakı kimidir: 833.33 manat (xx.xx.2021) + 821,86 manat (xx.xx.2021) + 810.20 manat (xx.xx.2021) + 134.94 manat (xx.xx.2022) + 134.08 manat (xx.xx.2022) + 9.63 manat (xx.xx.2022) + 5,87 (xx.xx.2022) = 2749,91 manat. Hesabdan çıxarışa əsasən eyni dövr ərzində Cavabdeh2 kredit götürdüyü tarixdən ona xəbərdarlıq məktubu göndərilənədək olan dövr ərzində kredit üzrə etdiyi ödənişlərin gecikmiş faiz borcuna silinən məbləğlərinin cəmi isə 3633,53 manatdır. Başqa sözlə, Cavabdeh2 kredit götürdüyü tarixdən ona xəbərdarlıq məktubu göndərilənədək olan dövr ərzində kredit üzrə etdiyi faiz borclarının və gecikmiş faiz borclarının məbləği 6383,44 (2749,91 + 3633,53 = 6383,44) manatdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi 2022-cü ilin sentyabr ayındadək onun ödəməli olduğu faiz məbləğlərinin cəmi 9199,31 manat, onun faktiki ödədiyi faiz məbləğlərinin cəmi 6383,44 manat təşkil edir. Ödəməli olduğu faiz məbləği ilə faktiki ödədiyi faiz məbləğinin fərqini tapdıqda isə 2815,87 (9199,31 - 6383,44 = 2815,87) manat əldə edilir. İddia ərizəsində cavabdehlərdən tutulması xahiş edilən faiz borcunun məbləği isə bu məbləğdən az - 2726,84 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 14 sentyabr 2021-ci il tarixli tarixli razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 16398,61 manat məbləğində əsas borcun və 2726,84 manat məbləğində faiz bоrcunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 14 sentyabr 2021-ci il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 30,3 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli DA/00684/21 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində tutmanın Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə onun yerləşdiyi 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonunun Fatmayı kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir, həmin yaşayış sahəsinin yerləşdiyi 0,07 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər. Göründüyü kimi, 0,07 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin yalnız ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-259/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti dəyəri 210000 manat məbləğində müəyyən edilməlidir. İddiaçının nümayəndəsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli 01-09/12- DR/2024 nömrəli hesabatın nəzərə alınması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəy tərtib edildiyi tarixdən təxminən 1 ilə yaxın müddət keçmişdir. Məhkəmə daşınmaz əmlak bazarında qiymətlərin müəyyən müddət keçdikdən sonra, əsasən yüksəlməsi meylini nəzərə alaraq, həmin hesabatda əks olunan qiymətləndirmənin cari bazar vəziyyətini obyektiv olaraq tam və düzgün əks etdirmədiyi qənaətindədir. Üstəlik, nəzərə alınmalıdır ki, həmin rəydə qiymətləndirmə aparılarkən fərdi yaşayış evinin altındakı torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olmaması nəzərə alınmamışdır. Ona görə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-259/25 nömrəli mütəxəssis rəyinin cari dövrü əks etdirməsi, eləcə də həm iddiaçının, həm də cavabdehin mənafələrini nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 210000 manat məbləğində müəyyən edilməsi ədalətli hesab edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 28 sentyabr 2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş 10 oktyabr 2022-ci il tarixli MŞB/5-03612 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və Cavabdeh1 iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mediatora ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin 105 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, iş materiallarında olan 13 yanvar 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 20,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, iddia tələbi üzrə dövlət rüsumunun məbləği 230,76 manat təşkil etdiyindən (44162,41 + 2726,84 + 30,3 = 46919,55, hazırda əsas borcun məbləği 16398,61 manat olsa da, həmin borcun bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc nəzərə alınmalıdır) və 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, 20,76 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2023-cü il tarixli 9/6111 nömrəli və 17 iyun 2025-ci il tarixli 9/843 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, "xxxx" MMC-nin 25 avqust 2025-ci il tarixli 02-259/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bunlardan əlavə, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin istinad edilən tələbləri nəzərə alınaraq, dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməyən 210 manatlıq hissəsi (230,76 manat - iddiaçı tərəfindən ödənilmiş 20,76 manat = 210 manat) cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16398,61 manat məbləğində əsas bоrc, 2726,84 manat məbləğində faiz bоrcu, 30,3 manat məbləğində cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,76 manat məbləğində dövlət rüsumunun, 105 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 30 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 19326,51 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 19326,51 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 19326,51 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 210000 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti və 210 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16398,61 (on altı min üç yüz doxsan səkkiz manat, altmış bir qəpik) manat məbləğində əsas bоrc, 2726,84 (iki min yeddi yüz iyirmi altı manat, səksən dörd qəpik) manat məbləğində faiz bоrcu, 30,3 (otuz manat, otuz qəpik) manat məbləğində cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,76 (iyirmi manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun, 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 19326,51 (on doqquz min üç yüz iyirmi altı manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 19326,51 (on doqquz min üç yüz iyirmi altı manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 19326,51 (on doqquz min üç yüz iyirmi altı manat, əlli bir qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 291,1 kv.m ümumi (183,46 kv.m yaşayış və 107,64 kv.m yardımçı) sahədən ibarət 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 210000 (iki yüz on min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 dövlət nəfinə 210 (iki yüz on manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-7/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-7/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver