Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-761/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 38576,18 (otuz səkkiz min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, əsas məbləğə hesablanmış 2725,49 (iki min yeddi yüz iyirmi beş manat, qırx doqquz qəpik) manat məbləğində faiz borcu, hər gecikdirilmiş günə görə hesablanmış 1104,53 (min yüz dörd manat, əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 42406,2 (qırx iki min dörd yüz altı manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217,22 (iki yüz on yeddi manat, iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 13 mart 2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə, cavabdehə 51500 manat məbləğində pul ayrılmışdır və о, 18 ay müddətində kreditin əsas məbləği və оna illik 15 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalanın müqavilədən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, həmçinin Cavabdeh2lə 13 mart 2024-cü il tarixli 1R nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2lə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 14 may 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 38576,18 (otuz səkkiz min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, əsas məbləğə hesablanmış 3407,64 (üç min dörd yüz yeddi manat, altmış dörd qəpik) manat məbləğində faiz borcu, hər gecikdirilmiş günə görə hesablanmış 359,9 (üç yüz əlli doqquz manat, doxsan qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 42343,72 (qırx iki min üç yüz qırx üç manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək izahatlarında bildirmişdir ki, iddia tələbində qeyd edilən “gecikdirilmiş faiz məbləği” ifadəsi əslində cərimə məbləği ilə əvəz edilməlidir və bu ad altında hesablanmış borca cərimə məbləği ilə bağlı müddəalar tətbiq edilmişdir. Lakin müqavilədə dəbbə pulu ilə bağlı müddəa mövcud deyildir. İddiaçı təşkilatın Problemli kreditlərlə iş şöbəsinin əməkdaşları cavabdehlə əlaqə saxladığı zaman cavabdeh borcu qəbul etdiyini, lakin həmin borcu ödəməyə hazırda maddi imkanının olmadığını bildirmişdir. Həmçinin bağ sahəsinin satışından əldə edilən pul vəsaiti ilə banka olan borcunu ödəyə biləcəyini qeyd etsə də, iddiaçı təşkilatı bu məsələ qane etmədiyindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində qeyd edilən faiz məbləği ilə pretenziya məktubunda göstərilən məbləğ arasında uyğunsuzluq olmasının səbəbi sistemdə faiz borcunun hesablanmaqda davam etməsidir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 30 iyun 2022-ci il tarixli 347992 nömrəli kredit xəttinin açılması barədə kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən (iddiaçı) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün borcalana (cavabdehə) bərpa edilən (“revolving”) kredit xətti açır, borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə, həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra borcalana bu müqavilənin 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcunun verilməsi imkanı kimi başa düşülür. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 30 iyun 2022-ci il tarixli 347992 nömrəli kredit xəttinin açılması barədə kredit müqaviləsinə 1 nömrəli kredit sazişinin 2-ci bəndinə əsasən, kredit sahibkarlıq məqsədi (ləri) üçün verilir və dövriyyə vəsaiti alışı üçün istifadə ediləcəkdir. Borcalan hər hansı bir səbəb üzündən götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi halda, o, bu barədə borcalana məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal qaytarmalıdır. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 13 mart 2024-cü il tarixli 347992R nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən (iddiaçı) borcalana (cavabdehə) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərlə borcverənə qaytarmasını öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditin məbləği 51500 manat təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, kredit borcalana 18 ay müddətinə və istifadəsinə görə illik 15 faiz dərəcəsi ödəmək şərtilə verilir. Kredit 1 tranşla verilir. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Faizlər kreditin borcalana verildiyi gündən (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) hesablanır və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma qrafikində(lərində) müəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Kredit üzrə faizlər bu müqavilənin şərtlərinə əsasən kredit borcalana verildiyi (köçürüldüyü) gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği borcalana “X1 Azərbaycan” QSC-də açdığı müvafiq cari hesaba köçürülməklə verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixində xx.xx.2027-ci il tarixinədək bağlanmış 50000 manat məbləğində 347992 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixində 20 il müddətinə bağlanmış 5000 manat məbləğində 347992/1 nömrəli WORLD Business Kredit Kartı (Korporativ Kart) müqaviləsi üzrə kredit borcunun bağlanması/ödənilməsi (məqsəd və təyinat) istifadə ediləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi təqdirdə bu barədə borcverənə məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal borcverənə qaytarmalıdır. Bu halda bank bu müqavilə ilə müəyyən olunmuş kredit müddəti üçün tam faiz məbləğini tələb etmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 7.2.2-ci yarımbəndinə əsasən, alınmış kreditin əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri müəyyən edilmiş məbləğ və müddətlərdə geri qaytarmaq, kredit və ona hesablanmış faiz borcunu, eləcə də ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu qaytarmaq, bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı borcverənin çəkdiyi və/və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə borcverənin əldən çıxmış faydasını ödəmək borcalanın vəzifələridir. İş materiallarında olan müştəri bəyan formasından görünür ki, Cavabdeh1 13 mart 2024-cü il tarixli 347992R nömrəli kredit müqaviləsi üzrə 06561187 nömrəli hesabına 51500 manat məbləğində pul vəsaitinin mədaxil olunduğunu imza ilə təsdiq etmişdir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli 347992R nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 29 sentyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında bağlanılmış 13 mart 2024-cü il tarixli 1R nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, 13 mart 2024-cü il tarixində “X1 Azərbaycan” QSC (borcverən) və Cavabdeh1 (borcalan) arasında bağlanmış 347992R nömrəli kredit müqaviləsi üzrə borcalanı 51500 manat məbləğində, 18 ay müddətinə, illik 15 % dərəcəsi ilə (faktiki illik faiz dərəcəsi 17,2%) aldığı kreditlə bağlı borcverən qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirələnədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilk tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla dərhal borcverənə ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Bununla belə, zamin razılaşır ki, borcalanın yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə borcverən qarşısında müəyyən edilmiş öhdəlikləri icra edilıııədikdə və/və ya lazımınca icra edilmədikdə, borcverən zaminin “X1 Azərbaycan” QSC-dəki hər hansı bir bank hesabındakı pul vəsaitini(lərini), borcalanın kredit borcu miqdarında, onun sərəncamı olmadan borcalanın borcu əvəzinə (əsas borc, ona hesablanmış faiz və cərimələrlə birlikdə, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla) mübahisəsiz və qeyd şərtsiz qaydada hesabından(larından) silmək və\və ya borcalana qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabındakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaq. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və borcverən və borcalan arasında bağlanmış 13 mart 2024-cü il tarixli 347992R nömrəli kredit müqaviləsi üzrə borcalanın həmin müqavilədən irəli gələn bütün öhdəlikləri tam icra olunanadək qüvvədə olacaq. Zaminliyə borcalanın borcverən qarşısında öhdəliyinin xitamı ilə əlaqədar xitam verilir. İş materiallarında olan 14 may 2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 09 aprel 2025-ci il tarixinə iddiaçıya 38576,18 manat məbləğində əsas borc, 3407,64 manat məbləğində faiz borcu, 359,9 manat məbləğində gecikdirilmiş məbləğə hesablanmış faiz borcu olmaqla, cəmi 42343,72 manat məbləğində borcu vardır. İş materiallarında olan 06 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 13 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə 38576,18 manat məbləğində əsas borc, 2894 manat məbləğində faiz borcu, 237,34 manat məbləğində cərimə faizləri olmaqla, ümumilikdə 41707,52 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc məbləğinin 5 iş günü müddətində banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarına həmçinin hesabdan çıxarışlar, cavabdehin kredit üzrə müvafiq əməliyyatlarını əks etdirən məlumat sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 30 iyun 2022-ci il tarixli 347992 nömrəli kredit xəttinin açılması barədə kredit müqaviləsi, həmin müqaviləyə 1 nömrəli kredit sazişi və 13 mart 2024-cü il tarixli 347992R nömrəli kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 38576,18 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 3407,64 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 06 mart 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 2894 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 13 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 06 mart 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 2894 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehdən 359,9 manat məbləğində cərimənin (iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahtlarında həmin borcun cərimə kimi nəzərə alınmasını bildirmişdir) tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 13 mart 2024-cü il tarixli kredit müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilənin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, iş materiallarında olan 09 aprel 2025-ci il tarixli **********51 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 217,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 214,41 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 38576,18 manat məbləğində əsas borc, 2894 manat məbləğində faiz borcu və 214,41 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41684,59 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 38576,18 (otuz səkkiz min beş yüz yetmiş altı manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, 2894 (iki min səkkiz yüz doxsan dörd) manat məbləğində faiz borcu, 214,41 (iki yüz on dörd manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41684,59 (qırx bir min altı yüz səksən dörd manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-761/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-761/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver