Məhkəmə qərarları › İş №e-2-2(119)-759/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-759/2021

01.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-759/2021 01.09.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “X5 X2” Publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı “X5 X2” Publik hüquqi şəxsinin cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 X2” Publik hüquqi şəxsi cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 X2 tərəfindən Bakı şəhəri Türkan qəsəbəsi ərazisində “Türkan-İ” əhəngdaşı yatağına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 00791 nömrəli “Dağ-mədən ayırması” aktı ilə cavabdeh "xxxx" Müəssisəsinə ayrılmış 11 ha yer təki sahəsindən istifadə hüququnun müddəti 18 noyabr 2018-ci ildə bitməsinə baxmayaraq, ərazidə cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan hasilat işləri aparılmışdır. İddiaçının nümayəndələri tərəfindən aparılmış ölçmələr nəticəsində 4,13 ha sahədə orta istismar dərinliyi 1,3 metr olmaqla 53.950 m3 və 1,5 ha sahədə orta istismar dərinliyi 2,1 metr olmaqla 31.500 m3 faydalı qazıntı əhəngdaşı hasil edildiyi aşkar edilmişdir. İcazə sənədinin müddəti bitdikdən sonrakı dövrdə qanunsuz hasil edilmiş faydalı qazıntının həcmini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən "xxxx" ASC-yə sorğu göndərilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlara görə cavabdehə məxsus 03/10-011 abunə kodu ilə 2019-cu ildə 189.602 kVts, 2020-ci ildə 148.874 kVts elektrik enerjisi sərf edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli, 239 nömrəli və 2020-ci il 29 mart tarixli, 119 nömrəli qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq 1 m3 qanunsuz işlədilən əhəngdaşı faydalı qazıntısına görə müvafiq olaraq 7,7 manat və 35 manat hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarına əsasən birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı tətbiq edilir. “Türkan- İ” əhəngdaşı yatağında faydalı qazıntı çıxarılmasında 80% həcmdə itki hesablanır. Qeyd edilənləri nəzərə alaraq qanunsuz hasil edilmiş əhəngdaşına görə dövlətə vurulmuş ziyan 1) 2019-cu il üçün 189.602kVts*(1000/400*0.2)/72*7.7manat=10.138,44 manat, 2) 2020-ci il üçün 148.874kVts* ¼ *(1000/400*0.2)/72*7.7=1.990,15; 148.874kVts* ¾ *(1000/400*0.2)/72*35manat=27.138,48 manat, 27138.48 manat*0.7=18996.94 manat, cəmi: 18.996,94 manat + 1.990,15 manat + 10.138,44 manat=31.125,53 manat olaraq hesablanmalıdır. Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etmə qanunvericiklə qadağan edilmişdir. Müvafiq icazə sənədi olmadan aparılmış hasilat qanunsuz hesab edilir və onun nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği tam ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdeh "xxxx" Müəssəsindən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 31.125,53 (otuz bir min bir yüz iyirmi beş manat əlli üç qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Türkan üzümçülük sovxozu adlandırılan ərazidə təkcə "xxxx" Müəssisəsi deyil, digər daş karxanaları da fəaliyyət göstərir. Ərazi kənd təsərrüfatı təyinatlı torpaqdır. Buna görə də orada daş karxanası işləri aparılması üçün torpaqların təyinatı dəyişdirilməlidir. Müvafiq qurumun bu barədə qərarı olarsa, sənaye istehsalı, daş istehsalına rəsmi icazə verilərsə, yalnız bundan sonra həmin ərazidə istesal aparılması mümkün ola bilər. Lakin tərəfimizdən keçirilən monitorinqlər zamanı "xxxx" Müəssisəsinin həmin ərazidə qanunsuz fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Belə ki, 2020-ci ilin dekabr ayında əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, cavabdehin aldığı “Dağ-mədən ayırması” aktının vaxtı 2018-ci ildə bitib. Buna baxmayaraq, cavabdeh "xxxx" Müəssisəsi həmin ərazi və onun hüdudlarında qanunsuz hasilat aparılmasını davam etdirib. 2018, 2019, 2020, 2021-ci illərə aid peyk görüntüləri var. Görüntülərdən də göründüyü kimi torpaq sahəsi əvvəllər qara rəngdə olduğu halda, sonradan ağ rəngdə olub. Bu, o deməkdir ki, orada hasilat həyata keçirilib. Bundan əlavə, “X5 X2” Publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Türkan-İ”, “Türkan-İİ” əhəngdaşı yatağı torpaq sahələrində fəaliyyət göstərən daş karxanalarının 2018, 2019, 2020-ci illər üzrə istifadə olunan elektrik enerjisi sərfiyyatının müəyyən olunaraq təqdim edilməsi barədə "xxxx" ASC-yə rəsmi müraciət edilib. Həmin qurumdan verilən cavaba görə orada elektrik enerjisindən istifadə olunub və hasilata uyğun sərfiyyat olub. Belə ki, rəqəmlər üst-üstə düşür. Bundan sonra qanunsuz hasilat aparılması ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət olunub, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən "xxxx" Müəssisəsinin 5000 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar qəbul edib. Bütün bunları nəzərə alaraq Ə.Quliyev iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 00791 nömrəli “Dağ-mədən ayırması” aktından görünür ki, “Türkan-İ” əhəngdaşı yatağında mişar daşı istehsalı məqsədi ilə "xxxx" Müəssisəsinə verilən dağ-mədən ayırması Azərbaycan Respublikası, Abşeron rayonunun inzibati ərazisində yerləşir. Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 11 hektar təşkil edir. Dağ-mədən ayırmasının müddəti 5 il nəzərdə tutulmuşdur. Bu akt Dövlət Ekspertiza İdarəsinin reyestr kitabında 18 noyabr 2013-cü il tarixdə 791 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 7-01/08-08/1327 nömrəli, 08.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Türkan-İ”, “Türkan-İİ” əhəngdaşı yatağı torpaq sahələrində fəaliyyət göstərən daş karxanalarının 2018, 2019, 2020-ci illər üzrə istifadə olunan elektrik enerjisi sərfiyyatının müəyyən olunaraq təqdim edilməsi barədə X5 X1 müraciətinə "xxxx" ASC-də baxılmış, həmin daş karxanalarının 2018, 2019, 2020-ci illər üzrə istifadə olunan elektrik enerjisi sərfiyyatları olan cədvəl təqdim olunmuşdur. Həmin cədvəldən görünür ki, cavabdeh "xxxx" Müəssisəsinin elektrik enerjisi sərfiyyatı 2018-ci il üzrə 210.905 kvts, 2019-cu il üzrə 189.602 kvts, 2020-ci il üzrə isə 148.874 kvts-dır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(012)- 207/2021 nömrəli qərarından görünür ki, X5 X2 tərəfindən istismar üçün verilmiş “Dağmədən ayırması” aktının istifadə müddəti bitdikdən sonra iki il ərzində qanunsuz olaraq hasilat aparıldığı üçün "xxxx" Müəssisəsi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol əsasında məhkəmə tərəfindən "xxxx" Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli, 3(105)-283/2021 nömrəli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki 18 noyabr 2013-cü il tarixdə 00791 nömrəli “Dağ-mədən ayırması” aktı ilə cavabdeh "xxxx" Müəssisəsinə 11 ha sahə ayrılmış, həmin aktda yer təki sahəsindən istifadə hüququnun müddəti 5 il nəzərdə tutulmuşdur. Yəni, 18 noyabr 2018-ci ildə bitmişdir. Buna baxmayaraq, həmin tarixdən sonra ərazidə cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan hasilat işləri aparılmışdır. Buna görə "xxxx" Müəssisəsi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol əsasında Abşeron Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(012)-207/2021 nömrəli qərarı ilə "xxxx" Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Həmin hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq 18.996,94+1.990,15+10.138,44=31.125,53 manatdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, "xxxx" Müəssəsindən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində 31.125,53 (otuz bir min bir yüz iyirmi beş manat əlli üç qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın əvəzi tutularaq, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5 X2” Publik hüquqi şəxsinin cavabdeh "xxxx" Müəssisəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" Müəssəsindən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində 31.125,53 (otuz bir min bir yüz iyirmi beş manat əlli üç qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın əvəzi tutularaq, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar