Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-720/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2278,76 (iki min iki yüz yetmiş səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində əsas borc, 1292,67 (min iki yüz doxsan iki ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 4454,91 (dörd min dörd yüz əlli dörd ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 339,84 (üç yüz otuz doqquz ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcu və 132,67 (yüz otuz iki manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 24 aprel 2014-cü il tarixli 148/26-USD nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh yeni avadanlıq alınması məqsədilə 24 ay müddətinə illik 33 faiz dərəcəsilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 07 aprel 2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) 8351,31 ABŞ dolları məbləğində təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 06 aprel 2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08 may 2025-ci il tarixli iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əsas borcu qəbul edir. Borc məbləğinin yarısı ödənilmişdir, qalan yarısı üzrə ödəniş qrafiki müəyyən edilərsə, əsas borc üzrə aylıq hissə-hissə ödəniş həyata keçirə bilər. Ümumi borc məbləğini ödəmək üçün maddi imkanım yoxdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2014cü il tarixli 148/26-USD nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor (İddiaçı ASC) borcalana (Cavabdeh) 6350 ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kredit 24 ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan kreditora illik 33 faiz dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 35,33 faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz dərəcəsilə, aylıq isə 5,5 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirildiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödənilən günə İddiaçı ASC-nin nağd valyutanın alğısatqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə konvertasiya edilərək borcun ödənilməsinə yönəldilir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 22 aprel 2016-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 24 aprel 2014-cü il tarixli 1/33/67425717 USD nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh 6350 ABŞ dolları məbləğində kredit borcu kassadan məxaric edilmişdir. İş materiallarında olan 24 aprel 2014-cü il tarixli 148/26-USD nömrəli kredit müqaviləsinə 07 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (kredit müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8351,31 ABŞ dolları təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti 06 aprel 2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməsi nəzərdə tutulmuşdur. Həmin sazişə əlavə edilmiş ödəniş qrafikində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 06 aprel 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 05 mart 2025-ci il tarixli 12-5/2-Ə-23-3764/2025 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 24 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 03 mart 2025-ci il tarixinə iddiaçıya 2278,76 ABŞ dolları məbləğində əsas bоrc, 1292,67 ABŞ dolları məbləğində faiz borcu, 4454,91 ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 339,84 ABŞ dolları məbləğində faiz borcu оlmaqla, cəmi 8366,18 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 nömrəli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilərək iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 24 aprel 2014-cü il tarixli 148/26-USD nömrəli kredit müqaviləsi və ona edilmiş 07 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 aprel 2014-cü il tarixli 148/26-USD nömrəli kredit müqaviləsi və və ona edilmiş 07 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə cavabdehdən 2278,76 ABŞ dolları məbləğində borc və 1292,67 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 339,84 ABŞ dolları məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə Mülki Məcəllənin yuxarıda istinad edilmiş 445.7-ci maddəsinin tələbini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilmiş vaxt üçün göstərilən məbləğdə faiz borcunu tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin cavabdehdən 4454,91 ABŞ dolları cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqaviləsinın yuxarıda istinad edilmiş 3.7-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 4454,91 ABŞ dolları məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 114 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin 132,67 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 19 mart 2025-ci il tarixli **********24 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 132,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 88,42 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2278,76 ABŞ dolları məbləğində əsas borc, 1292,67 ABŞ dolları məbləğində faiz borcu, 114 ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş dövr üçün hesablanmış 339,84 ABŞ dolları məbləğində faiz borcu ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, 88,42 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 2278,76 (iki min iki yüz yetmiş səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində əsas borc, 1292,67 (min iki yüz doxsan iki ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 114 (yüz on dörd) ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş dövr üçün hesablanmış 339,84 (üç yüz otuz doqquz ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4025,27 (dörd min iyirmi beş ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, 88,42 (səksən səkkiz manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı X1 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-720/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-720/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver