Məhkəmə qərarları › İş №e-2-2(119)-765/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-765/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-765/2020 26.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor borcluya qarşı xx.xx.2079-cu il tarixli, 04 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş olan 5138,90 manat əsas borc, 2055,20 dəbbə pulu, 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7224,50 manat pul məbləğinin tələbkarın xeyrinə tutulması barədə məhkəmə əmri verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əmrin verilməsi haqqında ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 279.2.1 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbin həmin Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmaması və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisənin olması məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina üçün əsasdır. İddiaçı MMC-nin ərizəsinin məzmunundan görünür ki, xx.xx.2079-cu il tarixli, 04 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş olan borcla yanaşı 2055,20 manat dəbbə pulunun tələbkarın xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsi xahiş edilsə də dəbbə pulunun nəyə əsasında müəyyən edilməsi və hansı qaydada hesablanması ərizədə göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 278.2.4-cü maddəsinə əsasən ərizədə kreditorun tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd edilən hallara əsasən məhkəmə bu nəticəyə gəlir ki, kreditorun borcluya qarşı hazırkı tələbi ilə məhkəməyə müraciət etməsi sözügedən müqavilə üzrə dəbbə pulunun məbləğinə dair onların arasında mübahisə olduğuna dəlalət edir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən iddia cavabdehin olduğu yerə görə verilir. Ərizədə aidiyyətlə bağlı MPM-nin 36.2-ci maddəsinə istinad edilsə də, məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə yalnız bir borclu vardır və onun rəsmi qeydiyyat ünvanı Şəmkir rayonu, Çənlibel kəndidir. Şəmkir rayonu isə Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahididir. Mülki-Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Eyni zamanda məhkəmə kreditorun nəzərinə çatdırır ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş sənədlər məhkəməyə fotoşəkil (.jpg) formatında deyil, elektron sənəd (.pdf, .adoc, .edoc) formatında təqdim olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin263, 276-279-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı xx.xx.2079-cu il tarixli, 04 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş olan 5138,90 manat əsas, 2055,20 dəbbə pulu, 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7224,50 pul məbləğinin tələbkarın xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar