Məhkəmə qərarları › İş №e-2-2(119)-72/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-72/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-72/2025 07.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 13 oktyabr 2021-ci il tarixli DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 2529,02 (iki min beş yüz iyirmi doqquz manat, iki qəpik) manat məbləğində cərimə, 41040AZNSK********** hesab nömrəli biznes kredit kartı üzrə overdraft əməliyyatı olaraq 15665,33 (on beş min altı yüz altmış beş manat, otuz üç qəpik) manat məbləğində borc, 24 may 2022-ci il tarixli DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 2902,31 (iki min doqquz yüz iki manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 72,29 (yetmiş iki manat, iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 22,43 (iyirmi iki manat, qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2997,03 (iki min doqquz yüz doxsan yeddi manat, üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 154 (yüz əlli dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/6548 nömrəli razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DC00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, nağdsız qaydada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə 17000 manat biznes kart üzrə kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixli DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan qeyd edilən DC00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 533 gün, DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 85 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 01 noyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsi ilə tələb olunan məbləğlərlə tam razı deyildir. İddiaçı təşkilatdan ilk dəfə 17000 manat məbləğində kredit borcu götürmüş, borc məbləği üzrə tam şəkildə ödənişlər həyata keçirərək həmin borcu bağlamışdır. Sonradan yenidən 17000 manat məbləğində kredit borcu götürmüş, həmin borc üzrə təxminən 7 ay ərzində müəyyən məbləğdə ödənişlər həyata keçirmişdir. Atasının xəstəliyi ilə əlaqədar pul lazım olduğuna görə, iddiaçı təşkilata yenidən borc verilməsi ilə bağlı müraciət etmişdir. Lakin iddiaçı təşkilatın əməkdaşı mövcud borc məbləğini sıfırlamadan yeni kredit xətti açıla bilməyəcəyini bildirmişdir. 13 oktyabr 2021-ci il tarixli DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə ödənişləri tam həyata keçirmişdir. Həmin ərizə üzrə cərimənin hesablanması əsassızdır. 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli maliyyələşdirmə üzrə hesablanmış 2997,03 manat borc məbləği ilə isə tam razıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 25 noyabr 2020-ci il tarixli OnGTC/SE/6548 nömrəli Razılaşma imzalanmışdır. İş materiallarında olan “Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Müqavilənin predmeti” adlanan bölməsinin 1-ci bəndinə əsasən, müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.1-ci bəndinə əsasən, bank müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.4-cü bəndinə əsasən, kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə Bankın təklifini - müvafiq Kreditin şərtlərini göstərən “Maliyyələşmə üçün ərizə” imzalanır. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Müştəri kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli OnGTC/SE/6548 nömrəli ümumi şərtlər toplusu əsasında tərəflər arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən, Cavabdeh 13 oktyabr 2022-ci il tarixinədək illik faiz dərəcəsi 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, "xxxx" QSC-dən, "xxxx" QSC-dən və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 41040AZNSK********** nömrəli biznes kart üzrə 17000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli OnGTC/SE/6548 nömrəli ümumi şərtlər toplusu əsasında tərəflər arasında bağlanmış 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən, Cavabdeh 24 may 2024-cü il tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan 01 yanvar 2021-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək dövrü əhatə edən 07 aprel 2025-ci il tarixli hesabdan çıxarış sənədindən görünür ki, Cavabdeh 41040AZNSK********** hesab nömrəli biznes kredit kartı üzrə 15665,33 manat məbləğində overdraft əməliyyatı həyata keçirmişdir (“Money in” - 529240,75 manat, “Money out” - 545358,48 manat). İş materiallarında olan 21 fevral 2025-ci il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 06 fevral 2025-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “29 noyabr 2024-cü il tarixli vəsatət əsasında təqdim edilmiş 04 vərəqdən ibarət əlavə sənədlərlə tanışlıq zamanı vəsatətdə göstərilən tədqiqat üçün zəruri olan sənədlərin təmin olunmadığı müəyyən edilmişdir” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 25 noyabr 2020-ci il tarixli OnGTC/SE/6548 nömrəli razılaşma bağlanmış, həmin razılaşma əsasında 13 oktyabr 2021-ci il tarixli DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə və 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Cavabdehə 13 oktyabr 2021-ci il tarixli ərizə üzrə 41040AZNSK********** hesab nömrəli kart üzrə 17000 manat məbləğində kredit xətti açılmış və 24 may 2022-ci il tarixli ərizə üzrə 15000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh həmin ərizələr üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmişdir. Belə ki, cavabdeh 41040AZNSK********** hesab nömrəli kart üzrə overdraft əməliyyatı həyata keçirmiş, nəticədə onun 15665,33 manat məbləğində əsas borcu yaranmış, həmçinin 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli ərizə üzrə cavabdeh iddiaçıdan aldığı krediti ərizə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən ərizə üzrə 2902,31 manat məbləğində əsas, 72,29 manat məbləğində faiz borcu yaranmışdır (24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli ərizə üzrə borcunun mövcudluğunu məhkəmə iclasında özü də etiraf etmişdir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 41040AZNSK********** hesab nömrəli kart üzrə overdraft əməliyyatı olaraq 15665,33 manat məbləğində əsas borc, DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2902,31 manat məbləğində əsas borc və 72,29 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 13 oktyabr 2021-ci DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2529,02 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh maliyyələşdirmə üçün ərizə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə (“Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndi və 13 oktyabr 2021-ci DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizənin “Kreditin illik/gündəlik cərimə faiz dərəcəsi” adlı bölməsi) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 2529,02 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 784 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin cavabdehdən 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə 22,43 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh maliyyələşdirmə üçün ərizə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə (“Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndi və 24 may 2022-ci il tarixli DCLT00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizənin “Kreditin illik/gündəlik cərimə faiz dərəcəsi” adlı bölməsi) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməldir. Bundan əlavə, iddia tələbinin 154 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 148,34 manat məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhdən DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 784 manat məbləğində cərimə, 41040AZNSK********** hesab nömrəli biznes kredit kartı üzrə overdraft əməliyyatı olaraq 15665,33 manat məbləğində borc, DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2902,31 manat məbləğində əsas borc, 72,29 manat məbləğində faiz borcu, 22,43 manat məbləğində cərimə və 148,34 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19594,7 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 13 oktyabr 2021-ci il tarixli DCLT00289613-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 784 (yeddi yüz səksən dörd) manat məbləğində cərimə, 41040AZNSK********** hesab nömrəli biznes kredit kartı üzrə overdraft əməliyyatı olaraq 15665,33 (on beş min altı yüz altmış beş manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 24 may 2022-ci il tarixli DC00289613-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2902,31 (iki min doqquz yüz iki manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 72,29 (yetmiş iki manat, iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 22,43 (iyirmi iki manat, qırx üç qəpik) manat məbləğində cərimə və 148,34 (yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19594,7 (on doqquz min beş yüz doxsan dörd manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar