Məhkəmə qərarları › İş №e-2-2(119)-76/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-76/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-76/2025 15.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz borcu və 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 20993,62 (iyirmi min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 152,98 (yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında 28 sentyabr 2023-cü il tarixli 017L**********14 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 28 sentyabr 2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları 02 fevral 2024-cü il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Dəyişikliklərlə zamin tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Cavabdeh2 götürdüyü kredit borcundan 5702,26 manat ödəmiş, onun 19297,74 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bədində əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31 may 2024-cü il tarixə 101 gün üçün hesablanmış faiz borcu 1306,05 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 31 may 2024-cü il tarixə 101 gün üçün hesablanmış cərimə 389,83 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 14 yanvar 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 28 sentyabr 2023cü il tarixli 017L**********14 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 28 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 25000 (iyirmi beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 21 (iyirmi bir) % olmaqla 12 (on iki) ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ18ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 03 oktyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan kredit sazişinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 02 fevral 2024-cü il tarixli 017R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 28 sentyabr 2023-cü il tarixli 017L**********14 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 28 sentyabr 2023-cü il tarixdə bağlanmış 017R********** nömrəli kredit sazişi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 02 fevral 2024-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 017L**********14 nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 02 fevral 2024-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 03 oktyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 31 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 28 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 31 may 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc, 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz bоrcu və 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 20993,62 (iyirmi min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 31 may 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc, 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz bоrcu və 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20993,62 (iyirmi min doqquz yüz doxsan üç manat altmış iki qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 09 iyun 2024cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli 9/9065 nömrəli ekspert rəyində göstərilir ki, 28 sentyabr 2023-cü il tarixli, 017R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış xx.xx.2024-cü il tarixli əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 31 may 2024-cü il tarixə əsas borc üzrə 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində, faiz borcu üzrə 1339,58 (min üç yüz otuz doqquz manat əlli səkkiz qəpik) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 28 sentyabr 2023-cü il tarixli 017L**********14 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 28 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddia tələbində və və ekspert rəyində qeyd edilən 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Lakin 28 sentyabr 2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq tutulmalı olan faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 05 dekabr 2024-cü il tarixli 9/9065 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 05 dekabr 2024-cü il tarixli 9/9065 nömrəli ekspert rəyində faiz borcunun 1339,58 (min üç yüz otuz doqquz manat əlli səkkiz qəpik) manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh2 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq 28 sentyabr 2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış faiz borcu məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı və 28 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 sentyabr 2023-cü il tarixli 017L**********14 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “152,98 (yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 152,98 (yüz əlli iki manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz borcu, 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə və 152,98 (yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21146,60 (iyirmi bir min yüz qırx altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19297,74 (on doqquz min iki yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 1306,05 (min üç yüz altı manat beş qəpik) manat məbləğində faiz borcu, 389,83 (üç yüz səksən doqquz manat səksən üç qəpik) manat məbləğində cərimə və 152,98 (yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21146,60 (iyirmi bir min yüz qırx altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar