Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-71/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 26 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 19125,69 (on doqquz min yüz iyirmi beş manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 1794,32 (min yeddi yüz doxsan dörd manat, otuz iki qəpik) manat məbləğində faiz borcu, 92,13 (doxsan iki manat, on üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21012,14 (iyirmi bir min on iki manat, on dörd qəpik) manat məbləğində borcun və 153,04 (yüz əlli üç manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus “SHACMAN” markalı, SX3314DT366 yük modeli, ağ rəngli, şassi LZGJRDT61DX019244, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və borcun həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 80000 manat məbləğində kredit limiti ayrılmışdır. 26 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21%-lə 36 ay müddətinə 28000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 məxsus “SHACMAN” markalı SX3314DT366 yük modeli, ağ rəngli, şassi LZGJRDT61DX019244, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavabdeh2la 26 sentyabr 2022ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh (borclu) Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin ödənişləri ilə bağlı maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmetinin bazar dəyərinin 60000 manat məbləğində olması ilə bağlı razılığa gəlinmişdir. İpoteka predmeti olan avtomobil hazırda cavabdehin istifadəsindədir, həmçinin cavabdeh ötən məhkəmə iclaslarının birində də qeyd etmişdir ki, avtomobilin dəyəri artıq 60000 manat məbləğində deyildir. Bütün bunları və vaxt fərqini də nəzərə alaraq, hesab edir ki, mütəxəssis rəyində müəyyən edilmiş dəyər reallığa uyğundur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 30 avqust 2024-cü il və 07 yanvar 2025-ci il tarixli iclaslarında iştirak edən Cavabdeh1 izahatlarında bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş borc məbləği ilə razıdır. İddiaçıdan 28000 manat məbləğində kredit götürmüş, lakin maddi imkanı aşağı olduğuna görə 1055 manat məbləğində olan aylıq ödənişləri ödəyə bilmir. Həmin krediti “SHACMAN” markalı avtomobili almaq üçün götürmüş, 2023-cü ilin dekabr ayında avtomobil qəzaya düşdüyünə və onun təmiri ilə bağlı başqa borcları yarandığına görə kredit borcu üzrə ödənişləri həyata keçirə bilməmişdir. 2 il əvvəl həmin avtomobilin bazar dəyəri 60000 manat məbləğində olmuşdur. Hazırda həmin avtomobilin dəyəri təxminən 15000 manat məbləğə qədər düşmüşdür. Bunun əsas səbəbi 2 il əvvəl həmin avtomobilin yükgötürmə qabiliyyəti qədər yük daşınması mümkün olduğu halda, hazırda həmin miqdarda yük daşınmasına icazə verilməməsidir. Həmçinin avtomobilin üzərində 3000 manat cərimə olduğu üçün ekspert baxışına təqdim edilməsi üçün Bakıya gətirə bilməmişdir. İşlədiyi Ağdam rayonunda və ətraf rayonlarda isə avtomobillərə rəsmi servis xidməti yoxdur. Həmin avtomobil onun aylıq gəlirinin əsas mənbəyini təşkil etdiyinə görə onun istifadəsindən alınaraq hərracda satışa çıxarılmasına etiraz edir. Məhkəmənin 19 iyun 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 avtomobilin mütəxəssis rəyində göstərilən 23700 manat məbləğində dəyərinin olması ilə razılaşmır. Avtomobili 2022-ci ildə 60000 manat məbləğinə almışdır. Avtomobil hazırda işləmir. Avtomobilin mütəxəssis rəyində göstərilən qiymətdən yuxarı dəyərdə olması ilə bağlı hansısa sənəd təqdim edə bilmir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 28-MCR-1-1135-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən həmin cavabdehə 120 ay müddətinə 80000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli 28-MCR-1-1135-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1,75 % dərəcəsi ilə 36 ay müddətinə 28000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 26 sentyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2022-ci il tariхli Z/15725/22 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 19125,69 manat məbləğində əsas borcu, 1794,32 manat məbləğində faiz borcu vardır və 368,51 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 01 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 17576,34 manat məbləğində əsas borcu, 6226,29 manat məbləğində faiz borcu vardır və 5450,19 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli A/00495/22 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 28-MCR-1-1135-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti olan “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobil ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli A/00495/22 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 146926 nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan “SHACMAN” markalı, SX3314DT366 yük modeli, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 16 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/7495/2024 nömrəli məktubla məhkəməyə təqdim edilmiş ekspert vəsatətinin məzmununda tədqiqat obyekti olan “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsinin təşkil olunması barədə vəsatət daxil olmuşdur. Qeyd olunan vəsatətin icrası ilə əlaqədar məhkəmə tərəfindən tərəflərə və Məhkəmə Ekspertizası Mərkəzinə baxışın 25 noyabr 2024-cü il tarixində saat 10:30-da keçiriləcəyi (baxışın vaxtı ekspertə tərəfindən müəyyənləşdirilmişdir) barədə 19 sentyabr 2024-cü il tarixli məktublar ünvanlanmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli məktubla ““SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25 noyabr 2024-cü il tarixində saat 10:30-da tərəflərin iştirakları ilə Mərkəzdə ekspert baxışının keçirilməsi üçün məhkəməyə 16 sentyabr 2024-cü il tarixdə 9/7495 nömrəli vəsatət göndərilmişdir. Yük avtomobilinin ekspert baxışına təqdim edilməsi ilə bağlı Mərkəzə 30 sentyabr 2024-cü il tarixində məhkəmə tərəfindən 19 sentyabr 2024-cü il tarixli məktub daxil olmuş, lakin yük avtomobili baxışa təqdim edilməyərək vəsatət təmin edilməmişdir” əsası ilə qərardad icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 05 fevral 2025-ci il tarixli 3-16-16/2-9/799/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş ekspert vəsatətinin məzmununda tədqiqat obyekti olan “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsinin təşkil olunması barədə vəsatət daxil olmuşdur. Qeyd olunan vəsatətin icrası ilə əlaqədar məhkəmə tərəfindən tərəflərə və Məhkəmə Ekspertizası Mərkəzinə baxışın 03 mart 2025-ci il tarixində saat 12:00-a keçiriləcəyi (baxışın vaxtı ekspertə tərəfindən müəyyənləşdirilmişdir) barədə 18 fevral 2025-ci il tarixli məktublar ünvanlanmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli məktubla “məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə 05 fevral 2025-ci il tarixli vəsatət göndərilmiş və baxışın tarixi 03 mart 2025-ci il tarixinə təyin edilmişdir. Lakin qeyd edilən tarixdə cavabdeh tərəf əlaqə saxlayaraq sözügedən avtomobilin baxışa təqdim edilə bilməcəyini bildirmişdir. Buna görə də, mülki iş materialı icrasız məhkəməyə geri qaytarılmışdır” əsası ilə qərardad icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli 02-113/25 nömrəli mütəxəssis rəyindən görünür ki, “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobilin likvid dəyəri 23700 manat, bazar dəyəri isə 29600 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 26 sentyabr 2022-ci il tarixli 28-MCR-1-1135-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında 26 sentyabr 2022-ci il tarixli 28-MCR-1-1135-22/1 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşma ilə iddiaçı tərəfindən Cavabdeh1 aylıq 1,75% dərəcəsi ilə 36 ay müddətinə 28000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 01 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə ödənişlər həyata keçirildiyindən qalıq borc 17576,34 manat məbləğində təşkil edir. Belə ki, məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan göründüyü kimi, işin məhkəməyə verildiyi tarixdən (xx.xx.2024) sonra edilən ödənişlər, əsasən iddia ərizəsində qeyd edilən 19125,69 manat məbləğində olan əsas borc məbləğindən çıxılmışdır. Belə ki, - xx.xx.2024 - 50 manat (49,5 manat əsas borcdan çıxılmış); - xx.xx.2024 - 500 manat (495 manat əsas borcdan çıxılmış); - xx.xx.2024 - 500 manat (495 manat əsas borcdan çıxılmış); - xx.xx.2025 - 515 manat (509,85 manat əsas borcdan çıxılmış). Əsas borcdan çıxılan məbləğlərin cəmi 1549,35 manat (49,5 manat + 495 manat + 495 manat + 509,85 manat) təşkil edir. İddia ərizəsində qeyd edilmiş 19125,69 manat məbləğindəki əsas borc məbləği ilə məhkəmə prosesləri dövründə edilən ödənişlərin (1549,35 manat) fərqi isə 17576,34 manat (19125,69 manat - 1549,35 manat = 17576,34 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 sentyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 19125,69 manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli, 01 iyul 2025-ci il tarixli maliyyə arayışı əsas götürülərək cavabdehlərdən müştərək qaydada 17576,34 manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 26 sentyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 1794,32 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1794,32 manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 26 sentyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 92,13 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli A/00495/22 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan “SHACMAN” markalı 99- HX-511 dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “İş materialları” hissəsində göstərilən 28 noyabr 2024-cü il və 17 mart 2025-ci il tarixli məktublarla cavabdeh tərəfindən ipoteka predmeti olan avtomobilin ekspert baxışına təqdim edilməməsi əsası ilə qərardadlar icra olunmadan iş məhkəməyə geri qaytarıldığına görə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş 27 may 2025-ci il tarixli 02- 113/25 nömrəli mütəxəssis rəyini iş üzrə mötəbər sübut hesab edir. Cavabdeh1 ipoteka predmeti olan avtomobilin mütəxəssis rəyində göstərilən qiymətdən daha yuxarı dəyərdə olması ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin 30 avqust 2024-cü il tarixli iclasında cavabdeh öz izahatında “avtomobilin dəyəri təxminən 15000 manat məbləğə qədər düşmüşdür. Bunun əsas səbəbi 2 il əvvəl həmin avtomobilin yükgötürmə qabiliyyəti qədər yük daşınması mümkün olduğu halda, hazırda həmin miqdarda yük daşınmasına icazə verilməməsidir” bildirmiş, iş üzrə 2 dəfə ekspert baxışı təşkil edilməsinə baxmayaraq avtomobili baxışa təqdim etməmiş, həmçinin avtomobilin dəyərinin daha yüksək olduğu ilə bağlı yalnız şifahi mülahizələrə istinad etmiş, hər hansı yazılı sənəd, rəy və ya digər sənəd məhkəməyə təqdim etməmişdir. Buna görə də, cavabdehin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobilin 27 may 2025-ci il tarixli 02-113/25 nömrəli mütəxəssis rəyi nəzərə alınaraq ilkin satış qiyməti 23700 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iş materiallarında olan 04 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 153,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 148,39 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 27 may 2025-ci il tarixli 02-113/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 17576,34 manat məbləğində əsas borc, 1794,32 manat məbləğində faiz borcu, 92,13 manat məbləğində cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 148,39 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19611,18 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 19611,18 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “SHACMAN” markalı 99- HX-511 dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 19611,18 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 23700 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17576,34 (on yeddi min beş yüz yetmiş altı manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 1794,32 (min yeddi yüz doxsan dörd manat, otuz iki qəpik) manat məbləğində faiz borcu, 92,13 (doxsan iki manat, on üç qəpik) manat məbləğində cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 148,39 (yüz qırx səkkiz manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19611,18 (on doqquz min altı yüz on bir manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 19611,18 (on doqquz min altı yüz on bir manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “SHACMAN” markalı 99- HX-511 dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 19611,18 (on doqquz min altı yüz on bir manat, on səkkiz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan “SHACMAN” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı (yük modeli: SX3314DT366, şassi nömrəsi: LZGJRDT61DX019244) avtomobilin ilkin satış qiyməti 23700 (iyirmi üç min yeddi yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-71/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-71/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver