Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-759/2025 11.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin və 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2-2(119)-694/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsini və onla əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilsə də, pretenziya məktubunda göstərilən müddətə riayət edilmədən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli pretenziya məktubunda cavabdehdən öhdəliklərin 07 fevral 2025-ci il tarixinə qədər icra edilməsi tələb edilmişdir, yəni mübahisənin məhkəməyə qədər həlli ilə bağlı 10 günlük müddət müəyyənləşdirilmişdir. Lakin iş materiallarından görünür ki, İddiaçı MMC pretenziya məktubunu Cavabdeh MMC-yə "Onlayn kargüzarlıq” vasitəsi ilə 03 aprel 2025ci il tarixində göndərmiş və 11 aprel 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı məlum mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini müəyyən etdiyi 10 gün müddətində gözləməyərək dərhal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-759/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-759/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver