Məhkəmə qərarları › İş №e-2-2(119)-760/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-760/2021

28.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-760/2021 28.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "X9 X3" Publik hüquqi şəxsinin cavabdeh “Günəş” Kooperativinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Giriş hissəsi: İddiaçı cavabdeh “Günəş” Kooperativindən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində 43175.09 (qırx üç min bir yüz yetmiş beş manat doqquz qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X3 (iddiaçı) tərəfindən Bakı şəhəri Türkan qəsəbəsi ərazisində “Türkan-İ” əhəngdaşı yatağına baxış keçirilərkən müəyyən olunmuşdur ki, müvafiq icazə sənədi, yəni “Dağ-Mədən Ayırması” aktı olmadan cavabdeh “Günəş” Kooperativi tərəfindən hasilat işləri aparılmışdır. İddiaçı tərəfindən aparılmış ölçmələr nəticəsində müəyyən olunmuşdur ki, 12,5 ha. sahədə orta istismar dərinliyi 1.5 metr olmaqla 187500 m3 həcmdə və 10937 m2 sahədə orta dərinliyi istismar dərinliyi 1.2 metr olmaqla 13124 m3 həcmdə, cəmi 200624 m3 əhəngdaşı hasil edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlara görə cavabdehə məxsus 03/10-016 abunə kodu ilə 2019-cu ildə 161474 kVts, 2020-ci ildə 245018 kVts elektrik enerjisi sərf edilmişdir. “Türkan-İ” əhəngdaşı yatağında faydalı qazıntı çıxarılmasında 80% həcmdə itki hesablanır. İddia ərizəsində göstərilir ki, qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.1998-ci il tarixli 239 nömrəli və 29.03.2020-ci il tarixli 119 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq 1 m3 qanunsuz işlədilən əhəngdaşı faydalı qazıntısına görə müvafiq olaraq 7.7 manat və 35 manat hesablanır. 119 nömrəli Qərara əsasən birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı tətbiq edilir. Qeyd edilənlər nəzərə alınmaqla qanunsuz hasil edilmiş əhəngdaşına görə dövlətə vurulmuş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 1) 2019-cu il üçün 161474kVts*(1000/400*0.2)/72*7.7manat=8634.37 manat; 2) 2020-ci il üçün 245018kVts* ¼*(1000/400*0.2)/72*7.7manat=3275.41 manat; 245018kVts* ¾ *(1000/400*0.2)/72*35manat=44664.73 manat 44664.73 manat*0.7=31265.31 manat Cəmi: 31265.31 manat + 3275.41 manat + 8634.37 manat=43175.09 manat. İddia tələbi onunla əsaslandırılır ki, lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etmə qanunvericiklə qadağan edilmişdir. Müvafiq icazə sənədi olmadan aparılmış hasilat qanunsuz hesab edilir və onun nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği tam ödənilməlidir. Keçirilmiş monitorinq nəticəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələblərinin pozulduğu aşkar edilmiş, bu səbəbdən inzibati tənbeh tətbiq edilməsi üçün aiddiyyəti üzrə məhkəməyə müraciət olunmuş və Xəzər Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş, məhkəmə qərarı ilə inzibati xəta sübuta yetirilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri S.Şirinov və Ə.Quliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş üzrə sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, dəymiş zərərin hesablanmasının qanunsuz olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.12.2020-ci il tarixli, 000064 nömrəli aktdan görünür ki, iddiaçı Agentliyin əməkdaşları vergi orqanının əməkdaşlarının iştirakı ilə 10 dekabr 2020-ci il tarixində Bakı şəhəri, Türkan qəsəbəsi ünvanında yerləşən “Günəş” firmasına (VÖEN **********) məxsus “Türkan” əhəngdaşı yatağına dağ-mədən fəaliyyətinin yoxlanması məqsədi ilə baxış keçirmiş, müəyyən olunmuşdur ki, “Günəş” firması yerin təkindən istifadəyə icarə verən “Dağ-mədən ayırması” aktı olmadan fəaliyyət göstərir. Əraziyə baxış zamanı 12.5 ha sahədə orta istismar dərinliyi 1.5 metr olmaqla 187500 m3 həcmində əhəngdaşı hasilatı aparıldığı müəyyən olunmuş, ərazidə mərz nişanları müşahidə olunmamış, baxış zamanı 3 ədəd daşkəsən kombayn və 3 ədəd konveyer görülmüşdür. Nəticə olaraq, “Günəş” kooperativi tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktı olmadan hasilat işləri aparılmaqla “Yerin təki haqqında” qanunun 9,10, 21,46-cı maddələrinin tələbləri pozulmuşdur. İş materiallarında olan 07.01.2021-ci il tarixli digər aktdan isə görünür ki, Xəzər rayonu Türkan əhəngdaşı ünvanında yerləşən “Günəş” koopeartivinə (VÖEN**********) məxsus olan karxana sahəsinə dağ-mədən fəaliyyətini qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Günəş” kooperativi yerin təkindən istifadəyə qanunla icazə verən “Dağ-mədən ayırması” aktı olmadan fəaliyyət göstərir. Əraziyə baxış zamanı 1 ədəd kombayn və 1 ədəd şırımaçan müşahidə edilmiş, ölçü işləri aparılmış, 10937 m2 sahədə orta istismar dərinliyi 1,2 metr olmaqla 13124 m3 həcmində mişardaşı hasil ediliyi müəyyən olunmuşdur. Aktda göstərilir ki, ümumilikdə 4 metrə qədər qazıntı işləri aparılmış, lakin təxminən 2-2,5 metr uzun illər əvvəl aparıldığı vizaul olaraq müəyyən edilmişdir. Ərazidən təsdiqedici fakt kimi fotoşəkillər götürülmüş, tullantıların idarə olunması qorunması uçotu təmin edilməmişdir. Nəticə olaraq “Günəş” kooperativi tərəfindən yerin təkindən istifadəyə qanunla icazə sənədi olmadan fəaliyyət göstərilməklə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9,10,21, 46-cı maddələrinin tələbləri pozulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 08.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Türkan-İ”, “Türkan-İİ” əhəngdaşı yatağı torpaq sahələrində fəaliyyət göstərən daş karxanalarının 2019 və 2020ci illər üzrə istifadə olunan elektrik enerjisi sərfiyyatının təqdim edilməsi barədə X9 X2 müraciəti əsasında həmin daş karxanalarının 2018, 2019, 2020-ci illər üzrə istifadə olunan elektrik enerjisi sərfiyyatları olan cədvəl təqdim olunmuşdur. Həmin cədvəldən görünür ki, “Günəş kiçik” müəssisəsinin elektrik enerjisi sərfiyyatı 2018-ci il üzrə 301.460 kvts, 2019cu il üzrə 161.474 kvts, 2020-ci il üzrə isə 245.018 kvts-dır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 3(003)- 153/2021 nömrəli qərarından görünür ki, X9 X2 tərtib etdiyi inzibati xəta haqqında protokola əsasən “Günəş” Kooperativi tərəfinən Abşeron rayonu, Türkan əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı aparılmış, məhkəmə tərəfindən “Günəş” Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 1(105)-55/2020 nömrəli qərarından görünür ki, “Günəş” Kooperativinin təsisçisi və faktiki olaraq onun fəaliyyətinə rəhbərlik edən X1 Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzasının saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, X.Yarıyevə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, X.Yarıyev digər əməllərlə yanaşı “Türkan-İİ” əhəngdaşı yatağında 2012-ci ildən başlayaraq 2018-ci il tarixədək olan müddətdə lisenziya olmadan qanunsuz dağ mədən qazma işləri aparmaqla dövlətə və təbiətə külli miqdarda ziyan vurmaqda da təqsirli bilinmişir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən cavabdeh “Günəş” Kooperativinin lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etməsi və dövlətə müvafiq məbləğdə ziyan vurulması yuxarıda qeyd edilən aktlar, fotoşəkillər, inzibati xəta haqqında qərar və digər sübutlarla, habelə dolayısı ilə cavabdehin təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli, 1(105)-55/2020 nömrəli qərarı ilə sübuta yetirilir. Cavabdehin nümayəndəsi isə izahatında iddianı qəbul etmədiyini, ziyanın düzgün hesablanmadığını göstərsə də, izahatında göstərdiyi halları təsdiq edən, yaxud cavabdehin yuxarıda qeyd edilən dəlillərini təkzib edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, təqdim edilmiş ekspertiza barədə vəsatət isə kifayət qədər əsaslandırılmadığından təmin olunmamışdır. Mülki- Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 46-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslər yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa, yerin təkindən özbaşına istifadə edilərsə məsuliyyət daşıyırlar və yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Həmin Qanunun 48-ci maddəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Günəş” Kooperativi Xəzər rayonu Türkan əhəngdaşı ünvanında yerləşən karxana sahəsində “Dağmədən ayırması” aktı olmadan fəaliyyət göstərmiş və müvafiq icazə sənədi olmadan hasilat işləri aparılmışdır. Buna görə “Günəş” X6 Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, “Yerin təki haqqında” Qanununun 48-ci maddəsində vurulmuş ziyanın miqdarının məhkəmə tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulsa da, hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları (28.12.1998-ci il tarixli 239 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri” və 29.03.2020-ci il tarixli 119 nömrəli qərarla təsdiq edilmiş “ Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”) ilə təsdiq edilmiş normativlərə uyğun olaraq hesablanmalıdır və yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış müvafiq məbləğ (31265.31+3275.41+8634.37 =43175.09 manat) iddiaçı tərəfindən həmin qərarlara uyğun düzgün hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, “Günəş” Kooperativindən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş 43175,09 (qırx üç min bir yüz yetmiş beş manat 09 qəpik) manat məbləğdə maddi ziyanın əvəzi tutularaq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Günəş” Kooperativindən faydalı qazıntıların yataqlarının qanunsuz işlənməsi nəticəsində 43175,09 (qırx üç min bir yüz yetmiş beş manat 9 qəpik) manat məbləğində dövlətə vurulmuş maddi ziyan alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh “Günəş” Kooperativindən tutularaq iddiaçı "X9 X3" Publik hüquqi şəxsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar