Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-737/2025 03.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetlərinə yönəldilməsi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 sentyabr 2022-ci il tarixli ipoteka müqavilələri ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahəsinin, ünvan 1i ünvanında yerləşən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 38.10 kv.m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi və ünvan 2i ünvanında yerləşən, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.575 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 18100 (on səkkiz min yüz) manat məbləğində pulun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun, cəmi 18200 (on səkkiz min iki yüz) manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 1i ünvanında yerləşən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 38.10 kv.m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 07 sentyabr 2022-ci il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. Həmin müqaviləyə əsasən, yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında 07 sentyabr 2022ci il tarixli 3M-2355 reyestr nömrəli ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Cavabdeh2 məxsus daşınmaz əmlak ipotekaya qoyulmuşdur. Həmçinin “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqaviləyə əsasən, yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında 07 sentyabr 2022-ci il tarixli, 3M-2356 reyestr nömrəli notarial ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsi ilə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 38,1 kv.m olan fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,575 ha olan torpaq sahəsi **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Cavabdeh2 məxsus daşınmaz əmlak ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqavilələri üzrə əmlaklar 24 oktyabr 2022-ci il tarixində müvafiq olaraq **********, ********** və ********** qeydiyyat nömrəsi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 07 sentyabr 2022-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə 22500 manat borcu yaranmış, iddiaçı Cavabdeh1 4500 manat məbləğində vəsaiti güzəşt etmişdir. Cavabdeh1 18000 manat məbləğində borcunun olması barədə iddiaçı ilə Cavabdeh1 arasında 07 mart 2024-cü il tarixli MŞB\9\2024-00324 nömrəli barışıq sazişi imzalanmışdır. Cavabdeh1 sazişin şərtlərinə əməl etmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək 07 mart 2024-cü il tarixli MŞB\9\2024-00324 nömrəli mediasiya barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e- 2-2(113)-7177/2024 nömrəli qətnaməsinə əsasən, Cavabdeh1 18000 manat məbləğində borcu olması ilə bağlı barışıq sazişinin təsdiqlənməsi və ödənilmiş 100 manat məbləğində rüsumun maraqlı şəxsdən tutulması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Xaçmaz rayon icra şöbəsinə göndərilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər təqdim olunmuşdur. Cavabdeh1 21 aprel 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, iddiaçı 2022-ci ildə onunla müqavilə bağlayaraq Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən mağazada İddiaçı mağazasını açmaq üçün onunla razılaşmışdır. “Araz Supermarketlər” şəbəkəsinin səlahiyyətli şəxsləri mağazanın açılması və faliyyət göstərməsi üçün tələb olunan bütün avadanlıqların onun öz hesabına və onların tələb etdiyi avadanlıqların alınmalı olduğunu bildirmişdirlər. O da öz hesabına kompüter avadanlığına 4600 manat, kassa aparatına 430 manat, çek çıxarma aparatına 320 manat, tərəziyə 450 manat, notarial qaydada müqavilə və digər sənədlərin hazırlanmasına və təsdiqinə 720 manat, mağaza rəflərinə 880 manat, internet xəttinin çəkilməsinə 450 manat məbləğində pul ödəmişdir. Bundan əlavə, mağazanın reklam plakatını “Arazmarket şəbəkəsi” Bakı şəhərindən sifariş vermiş, həmin reklam plakatına görə 500 manat məbləğində, plakatın gətirilmə haqqına görə isə əlavə 50 manat məbləğində ödəniş həyata keçirmişdir. “Araz market”in möhürünün hazırlanmasına görə 100 manat məbləğində ödəniş həyata keçirmişdir. Qiymət çeklərinə görə isə ondan 360 manat məbləğində pul alınmışdır. İddiaçının işçiləri mağazanın açılışı üçün 8 nəfər olmaqla Bakı şəhərindən gəlmiş, onların otel və yemək xərclərini cavabdeh qarşılamışdır. Mağaza açıldıqdan 1 həftə sonra Nahmud adlı bölgə müdiri mağazaya daxil olaraq, əyani şəkildə, təftiş aparmadan mağazada 60000 manatlıq yox, 40000 manatlıq mal olduğunu bildirmişdir. Mağazanın ilkin açılışından ay yarım ötdükdən sonra, bölgə müdiri “Arazmarket şəbəkəsi”ndən Asim adlı şəxsi mağazaya təftiş üçün göndərmiş, həmin şəxs mağazaya gələrək, yalnız tütün məmulatlarına dair təftiş aparmış və ona siqaretlərdən 1500 manat çatmadığını bildirmişdir. O da dərhal Mahmud və Vəfaya zəng etmiş, onlar cəmi 57 manat çatışmazlığın olduğunu, kompüter sistemində kiçik səhv olduğunu bildirmişdirlər. Mağaza fəaliyyət göstərdiyi 3 ay müddəti ərzində mağazanın 2 satıcısının hər birinə aylıq 300 manat, xidmətçiyə isə aylıq 150 manat məbləğində əmək haqqı vermişdir. Mağazanın açılışından 3 ay sonra, yəni 2023-cü ilin yanvar ayında mağaza bağlanmış, 1 ay yarım təftiş aparıldıqdan sonra “Araz market”in şəbəkə müdiri Bakıdan gələrək 20000 manat məbləğində əskik olacağını bildirmişdir. Nəhayət, mağazada 18000 manat məbləğində əskik olmuşdur. Lakin ona qarşı yönəlmiş 18000 manat məbləğində iddia tələbi tam yalnış və böhtan xarakterlidir. O, 10000 manat məbləği mərhələli şəkildə yəni, hər ay üçün 300 manat olmaqla iddiaçıya ödəyə bilər. Cavabdeh işsizliyini, öhdəsində olan həyat yoldaşının xəstə olduğunu, digər banklar qarşısında mövcud olan öhdəliklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 02 may 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 18100 (on səkkiz min yüz) manat məbləğində pulun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun, cəmi 18200 (on səkkiz min iki yüz) manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 1i ünvanında yerləşən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 38.10 kv.m olan fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03 iyul 2025-ci il tarixində yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2- 2(113)-7177/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 18100 (on səkkiz min yüz) manat məbləğində pulun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun, cəmi 18200 (on səkkiz min iki yüz) manat məbləğində pulun alınması barədə tələbdən də 600 (altı yüz) manat məhkəmə prosesi zamanı ödənildiyini nəzərə alaraq 17600 (on yeddi min altı yüz) manat pulun həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi 03 iyul 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul edir. O, 2 dəfə olmaqla 300 manat məbləğində ödəniş həyata keçirmişdir. Mütəmadi olaraq ödənişləri həyata keçirməyə davam edəcəkdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, həmin rəydə əmlakın dəyəri az müəyyən edilmişdir. Həmin ərazidə torpaq sahəsinin hər 0,1 hektarı 330 manat məbləğinə satılır. Həmin əmlakın dəyərinin mütəxəssis rəyində göstərilən qiymətdən daha artıq məbləğdə olmasını təsdiq etmək üçün öz hesabına yenidən mütəxəssis tədqiqatının aparılmasına maddi vəziyyəti imkan vermir. Ümumiyyətlə, müvafiq torpaq sahəsinin satılmasına razı deyildir, borcu ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” 07 sentyabr 2022-ci il tarixli müqavilənin 2.1ci bəndinə əsasən, sahib (iddiaçı) satıcıya (cavabdehə) mağazanı əmtəə nişanı adı altında işlətməyə, idarə etməyə, mağazada malları müştərilərə satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verir və satıcı mağazanın bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibdən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı “satıcının müqavilə üzrə öhdəliklərinin təmin edilməsi məqsədilə müqavilənin şərtlərinə uyğun olaraq ipoteka müqaviləsinin Azərbaycan qanunvericiliyinə müvafiq olaraq imzalanması və dövlət qeydiyyatına alınması və (və ya) eyni məqsədlə satıcı (və ya onun iştirakçıları və ya səhmdarları) ilə sahib (və ya onun müəyyən etidi şəxs) arasında zaminlik müqaviləsinin bağlanması və (və ya) sahibin mülahizəsinə əsasən hər hansı digər formada satıcının müqavilə üzrə öhdəliklərinin təmin edilməsi üsulunun icrasını” təmin etməyincə mağazanın açılışını edə və 3.1-ci maddəyə əsasən açılış barədə bildiriş verə bilməz. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı MMC) ilə borcalan qismində Cavabdeh1, ipoteka qoyan qismində Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 9500 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1 və 3.4-cü-ci bəndlərinə əsasən, öhdəliyin yaranma əsası iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilədir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsi 07 sentyabr 2022-ci il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsinin “İşin halları” bölməsinin 1-ci bəndinə əsasən, ərizəçi İddiaçı MMC maraqlı şəxs Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 mart 2024-cü il tarixli, MŞB\9\2024-00324 nömrəli barışıq sazişinin məcburi icrası üçün 07 mart 2024-cü il tarixli, MŞB\9\2024-00324 nömrəli barışıq sazişinin təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxs Cavabdeh1 tutularaq ərizəçi İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamənin “Nəticə” hissəsinə əsasən, ərizə təmin edilmiş, İddiaçı MMC və Cavabdeh1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 07 mart 2024-cü il tarixli barışıq sazişi qeyd edilən şərtlərlə təsdiq edilmiş: “2.1. Tərəflər etiraf edir ki, ikinci tərəfin (Cavabdeh1) xx.xx.2022-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə 22500 (iyirmi iki min beş yüz) manat borcu var; 2.2. Birinci tərəf (İddiaçı MMC ) ikinci tərəfin ailə vəziyyətini nəzərə alaraq 4500 (dörd min beş yüz) manat məbləğində vəsaiti güzəşt edir, ikinci tərəfin 18000 (on səkkiz min) manat borcu olması ilə razılaşır; 2.3. İkinci tərəf həmin borc məbləğini xx.xx.2024-cü il tarixindən başlayaraq 6 (altı) ay ərzində 300 (üç yüz) manat, xx.xx.2024-cü il tarixdən isə ayda 675 (altı yüz yetmiş beş) manat olmaqla 24 ay ərzində, ümumilikdə 30 ay ərzində ödəməyi öhdəsinə götürür; 2.4. Birinci tərəf ikinci tərəfin hər hansı bank və ya kredit təşkilatından kredit götürəcəyi zaman xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.17 ha olan torpaq sahəsinin və eyni tarixli, ümumi sahəsi 0,63 ha torpaq sahəsini sonrakı ipoteka saxlayan kimi girov qoyulmasına razılıq verəcək. Bu razılığı birinci tərəf o şərtlə verir ki, əldə olunmuş kredit məbləği birinci tərəfə ödəniləcək; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur; 6. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır” və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyun 2025-ci il tarixli MEB-156-0525 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinin likvid dəyəri 11000 manat, bazar dəyəri 12000 manat təşkil edir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh1) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsi ilə 07 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmiş, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş 07 mart 2024-cü il tarixli barışıq sazişi ilə tərəflər Cavabdeh1 07 sentyabr 2022-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə 22500 manat məbləğində borcu olduğu və cavabdehin ailə vəziyyətini nəzərə alaraq iddiaçının 4500 manat məbləğində vəsaiti güzəşt etməsi nəticəsində cavabdehin 18000 manat məbləğində borcu qaldığı, cavabdehin həmin borc məbləğini 10 may 2024-cü il tarixindən başlayaraq 6 ay ərzində 300 manat, 10 noyabr 2024-cü il tarixdən isə ayda 675 manat olmaqla 24 ay ərzində, ümumilikdə 30 ay ərzində ödəməyi öhdəsinə götürməsi ilə bağlı razılığa gəlmişdirlər. Cavabdeh1 sözügedən qətnamə ilə təsdiq edilən barışıq sazişinin şərtlərinə uyğun olaraq 07 sentyabr 2022-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə hesablanmış 18000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmədiyindən, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə tutulması qət edilən 18000 manat məbləğində borc, 100 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla (tələbdən də 600 manat məhkəmə prosesi zamanı ödənildiyini nəzərə alaraq) qalıq pulun ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və borcalan qismində Cavabdeh1, ipoteka qoyan qismində Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci və 3.4-cü bəndlərinə əsasən, öhdəliyin yaranma əsası iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilədir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilən barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə iddiaçının iddia tələbi təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmiş 07 mart 2024cü il tarixli barışıq sazişi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 18100 manat məbləğində pul vəsaitindən 600 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınaraq həmin barışıq sazişi üzrə ödənilməli olan 17500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 17500 manat məbləğində borc ödənilməldir. İddia tələbinin “satışdan əldə olunmuş məbləğ iddia tələbindən artıq olduqda, artıq məbləğin cavabdehə qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qətnamənin “Tətbiq edilən hüquq” hissəsində istinad edilən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2-ci və 47.4-cü maddələrinə əsasən, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 24 iyun 2025-ci il tarixli MEB-156- 0525 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 11000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 məhkəmə iclasında mütəxəssis rəyi ilə razı olmadığını, əmlakın dəyərinin daha yüksək olduğunu bildirsə də, yalnız şifahi mülahizələrə istinad edərək həmin dəlilini təsdiq edən hər hansısa sənəd, rəy və ya digər sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, cavabdehin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Bunlardan əlavə, iş materiallarında olan 06 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmçinin iş materiallarında olan 21 iyun 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumunun və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 600 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)- 7177/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmiş 07 mart 2024-cü il tarixli barışıq sazişi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 18100 manat məbləğində pul vəsaitindən 600 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınaraq həmin barışıq sazişi üzrə ödənilməli olan 17500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 17500 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 11000 manat məbləğində müəyyən edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 600 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(113)-7177/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmiş 07 mart 2024-cü il tarixli barışıq sazişi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 18100 (on səkkiz min yüz) manat məbləğində pul vəsaitindən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınaraq həmin barışıq sazişi üzrə ödənilməli olan 17500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı MMC-yə olan cəmi 17500 (on yeddi min beş yüz) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,63 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 11000 (on bir min) manat məbləğində müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-737/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-737/2025
03.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver