Məhkəmə qərarları › İş №e-2-2(119)-74/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-74/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-74/2021 22.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli, 192880 №-li alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ("İddiaçı" MMC) ona məxsus geniş çeşiddə qənnadı və başqa qida məhsullarını vergi qaimə-faktura əsasında satmağı, alıcı isə həmin malları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasitəsilə alıcıya çatdırsa da, alıcı-cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. "İddiaçı" MMC xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək vergi hesab fakturasına əsasən Cavabdeh ümumilikdə 3958,37 (üç min doqquz yüz əlli səkkiz manat 37 qəpik) manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, həmin məbləğdən Cavabdeh ümumilikdə 1130 (bir min yüz otuz) manat məbləği İddiaçı MMC-yə ödəmişdir. Cavabdeh «İddiaçı” MMC-nə 2828,37 (iki min səkkiz yüz iyirmi səkkiz manat 37 qəpik) manat borcu qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh "İddiaçı” MMC-nin hesabına ödəniş etməmişdir. xx xxxxxx 2019-cu il tarixli, 192880 №-li alğı-satqı müqaviləsinin 4.1-ci və 4.2ci bəndlərində malların dəyərinin köçürmə yolu ilə malların təhvil-təslimi aktı imzalandıqdan sonra 15 (on beş) gün ərzində ödənilməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 2828,37 (iki min səkkiz yüz iyirmi səkkiz manat 37 qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2858,37 (iki min səkkiz yüz əlli səkkiz manat 37 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq, "İddiaçı" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 192880 №-li alğı-satqı müqaviləsindən görünür ki, “İddiaçı" MMC (satıcı) həmin müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını Cavabdeh (alıcıya) satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarxli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh İddiaçı MMC-dən 3958,37 manat məbləğində mal almış, həmin məbləğdən 1130 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Cavabdehin İddiaçı MMC-dən 3958,37 manat məbləğində mal alması iş materiallarında olan malların təhvil-qəbul aktlarında və qaimələrdə öz əksini tapır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehdən 2828,37 manat borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan 3958,37 manat dəyərində müxtəlif çeşiddə qənnadı və başqa qida məhsulları almışdır. Cavabdeh həmin məbləğdən 1130 manat ödəmiş, qalan 2828,37 manatı isə ödəməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 2828,37 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2828,37 manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı" MMC- yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar