Məhkəmə qərarları › İş №e-2-2(119)-703/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-703/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-703/2024 21.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Poladxan qızının, cavabdeh Ramil Musaevin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramil Musaevə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Ramil Musaevə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ramil Musaevdən (VÖEN **********) DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 24270 manat əsas borc, 763,36 manat faiz borcu və 75,18 manat cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat məbləğində borcun və 166 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ASC (bundan sonra “Bank”) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Ramil Musaev (bundan sonra “Borcalan”) arasında 04 avqust 2023-cü il tarixdə “Bank xidmətlərinin göstərilməsinə dair” X1 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli Versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC/SE/00309209 nömrəli Razılıq Ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borc alan Ramil Musaev “www.pashabank.az” saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X5 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209-04 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Borcalana 07 avqust 2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, cəmi 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində “əməliyyat xərclərinin ödənilməsi” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin, borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 181 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtlərində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 06 mart 2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00309209-04 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat əsas borc, 763,36 (yeddi yüz altmış üç manat 36 qəpik) manat faiz borcu və 75,18 (yetmiş beş manat 18 qəpik) manat cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat təşkil edir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda, X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumu da ödəmişdir. Məhkəmə iclaslarında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh Ramil Musaevdən 07 avqust 2023-cü il tarixli DC00309209- 04 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 24270 manat məbləğində əsas borcun, 763,36 manat məbləğində faiz borcunun, 75,18 manat məbləğində cərimənin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və eyni zamanda, məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X7 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizə əsasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar cəmi 24270 manat məbləğində krediti elektron qaydada götürmüş və bununla bağlı bütün bank sənədlərini elektron qaydada özünə məxsus "Asan İmza" ilə imzalamışdır. Kredit şərtlərinə uyğun olaraq 24270 manat kredit məbləği 07 avqust 2023-cü ildə borcalan cavabdehin bank hesabına köçmüşdür. Həmin kredit üzrə cavabdeh 400 manat və 300 manat olmaqla, cəmi iki dəfə ödəniş etsə də, gecikməyə düşəndən sonra edildiyi üçün həmin ödənişlər faiz və cərimə borcuna silinmişdir. Çünki, gecikmə olduğu üçün ödənişlər müqavilə üzrə silinmə ardıcıllığına uyğun olaraq cərimə və faiz borcuna silinmişdir. Həmin kredit götürülərkən cavabdehin Bank hesabındakı pul vəsaitləri də girovla yüklü edildiyindən, gecikmə yarandığı halda cavabdehin bank hesabında pul olsaydı, akseptsiz qaydada həmin hesabdan silinmələr aparılacaqdı. Lakin, cavabdehin girovla yüklü edilmiş bank hesabında pul olmamışdır. Məhkəmə iclaslarında cavabdeh Ramil Musaev iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, vergi ödəyicisi qismində müvafiq VÖEN alaraq tikinti sahəsində hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun bütün maliyyə-mühasibatlıq işlərini mühasibi Yavər Ağayev aparmışdır. Buna görə də, o, sahibkarlıq fəaliyyətində maliyyə-mühasibatlıq işlərinin aparılması üçün özünə aid “ASAN İmza”nı və bank hesab nömrəsini istifadə üçün mühasibi Yavər Ağayevə vermişdir. O, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən onun “ASAN İmza”sı ilə kredit götürməsi ilə əlaqədar mühasibi Ağayev Yavərə heç bir göstəriş verməmiş və sonuncunun onun “ASAN İmza”sından istifadə edərək 07 avqust 2023-cü ildə İddiaçı ASC-dən cəmi 24270 manat məbləğində kredit götürməsindən məlumatsız olmuşdur. O, mühasibi Yavərin belə bir kredit götürməsindən məlum kreditin götürülməsindən bir neçə ay sonra, yəni yalnız İddiaçı ASC-dən kredit ödənişlərinin yubanması ilə əlaqədar zəng edildikdən sonra xəbəri olmuşdur. Bundan sonra o, Yavərlə danışmış və Yavər onun “ASAN İmza”sı ilə İddiaçı ASC-dən 24270 manat məbləğində kredit götürməsini etiraf edib, maddi imkanın zəif olduğunu bildirib, gələcəkdə borcu ödəyəcəyinə söz vermişdir. Bank isə borcun ödənilməsini tələb etdiyinə görə, o, bir neçı dəfə Yavərin əvəzindən kredit ödənişləri etmişdir. Lakin, zaman keçdikcə Ağayev Yavərin krediti ödəmədiyini görüb, özüylə danışdıqda, sonuncu başqa borcları olduğuna görə onun adına götürdüyü krediti ödəyə bilmədiyini demişdir. Bundan sonra o, həmin kredit üzrə ödənişlərini dayandırmış və Yavərin bu işi barədə Bakı şəhər Nərimanov Rayon Prokurorluğuna şikayət etmişdir. Halhazırda da onun və digər aldadılmış şəxslərin şikayəti əsasında Ağayev Yavərin barəsində müstəntiq tərəfindən cinayət işi başlanaraq istintaq aparılır. Beləliklə, o, öz “ASAN İmza”sını və bank hesab nömrəsini mühasibi olmuş Yavər Ağayevə könüllü versə də, onun “ASAN İmza”sı ilə götürülmüş kreditdən məlumatsız olduğuna və bu işlə əlaqədar Yavər barəsində prokurorluqda cinayət işi başlandığına görə iddiaçının ona qarşı verilmiş hazırkı iddfia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, kredit verən "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Ramil Musaev (VÖEN **********) arasında 04 avqust 2023-cü ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/00309209 nömrəli Razılaşma müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanmış və həmin Razılaşma müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilərək imzalanmaqla, onun tərəfindən X2 qeyd edilmiş şərtlər qəbul olunmuşdur. Həmin X5 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”nin də müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə olunmaqla imzalayan borcalan Ramil Musaevə borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi isə 32% olmaqla, 07 avqust 2025-ci il tarixədək 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində “əməliyyat xərclərinin ödənilməsi” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Ramil Musaev (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_ addendum/lang,az/” link üzrə yerləşdirilən 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsinə” dair X1 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli Versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır (həmin sənəd Ramil Musaevə aid "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanaraq, kredit alan tərəfindən X2 qeyd edilmiş şərtlər qəbul olunmuşdur). İş materiallarında olan 07 avqust 2023-cü il tariхli DP00309209-04 nömrəli Girov Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Girov saxlayan”, Ramil Musaev – “Girovqoyan” olmaqla bağlanmış həmin Girov Müqaviləsinə əsasən, “girovqoyan” Ramil Musaev “Girov saxlayan” X5 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-də yerləşən AZ51PAHA41040AZNSC**********, AZ40PAHA41040AZNSK********** nömrəli hesab(lar)ı və İddiaçı ASC-də mövcud olan digər hesablarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında girov olaraq Girov saxlayanın xeyrinə yüklü etmişdir. (həmin müqavilə Ramil Musaevə aid "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanmışdır). X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunanqaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 iyun 2024-cü ildə təsdiq edilərək verilmiş Ramil Musaevə aid Bank Hesabının 06 avqust 2023-cü il tarixindən 06 iyun 2024-cü il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizə üzrə 07 avqust 2023-cü ildə Ramil Musaevə aid AZ51PAHA41040AZNSC********** nömrəli bank hesabına 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat miqdarında kredit məbləği köçürülmüş, 08 avqust 2023-cü ildə həmin kredit məbləği hissə-hissə olmaqla kredit alan Ramil Musaevin hesabından müxtəlif hesablara köçürülərək istifadə edilmişdir. Kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 30 oktyabr 2023-cü ildə 500 (beş yüz) manat məbləğində pul mədaxil edilsə də, həmin məbləğ məlum kredit ödənişinə silinməmiş və həmin 500 manat məbləğində ödəniş müxtəlif hissələrlə Dövlət Sosial Müdafiə Fondunun və İcbari Tibbi Sığorta Fondunun hesablarına köçürülmüşdür. Bundan sonra 03 noyabr 2023-cü ildə kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 400 (dörd yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmiş və həmin məbləğin 60,69 manat hissəsi cəriməyə, 339,31 manat hissəsi isə faiz borcuna silinmişdir. Daha sonra isə 19 dekabr 2023-cü ildə kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 300 (üç yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmiş və həmin məbləğin 44,27 manat hissəsi cəriməyə, 255,73 manat hissəsi isə faiz borcuna silinmişdir. Göründüyü kimi, cavabdeh Ramil Musaevə aid Bank Hesabının 06 avqust 2023-cü il tarixindən 06 iyun 2024-cü il tarixinədək dövrü əhatə edən Çıxarış məlumatları ilə müəyyən edilir ki, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizə üzrə 07 avqust 2023-cü ildə alınmış 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində kredit üzrə borcalan Ramil Musaev tərəfindən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 03 noyabr 2023-cü ildə 400 (dörd yüz) manat məbləğində və 19 dekabr 2023-cü ildə 300 (üç yüz) manat məbləğində olmaqla, cəmi 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilmiş olsa da, həmin ödənişlər gecikdirilərək müqavilədə nəzərdə tutulan qaydada, müddətdə və məbləğdə ödənilmədiyindən, həmin ödənişlər əsas borcdan deyil, məlum kredit üzrə hesablanmış faiz və cərimə borclarına silinmişdir. . İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 12 mart 2024-cü il tarixli PB/PBL- OUT-00076-2024/4 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan Ramil Musaevin 06 mart 2024-cü il tarixinə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24270 manat məbləğində əsas borc, 763,36 manat məbləğində faiz borcu və 75,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat məbləğində borcu (gecikmə günün sayı – 181) vardır. Məhkəmə araşdırması zamanı cavabdeh Ramil Musaev tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhər Nərimanov Rayon Prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 mart 2024-cü il tarixli "zərərçəkmiş şəxs qismində tanınma haqqında" Qərardan görünür ki, X10 Ağayev barəsində edilən şikayətlər əsasında istintaq edilən ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Ramil Musaevə aid "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanmış 04 avqust 2023-cü ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/00309209 nömrəli Razılaşmanı və 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni "Asan İmza" ilə imzalanmaqla götürülən müqavilə öhdəlikləri pozulmuş və həmin öhdəliklər lazımi qaydada icra edilməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borc müqavilədə nəzərdə tutulan qaydada ödənilməmiş və bununla da, borcverən (iddiaçı) İddiaçı ASC-dən 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” əsasında alınmış kredit müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada qaytarılmamaqla, müqavilə öhdəlikləri müvafiq qaydada yerinə yetirilməmişdir. Ona görə də, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” əsasında verilmiş kredit qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Ramil Musaevdən 28 aprel 2023-cü il tarixə hesablanmış 24270 manat məbləğində əsas borcun, 763,36 manat məbləğində faiz borcunun və 75,18 manat məbləğində cərimə borcunun tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı ASC tərəfindən məhkəməyə ayrı-ayrı mədaxil qəbzləri ilə ümumilikdə cəmi 166 (yüz altmış altı) manat (165 manat + 1 manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan Ramil Musaev 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış 24270 manat əsas borcun, 763,36 manat faiz borcunun və 75,18 manat cərimə borcunun cavabdeh Ramil Musaevdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh Ramil Musaevin məhkəmə iclaslarında “məlum kreditin onun xəbəri olmadan "Asan İmza"sını və bank hesabının nömrəsini verdiyi müsahibi Yavər Ağayev tərəfindən alınması” barədə dəlilləri hazırkı iddia tələbinin əsaslılığını şübhə altına almır. Çünki, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə təsdiq olunmuşdur ki, məlum kredit - borcalan Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanaraq alınmış, həmin kredit məbləği Bank tərəfindən borcalan Ramil Musaevə məxsus bank hesabına köçürülmüş, həmin kredit məbləği borcalan Ramil Musaevin bank hesabından müxtəlif hesablara köçürülməklə istifadə olunmuş və həmin kredit üzrə Ramil Musaev tərəfindən 400 manat və 300 manat məbləğində ödənişlər edilmişdir. Hətta, cavabdeh Ramil Musaevin iddia etdiyi kimi, məlum kredit əməliyyatları mühasibi Yavər Ağayev tərəfindən edilmiş olsa belə, bütün bu əməliyyatların edilməsində istifadə olunan "Asan İmza" və bank hesab nömrəsi borcalan Ramil Musaev tərəfindən mühasibi Yavər Ağayevə könüllü verildiyindən, bu kreditin alınması ilə əlaqədar Bank qarşısında bütün öhdəliklər üzrə borcalana aid məsuliyyəti də kreditin alınmasında istifadə olunan "Asan İmza" və bank hesab nömrəsinin sahibi cavabdeh Ramil Musaev daşımalıdır (X6 Ağayevlə əlaqədar izahat və dəlilləri isə bu kommersiya işinin predmeti deyildir və bu xüsusatlar üzrə müvafiq hüquqi qiymətləndirməni isə aidiyyəti hüquq mühafizə orqanı etməlidir). “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsində elektron imzaya - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər kimi anlayış verilmişdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə görə, elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir (maddə 5.1 və 5.2). Həmçinin, hazırkı iddia tələbindən cavabdehdən “166 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” xahiş olunsa da, işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 165,32 (yüz altmış beş manat 32 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Ramil Musaevdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Ramil Musaevdən (VÖEN **********) 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 24270 manat məbləğində əsas borc, 763,36 manat məbləğində faiz borcu, 75,18 manat məbləğində cərimə və 165,32 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ramil Musaevdən (VÖEN **********) 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində əsas borc, 763,36 (yeddi yüz altmış üç manat 36 qəpik) manat məbləğində faiz borcu, 75,18 (yetmiş beş manat 18 qəpik) manat məbləğində cərimə və 165,32 (yüz altmış beş manat 32 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25273,86 (iyirmi beş min iki yüz yetmiş üç manat 86 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar