Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-772/2024 23.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli kredit müqaviləsi üzrə 7990,23 (yeddi min doqquz yüz doxsan manat, iyirmi üç qəpik) manat məbləğində borc, 135,31 (yüz otuz beş manat, otuz bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8125,54 (səkkiz min yüz iyirmi beş manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus Qobustan rayonunun Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,03 ha həyətyanı torpaq sahəsilə birlikdə ilkin satış qiymətinin 27000 (iyirmi yeddi min) manat dəyərində müəyyən edilərək həmin yaşayış evinin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına borcun ödənilməsi, o cümlədən 101,25 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddia tələbi irəli sürülsə də, həmin tələbin əsaslılığını sübuta yetirən sənədlər, yəni tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun qaydada verilməsini təsdiq edən sübutlar, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması haqqında sənəd, ipoteka obyekti olan cavabdehə məxsus olan Qobustan rayonunun Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, o cümlədən ipoteka obyekti olan əmlakın, həqiqətən cavabdehin mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırkı iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır... Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Göründüyü kimi. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.2-ci maddəsi ipoteka saxlayanın tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana verilməsi barədə məhkəməyə sübut təqdim edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qanunun 36-cı maddəsi isə həmin bildirişin sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi qaydasını təsbit edir. İş materiallarında həmin bildirişin ipoteka qoyana elektron üsulla göndərilməsini təsdiq edən sənəd aşkar edilməmiş, eyni zamanda həmin bildirişin ipoteka qoyana göndərilməsi barədə poçt xəbərnaməsi deyil, poçt zərfinin zərfinin özü iş materiallarına əlavə edilmişdir. Yəni Qanunun 39.2-ci maddəsində tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana verilməsi barədə məhkəməyə sübut verilməli olduğu göstərilsə də, iddiaçı tərəfindən bildirişin ipoteka qoyana verilməsini təsdiq edən poçt xəbərnaməsi deyil, yalnız bildirişin göndərilməsini təsdiq edən poçt zərfi iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsində qeyd edilən sənəd, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi qeydə alınmasını təsdiq edən sənəd, o cümlədən belə qeydə alınmanı təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin ipotekada obyekti olan əmlaka dair cavabdehin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilməmişdir. Bütün bunlar isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə (iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir) ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı tərəfindən tərtib olunaraq iş materiallarına əlavə edilmiş və məhkəməyə təqdim olunmuş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədin məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasında məktubla cavabdehə müraciə edərək hesablanmış borcun 10 gün ərzində ödənilməsini xahiş etmiş, bu baş vermədiyi təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, həmin pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədindən görünür ki, hər iki sənəd 15 aprel 2024-cü il tarixində cavabdehə göndərilmiş, eyni zamanda hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 18 aprel 2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini özünün müəyyən etdiyi 10 (on) gün müddətində gözləməyərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəddə göstərilən müddəti (yuxarıda istinad edilən məktuba əsasən 10 gün) gözləmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu isə mübahisənin məhkəməyə qədər nizama salınmasının mümkünlüyünü istisna edən haldır. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan əlavə, iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununda aralarında bağlanmış sözügedən kredit müqaviləsi üzrə cavabdehdən 7990,23 manat məbləğində borcun və 135,31 manat məbləğində faiz borcunun tutulmalı olduğu edilsə də, ərizənin nəticə (xahiş) hissəsində 7990,23 manat məbləğində borcun və 4995,47 manat məbləğində faiz borcunun tutulması xahiş edilmişdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-772/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-772/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver