Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-73/2023 05.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, X9 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh Məlikov Şakir Zahir oğlunun iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məlikov Şakir Zahir oğlu və X2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Məlikov Şakir Zahir oğlu və X2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5235,90 (beş min iki yüz otuz beş manat 90 qəpik) manat məbləğində əsas borcun, 5088,82 (beş min səksən səkkiz manat 82 qəpik) manat məbləğində faiz borcunun, 4288,23 (dörd min iki yüz səksən səkkiz manat 23 qəpik) manat məbləğində cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 757,74 (yeddi yüz əlli yeddi manat 74 qəpik) manat məbləğində faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehlər Məlikov Şakir Zahir oğlu və X1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə cavabdeh Məlikov Şakir Zahir oğlu arasında 003889 nömrəli Bank xidmətləri müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında 008T07170025 nömrəli 28 iyul 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Məlikov Şakir Zahir oğluna 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Məlikov Şakir Zahir oğluna kredit verilərkən X4 ilə Bank arasında ZM2/008T07170025 nömrəli 28 iyul 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması X8 Zahir oğluna və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi” tələbi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/5-02550 nömrəli xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********791 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Məlikov Şakir Zahir oğlunun kredit üzrə cəmi borcu 15370,69 (on beş min üç yüz yetmiş manat 69 qəpik) manat təşkil edir. Bundan 5235,90 (beş min iki yüz otuz beş manat 90 qəpik) manat əsas, 5088,82 (beş min səksən səkkiz manat 82 qəpik) manat faiz, 4288,23 (dörd min iki yüz səksən səkkiz manat 23 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 757,74 (yeddi yüz əlli yeddi manat 74 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh X4 məhkəməyə 24 noyabr 2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, zaminlik müqaviləsinin bağlanmasından uzun müddət keçib və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı iddia qaldırmaq hüququnu itirib. Buna görə zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh Məlikov Şakir Zahir oğlu 18 may 2023-cü il tarixdə məhkəməyə “iddia müddətinin keçməsinə görə icraata xitam verilməsinə dair” ərizə ilə müraciət edərək iddia müddəti keçdikdən sonra iddia verildiyinə görə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məlikov Şakir Zahir oğlu iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 nömrəli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilərək iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən etibarən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi” təyin edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “borc verən” və cavabdeh Məlikov Şakir Zahir oğlu- “borc alan” olmaqla bağlanmış 28 iyul 2017-ci il tarixli 008T07170025 nömrəli kredit müqaviləsinə əsasən məhsul yığımı və heyvanların qışa yem tədarükünü görmək məqsədilə üçün Məlikov Şakir Zahir oğluna (VÖEN **********) 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 28 iyul 2017-ci il tarixdə Məlikov Şakir Zahir oğluna verilmiş kreditin son ödəmə tarixi 28 iyul 2019-cu il müəyyən olunmuşdur. İş materiallarında olan 28 iyul 2017-ci il tarixli 008T07170025 nömrəli kredit müqaviləsinə Əlavəyə əsasən müəyyən olunur ki, cavabdehin banka olan borcunun sonuncu ödəniş tarixi 28 iyul 2019-cu il olmaqla müvafiq ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Məlikov Şakir Zahir oğlu tərəfindən imzalanmışdır. İş materiallarında olan 28 iyul 2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Məlikov Şakir Zahir oğluna 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cavabdeh Məlikov Şakir Zahir oğluna məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2018-ci il tarixdə edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor” olaraq X4 – “zamin” olmaqla bağlanmış 28 iyul 2017-ci il tarixli ZM2/008T07170025 nömrəli zaminlik müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürürür. İş materiallarında olan iddia tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Məlikov Şakir Zahir oğlunun Kredit müqaviləsi üzrə 31 may 2022-ci il tarixə 5235,90 (beş min iki yüz otuz beş manat 90 qəpik) manat məbləğində əsas bоrc, 5088,82 (beş min səksən səkkiz manat 82 qəpik) manat məbləğində faiz borcu, 4288,23 (dörd min iki yüz səksən səkkiz manat 23 qəpik) manat məbləğində cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 757,74 (yeddi yüz əlli yeddi manat 74 qəpik) manat məbləğində faiz borcu оlmaqla, cəmi 15370 (on beş min üç yüz yetmiş dörd manat 70 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 18 aprel 2023-cü il tarixli 9/44 nömrəli ekspert rəyindən görünür ki, Məlikov Şakir Zahir oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyul 2017-ci il tarixli 008T07170025 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcalanın banka ödənilməli olan əsas borcu 5.278,10 manat, faiz borcu 1484,60 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 749,93 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borclu Məlikov Şakir Zahir oğluna vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Kredit müqaviləsinin təminatı olaraq X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh Məlikov Şakir Zahir oğlu ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 28 iyul 2017-ci il tarixdə, 28 iyul 2019cu il tarixədək bağlanmış, kredit müqaviləsinin müddəti 28 iyul 2019-cu il tarixdə bitmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə iddia ərizəsi ilə 21 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Məlikov Şakir Zahir oğluna qarşı “borcun tutulması” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir. Eyni zamanda məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Məlikov Şakir Zahir oğluna qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-73/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-73/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver