Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-76/2023 03.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) 25 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 89100 (səksən doqquz min yüz) manat məbləğində pul, 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 89858,50 (səksən doqquz min səkkiz yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qədirov X1 şəhərində tikinti materiallarının satışı ilə məşğul olur. O, təxminən 2018-ci ildə tələbə yoldaşı Səidlə söhbəti əsnasında sonuncunun Hüseynağa adlı əmisi oğlunun Rusiya Federasiyasında tikinti materiallarının satışını həyata keçirdiyini, Hüseynağanın orada mağazasının olduğunu və taxta emal edib Azərbaycan Respublikasına göndərdiyini öyrənmiş və bundan sonra Səidin vasitəsilə Hüseynağa ilə tanış olmuşdu. Cavabdeh həmin vaxt Rusiya Federasiyasında Perm şəhərində yaşadığından onu şəxsən görməmiş və həmin vaxt onunla telefonla əlaqə saxlamışdır. Söhbət əsnasında Hüseynağadan iddiaçı üçün Azərbaycan Respublikasına Rusiya Federasiyasından taxta göndərməsini xahiş etmişdi. Hüseynağa ilə aradakı razılaşmaya əsasən iddiaçı əvvəlcədən taxtanın pulunu Hüseynağaya göndərməli, Hüsyenağa isə pul çatandan sonra taxtanı vaqonlarla iddiaçıya göndərməli idi. Həmin vaxt bir vaqon taxta ******* rubl edirdi. İddiaçı Hüseynağaya birinci dəfə ******* rubl pul göndərmiş və həmin pulun qarşılığında iddiaçıya iki dəfə taxta göndərilmişdi. İddiaçı daha sonra isə 2019-cu ilin əvvəllərinə kimi Hüseynağaya hissə-hissə olmaqla, ümumilikdə ******* rubl pul vermişdir. Lakin, həmin pulu aldıqdan sonra Hüseynağa iddiaçını aladadaraq taxta göndərməmiş və pulu da geri qaytarmamışdır. Ümumilikdə Hüseynağaya ******* rubl (həmin dövrün məzənnəsi ilə 143100 manat) pul vermişdir. Həmin pulun ******* rubl (54000 manat) müqabilində Hüseynağa tərəfindən iddiaçıya taxta göndərilmiş olsa da, qalan pulun 89100 manat hissəsi müqabilində isə taxta göndərilməmiş və cavabdeh həmin pulu mənimsəmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh bu günə kimi həmin pulu qaytarmamış və yaxud, pulun müqabilində söz verdiyi miqdarda taxta göndərməmişdir. Bununla bağlı Nərimanov rayon Polis İdarəsinə etdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Əmirovun 18 yanvar 2021-ci il tarixli qərarına əsasən şikayətində göstərilənlər mülki xarakterli olduğundan, cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, polisdə aparılan araşdırma zamanı X3 bildirmişdir ki, Cavabdeh onun əmisi olmaqla, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. 2018-ci ildə əmisi Hüseynağa ona zəng edərək, Aqşin adlı tanışının onunla əlaqə saxlayacağını bildirmiş və qeyd etmişdir ki, özünün və Aqşin adlı şəxsin adına bank hesabı açaraq, Aqşinin ona verəcəyi pulları həmin kartların hesabına köçürsün. Bundan sonra İddiaçı adlı şəxs onunla əlaqə saxlamışdır. Memar Əcəmi metro stansiyasını yaxınlığında onunla görüşmüş və “VTB” Bankda hər ikisinin adına bank hesabı açmışlar. Bir neçə gün sonra əmisi Hüseynağanın dediyi kimi həmin kartları əmisinə göndərmişdir. Bundan sonra Aqşin ona müxtəlif vaxtlarda pullar vermiş, o, isə öz növbəsində həmin pulları kart hesabına köçürmüşdür. Təxminən 2018ci ilin ortalarından 2019-cu ilin əvvəllərinə kimi o, Aqşinin verdiyi 70000 manatdan çox pulu həmin kart hesablarına köçürmüşdür. Aqşin həmin pulları rubl şəklində müxtəlif şəxslər vasitəsilə şəhərin müxtəlif yerlərində, adətən isə Badamdar qəsəbəsi ərazisində ona vermişdir. Həmin polis araşdırmasından sonra da edilmiş müraciətlərə baxmayaraq Cavabdeh aldığı pulu qaytarmamışdır. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkan olmamış və Mediyasiya Təşkilatı 01 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış vermişdir. Cavabdeh tərəfindən 20 dekabr 2022-ci ildə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında göstərdiyi arqumentlərin hüquqi əsası yoxdur, həmin ərizə özündə hər hansı bir həqiqəti əks etdirmir, qanunsuz və əsassızdır və aşağıda göstərdiklərinə görə rədd edilməlidir. Belə ki, o (cavabdeh), sahibkarlıq fəaliyyəti ilə əlaqədar sifarişlər əsasında Rusiya Federasiyasından Azərbaycana taxta-şalban materialları göndərməklə məşğul olmuş və 2018-ci ildə Azərbaycanda taxta satışı ilə məşğul olan İddiaçı ilə qohumu Səid vasitəsi ilə telefonla əlaqə yaradaraq tanış olmuşdur. Aqşin ona təklif etmişdi ki, “birlikdə iş quraraq şərikinə işləyib, qazancı yarı bölsünlər”. O, Aqşinin təklifini qəbul etmişdi. 2018-ci ildə iddiaçı ona birinci dəfə ******* rubl pul göndərmiş və o, bu pul müqabilində Aqşinə 54700190 №-li vaqonla taxta göndərmişdir. Həmin vaqondan 300000 rubl gəlir əldə olunmuşdur. Aqşin daha sonra isə hissə-hissə ona 14 vaqonun pulunu göndərmişdir. Bunun müqabilində o, Aqşinə 14 vaqon taxta göndərmiş və həmin 14 vaqondan 11 vaqonu Aqşinin özü almış, 3 vaqon isə Bayramov Nadirə verilmişdir. Lakin, Nadir 2 vaqonun pulunu Bakı şəhərində vermiş olsa da, 1 vaqonun pulunu hələ də indiyənə kimi verməmiş və Nadirin ona 14800 ABŞ dolları, yəni 25000 manat borcu qalmışdır. Səbail rayon Polis İdarəsində bu iş araşdırılarkən “cinayət işinin rədd edilməsinə dair” 2 noyabr 2021-ci il tarixli qərarda göstərilmişdir ki, Astara rayon sakini Nadir Bayramov xəstə olduğu üçün istintaqa gələ bilməmiş və izahatının alınması üçün sağalandan sonra gələcəyi bildirilsə də, sonradan Nadirin izahatı alınmamış, bununla da 25000 manat pulun kimdə olmasına aydınlıq gətirilməmişdir. Bundan başqa, o, taxta sifarişini Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşı X2 vasitəsilə həyata keçirdiyinə görə ******* rubl (27400 manat) pul da Azər Hacıxanovdadır və bu barədə isə İddiaçı iddia ərizəsində heç bir şey göstərməmişdir. O, məhkəməyə bildirir ki, 2020-ci ildən dünyanı bürümüş “Covid” pandemiyası ilə əlaqədar Azərbaycana qayıtmış və ondan asılı olmayan fors-major səbəbindən öhdəliklərini tam yerinə yetirə bilməmişdir. O, hazırda yollar bağlı olduğundan müvəqqəti olaraq iş fəaliyyətini dayandırmışdır. İddiaçının iddiasında ona 5 milyon rubl göndərməsi barədə iddiası isə tamamilə əsassızdır. Belə ki, Aqşin tərəfindən ona ümumiyyətlə 14000000 rubl göndərilmiş və o, isə Aqşinə 14 vaqon taxta göndərmişdir. 1 milyon rubl pul isə Nadir Bayramov tərəfindən qaytarılmalıdır. İddiaçıya göndərilən 14 vaqon taxtanın satışından əldə edilən gəlir barəsində iddiaçı susmuş, bir kəlmə də olsun iddiasında qeyd etməmişdir. İddiaçı əldə edilən gəliri aramızda bölmək əvəzinə, mənimsəmiş və ona xeyli ziyan vurmuşdur. Buna görə də, o, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir, ona vurulan ziyan tam ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh taxta alınması üçün verilmiş 89100 manat məbləğində pul vəsaitinin, 358,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun və mediasiyaya görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı ona qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçərək VÖEN almışdır. O, Azərbaycanda taxta satışı ilə məşğul olan İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında 2018-2020-ci illər ərzində taxta satışı sahəsində birgə fəaliyyət göstərmişlər. Belə ki, onların arasında hər hansı bir yazılı müqavilə və s. olmasa da, İddiaçı həmin illər ərzində ona hissə-hissə olmaqla, ümumilikdə cəmi 14663000 rubl məbləğində pul göndərmiş və o, həmin pulun müqabilində də Rusiya Federasiyasında tədarük etdiyi taxtaları vaqonlarla Aqşinə göndərmişdir. Lakin, o, Aqşinin hissə-hissə göndərmiş olduğu 14663000 rubl məbləğində pulun yalnız ******* rubl hissəsi üzrə Aqşinin özünə taxta göndərə bilməmişdir. Buna səbəb isə hazırladığı 3 vaqon taxtanı Azərbaycanda satışı əlverişsiz olması səbəbindən Aqşin göndərilməsini istəmədiyinə görə, o, həmin taxtanı İranda satılması üçün Astara rayon sakini Nadirə göndərmişdir. Lakin, Nadir həmin vaqonların pulunu tam vermədiyinə görə və eləcə də, taxta verməsi üçün Rusiya Federasiyasında yaşayan Azər adlı şəxs almış olduğu pulu qaytarmadığına görə o, Aqşinə qaytarmalı olduğu ******* rubl məbləğində pulu qaytara bilməmiş və həmin pulları alan kimi Aqşinin də iki milyon Rubl pulunu qaytaracaqdır. Yəni, aralarında baş tutan birgə fəaliyyət nəticəsində onda Aqşinin iddia ərizəsində qeyd olunan “89100 manat məbləğində” deyil, cəmi “2000000 rubl məbləğində” pulu qalmışdır ki, Nadir və Azər adlı şəxslərdən borclarını alan kimi, həmin pulu da qaytaracaqdır. Bundan əlavə, Aqşinlə onun arasında heç bir vaxt manat və yaxud, dollarla hesabat aparılmamışdır. Aqşin ona həmişə pulu rus Rublu ilə göndərmiş və onlar da öz aralarında hesabatı həmişə “rubl”la aparmışlar. Lakin, hazırkı iddia ərizəsində ondan manatla pul tələb olunmasının səbəbini başa düşmür. Hesab edir ki, o, Aqşinin hissə-hissə göndərmiş olduğu cəmi 14663000 Rubl məbləğində pulun cəmi ******* Rubl hissəsinə görə taxta verə bilməmiş və həmin pulu da bu işlə əlaqədar Nadir və Azər adlı şəxslərdən alacaqlarını aldıqdan sonra qaytara bilər. İş üzrə 15 fevral 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 89100 manat məbləğində pul vəsaitinin, 358,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun və mediasiyaya görə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin məhkəmə iclasında verilmiş suallara İddiaçı cavabları ilə müəyyən edilmişdir ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçərək VÖEN alıb tikinti materiallarının satışı ilə məşğul olmuş və bununla bağlı aralarında heç bir yazılı razılaşma olmasa da, Cavabdeh 2018 - 2020-ci illər ərzində hissə-hissə olmaqla, ümumilikdə cəmi 14000000 Rubldan çox pul vəsaiti göndərmişdir. Cavabdeh aldığı pula görə müəyyən miqdarda taxta göndərmiş olsa da, həmin pulun 89100 manat hissəsinə görə taxta göndərməmiş və müxtəlif bəhanələrlə həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Lakin, onların bütün bu fəaliyyətləri qarşılıqlı inama əsaslanaraq, hər hansı bir rəsmi sənədlər tərtib olunmadan aparılmış və bütün bu fəaliyyəti, eləcə də cavabdehin məhz 89100 manat məbləğində pulu qaytarmalı olması barədə heç bir rəsmi sənədi yoxdur. Lakin, İddiaçı 03 mart 2023-cü il tarixə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, həmin iclasa gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı iştirakı olmadan işin baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə iclaslarında tərəflərin iştirakı ilə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) taxta materiallarının alqı-satqısında iştirak etmək məqsədi ilə 2018-2020-ci illər ərzində Rusiya Federasiyasında yaşayan və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) hissə-hissə olmaqla müəyyən məbləğlərdə rus Rublu ilə pul göndərmiş və sonuncu tərəfindən də həmin pulun müqabilində İddiaçı satış üçün nəzərdə tutulan taxta materialları göndərilmişdir. Bununla belə, onların arasında baş tutmuş kommersiya xarakterli bu fəaliyyət üzrə hər hansı bir müqavilə bağlanmayaraq, müvafiq rəsmi sənədlər tərtib olunmamış və tərəflərin bu fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilmişdir. Lakin, sonradan onların arasındakı məlum fəaliyyət pozulmuş və İddiaçı “90000 manat pulun Cavabdeh tərəfindən qaytarılmaması” ilə əlaqədar şikayət ərizəsi ilə hüquqmühafizə orqanlarına müraciət etmişdir. Həmin şikayətlə əlaqədar Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 02 noyabr 2021-ci il tarixli Qərarla cinayət işinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir yazılı müqavilə olmasa da, Cavabdeh almış olduğu pulun müqabilində müəyyən miqdarda taxta göndərsə də, ümumilikdə aldığı pulun müəyyən hissəsinin əvəzində İddiaçı taxta verməmiş və yaxud, əvəzində taxta göndərmədiyi pulu sonuncuya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında yazılı müqavilə bağlanmasa da, 2018 – 2020-ci illər ərzində sonuncunun rus Rublu ilə göndərilən pul vəsaitləri əvəzində cavabdeh tərəfindən iddiaçı üçün taxta malların göndərilməsi həyata keçirilərək, ölkə xaricindən sifariş edilmiş taxta materialları iddiaçıya göndərilmişdir. Lakin, tərəflər arasında hər hansı bir yazılı müqavilə olmasa da, tərəflərin məhkəmə araşdırması zamanı vermiş olduqları izahatlarla, iddia ərizəsində və iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərlə təsdiq olunur ki, Cavabdeh almış olduğu pulun müqabilində müəyyən miqdarda taxta göndərsə də, pulun müəyyən hissəsinin əvəzində İddiaçı taxta verməmiş və yaxud, əvəzində taxta göndərmədiyi pulu sonuncuya qaytarmamışdır. Bununla belə, bu fəaliyyət üzrə hansı məbləğdə pulun verilməsi, verilən pula görə hansı miqdarda taxta materiallarının göndərilməsi, hansı məbləğdə ödənilmiş pulun əvəzində taxtanın verilməməsi və qaytarılmalı olan pulun miqdarını təsdiq edən mötəbər sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin, Cavabdeh məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu yazılı etirazda, eləcə də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında həqiqətən də taxta göndərilməsi üçün almış olduğu pulun ******* (iki milyon) Rubl hissəsini qaytarmadığını və həmin məbləğin müqabilində müvafiq miqdarda taxta vermədiyini etiraf etmiş və bununla da, iddiaçıya ******* (iki milyon) Rubl məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Eyni zamanda, hazırkı iddia ərizəsində qaytarılması tələb olunan pul vəsaiti heç bir mötəbər sübut təqdim olunmadan “manat”la ifadə olunsa da, cavabdeh tərəf onların arasında bütün əməliyyatların və hesabatların “rus rublu” ilə aparıldığını bildirmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə ödənilməli borcun miqdarının rəsmi sənədlər (mötəbər sübutlar) əsasında hesablanması mümkün olmadığı, cavabdeh tərəf isə bu qarşılıqlı fəaliyyət üzrə əvəzində iddiaçıya taxta vermədiyi cəmi ******* (iki milyon) Rubl məbləğində pul vəsaitini qaytarmadığını etiraf etdiyi üçün - tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında baş tutmuş yuxarıda qeyd olunan kommersiya xarakterli münasibətlər üzrə cəmi ******* (iki milyon) Rubl məbləğində pul vəsaitinin qaytarılmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müvafiq yazılı müqavilə olmadan, İddiaçı tərəfindən qazanc əldə etmək məqsədi ilə 2018-2020-ci illər ərzində Cavabdeh ümumilikdə cəmi göndərilmiş 14663000 (on dörd milyon altı yüz altmış üç min) Rubl məbləğində pul vəsaitinin ******* (iki milyon) Rubl hissəsinə görə taxta göndərilməməsi və həmin məbləğin qaytarılmaması - Cavabdeh ******* (iki milyon) Rubl həddində əsassız varlanmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh “89100 (səksən doqquz min) manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılması” barədə iddia tələbi qismən əsaslıdır. Çünki, iddiaçı tərəf iddia tələbində qeyd olunan “89100 (səksən doqquz min) manat məbləğində” pul vəsaitinin həqiqətən də cavabdeh tərəfindən qaytarılmalı olmasını hər hansı bir mötəbər sübut hesab edilə biləcək rəsmi sənəd və yaxud, digər bir sübut əhəmiyyəti olan sənəd və ya sübut vasitəsi ilə sübut edə bilməsə də, cavabdeh məhkəmə araşdırması zamanı izahatlarında həqiqətən də taxta göndərilməsi üçün almış olduğu pulun ******* (iki milyon) Rubl hissəsini qaytarmadığını və həmin məbləğin müqabilində müvafiq miqdarda taxta vermədiyini etiraf etmiş və bununla da, iddiaçıya ******* (iki milyon) Rubl məbləğində pul qaytarmalı olduğunu təsdiq etmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bu fəaliyyət zamanı pullar yalnız “rus rublu” ilə verilmiş və tərəflər arasında hesabatlar “rus rublu” ilə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ******* Rubl məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ******* (iki milyon) rubl məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 358,50 (üç yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-76/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-76/2023
03.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver