Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-73/2024 04.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu - “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs” qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 16 fevral 2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə 58011,88 (əlli səkkiz min on bir manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 6480,84 (altı min dörd yüz səksən manat, səksən dörd qəpik) manat faiz borcu, 6463,88 (altı min dörd yüz altmış üç manat, səksən səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 70956,59 (yetmiş min doqquz yüz əlli altı manat, əlli doqquz qəpik) manat məbləğində borcun və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 03626LE/2019 nömrəli razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Daha sonra bank ilə borcalan arasında xx.xx.2021-ci il tarixli DCS00305622-01 saylı kredit müqaviləsi imzalanmış və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 09 fevral 2021-ci il tarixli ZM-513/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 85817 manat məbləğində kredit verilmişdir. Borc alanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə DCS00305622-01 saylı kredit müqaviləsinin təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********39 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan DCS00305622-01 saylı müqavilə üzrə öhdəliklərini 339 gün müddətində icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən 13 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək cavabdehlərdən müştərək qaydada 16 fevral 2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə 58011,88 manat məbləğində əsas borc, 6480,84 manat məbləğində faiz borcu və 8049,53 manat məbləğində cərimə olmaqla, cəmi 72542,25 manat məbləğində borcun və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizənin məzmumuna uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 27 yanvar 2021-ci il tarixli OnGTC- 03626LE/2019 saylı Razılaşma imzalanmışdır. İş materiallarında olan “Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Müqavilənin predmeti” adlanan bölməsinin 1-ci bəndinə əsasən, müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.1-ci bəndinə əsasən, bank müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.4-cü bəndinə əsasən, kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə Bankın təklifini - müvafiq Kreditin şərtlərini göstərən “Maliyyələşmə üçün ərizə” imzalanır. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, kredit, bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzə 16 fevral 2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 09 fevral 2021ci il tarixli ZM-513/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 85817 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla) manat məbləğində kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. İddiaçı ilə cavabdehlər arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzə xx.xx.2021-ci il tarixli DGS**********39 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 16 fevral 2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC-nin banka olan borcu üçün son ödəniş tarixi 16 fevral 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli PB/BPŞ-OUT-01302-2023 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 MMC-nin 13 sentyabr 2023-cü il tarixinə DCS00305622-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı ASC-yə 58011,88 manat əsas borc, 6480,84 manat faiz borcu və 6463,88 manat cərimə olmaqla, cəmi 70956,59 manat məbləğində borcu var (gecikmə günlərinin sayı: 424 gün). İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 dekabr 2023-cü il tarixli PB/BPŞ-OUT-01538-2023 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 MMC-nin 05 dekabr 2023-cü il tarixə DCS00305622-01 nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən İddiaçı ASC-yə 58011,88 manat əsas borc, 6480,84 manat faiz borcu və 8049,53 manat cərimə borcu olmaqla, cəmi 72542,25 manat məbləğində borcu var (gecikmə günlərinin sayı: 507 gün). İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığa İnkişaf Fondu ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış Azərbaycan Respublikası Sahibkarlığa İnkişaf Fondu ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair 17 iyul 2020-ci il tarixli əməkdaşlıq müqaviləsinin 1-ci hissəsinə əsasən, bu müqavilə tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını, müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, müvəkkil kredit təşkilatının fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir. İş materiallarında olan sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 09 fevral 2021-ci il tarixli Zəmanət məktubundan görünür ki, həmin zəmanət məktubu əsasında Azərbaycan Respublikası Sahibkarlığa İnkişaf Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASC arasında bağlanılmış 17 iyul 2020-ci il tarixli əməkdaşlıq müqaviləsinə uyğun olaraq müvəkkil kredit təşkilatına (İddiaçı ASC-yə) Cavabdeh1 MMC-yə verilməsi nəzərdə tutulan illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 85817 manat məbləğində məbləğində zəmanətin kreditə nisbəti 60 % olmaqla zəmanətin verilməsini öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 07 may 2024-cü il tarixli 9/1169 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 fevral 2021-ci il tarixli DCS00305622-01 saylı kredit müqaviləsi və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən edilmiş faiz subsidiyası ödənişi nəzərə alındığı təqdirdə MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 58011,8 manat, faiz borcu üzrə 5174,7 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 58011,8 manat, faiz borcu üzrə 12160,3 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 16 avqust 2024-cü il tarixli 9/4803 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 fevral 2021-ci il tarixli DCS00305622-01 saylı kredit müqaviləsi və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən edilmiş faiz subsidiyası ödənişi nəzərə alındığı təqdirdə MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 58011,8 manat, faiz borcu üzrə 13530,04 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 58011,8 manat, faiz borcu üzrə 13530,04 manat Həmin rəyin nəticə hissəsində, həmçinin qeyd edilir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır), bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişlərin ekspertiza tədqiqatı ilə faiz borcuna yönəldilmişdir. Bildirilir ki, 9/1169 saylı ekspert rəyində 15 oktyabr 2021-ci il tarixdə faiz borcuna ödəniş kimi qeyd edilən 4996,39 manat ödəniş, 17 yanvar 2022-ci il tarixdə faiz borcuna ödəniş kimi qeyd edilən 3359,55 manat ödəniş “reverse” əməliyyatı (pul vəsaitinin hesaba geri qaytarılması) əsasında hesabdan çıxarış məlumatlarına əsasən müştərinin hesabına geri qaytarıldığı müəyyən edildiyindən hazırkı tədqiqatla həmin ödənişlər kredit borcuna silinmir. Həmçinin hazırkı tədqiqatla xx.xx.2023cü il tarixdən sonra (müqavilənin bitmə tarixi) faiz borcunun hesablanması dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 13 mart 2024-cü il tarixli 3-21-8/2-675/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"nın 9-cu bəndinə uyğun olaraq "xxxx" ASC-nin "xxxx" MMC-yə ayrılmış dövlət zəmanətli kredit üzrə faiz subsidiyasının ödənilməsinə dair müraciətləri əsasında Fond tərəfindən ümumilikdə 5076,56 (beş min yetmiş altı manat, əlli altı qəpik) manat subsidiya ödənişi həyata keçirilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan Qaydanın 8.2-8.5-ci bəndlərinə əsasən müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda müraciət edir. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır. Fond bu Qaydanın 8.1 -ci, 8.2-ci, 8.3-cü və 10.3-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir. "xxxx" ASC tərəfindən xx.xx.2022ci il tarixli, PB-OUT-03787-2022 nömrəli məktubla zəmanət üzrə ödənişin həyata keçirilməsi barədə Fonda müraciət edilmişdir. Müraciətə Fond tərəfindən yuxarıda adı çəkilən Qaydanın tələblərinə uyğun baxılaraq, xx.xx.2022-ci il tarixli, SİF-X/O-11/02- 3/1823/2022 nömrəli məktubla "xxxx" MMC üzrə 60 faiz zəmanətin kreditə nisbəti nəzərə alınmaqla 34807,13 (otuz dörd min səkkiz yüz yeddi manat, on üç qəpik) manat zəmanət ödənişinin təmin edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” 9 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarının 4-cü hissəsinə əsasən, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 2.1.4-cü yarımbəndinə əsasən, zəmanət - sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyidir; 2.1.7-ci yarımbəndinə əsasən faiz subsidiyası - sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir. 3.1-ci və 3.2-ci bəndlərin əsasən, zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir. Həmin Qaydanın 8.1-ci bəndinə əsasən, əmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzə 16 fevral 2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 09 fevral 2021-ci il tarixli ZM-513/2021 nömrəli zəmanət məktubunun şərtlərinə (məktuba iş materialları hissəsində istinad edilmişdir) uyğun olaraq cavabdehə illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 85817 manat məbləğində məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə 58011,88 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh1 MMC öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli DCS00305622- 01 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 16 avqust 2024-cü il tarixli 9/4803 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 16 avqust 2024-cü il tarixli 9/4803 nömrəli ekspert rəyində Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə faiz borcunun 13530,04 manat məbləğində, xx.xx.2023-cü il tarixinə 13530,04 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 6480,84 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 6480,84 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış faiz borcunun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 6480,84 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 8049,53 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilələrdə (“Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndi və xx.xx.2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndi) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 8049,53 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 3000 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş 10 oktyabr 2023-cü il tarixli MŞS/MT030/2023-00790 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı və cavabdehin nümayəndələri iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mediatora ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin 200 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli 9/1169 nömrəli və 16 avqust 2024-cü il tarixli 9/4803 ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 292,48 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə 58011,88 manat məbləğində əsas borc, 6480,84 manat məbləğində faiz borcu, 3000 manat məbləğində cərimə və 200 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 67692,72 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti və 292,48 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli DCS00305622-01 nömrəli kredit müqaviləsi üzrə 58011,88 (əlli səkkiz min on bir manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 6480,84 (altı min dörd yüz səksən manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 3000 (üç min) manat məbləğində cərimə və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 67692,72 (altmış yeddi min altı yüz doxsan iki manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 292,48 (iki yüz doxsan iki manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-73/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-73/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver