Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-780/2024 03.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1725,32 (min yeddi yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas borc, 85,85 (səksən beş manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 25,15 (iyirmi beş manat on beş qəpik) manat məbləğində cərimə borcu və 04 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz olmaqla, cəmi 1843,32 (min səkkiz yüz qırx üç manat otuz iki qəpik) manat məbləğində borcun və 38,43 (otuz səkkiz manat qırx üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 02 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 02 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 04 mart 2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktuba əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 22% olmaqla 24 ay müddətinə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin martın 29-dək Cavabdeh2 banka 04 mart 2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə 1725,32 (min yeddi yüz iyirmi beş manat otuz iki qəpik) manat əsas borc, 85,85 (səksən beş manat səksən beş qəpik) manat faiz borcu, 50,29 (əlli manat iyirmi doqquz qəpik) manat cərimə borcu və 04 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz olmaqla, cəmi 1868,46 (min səkkiz yüz altmış səkkiz manat qırx altı qəpik) manat borcu vardır. Cavabdeh2 04 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 50,29 (əlli manat iyirmi doqquz qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 25,15 (iyirmi beş manat on beş qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1619-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli Z/071741/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 02 sentyabr 2021-ci il tarixli 4-MCR-1-1619-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” olmaqla bağlanmış 04 mart 2022-ci il tarixli SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən biznes məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 24 ay müddətinə aylıq 22 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 04 mart 2022-ci il tarixli 4-MCR-1-1619-21/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 29 mart 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1725,32 (min yeddi yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 85,85 (səksən beş manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 50,29 (əlli manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz оlmaqla, cəmi 1868,46 (min səkkiz yüz altmış səkkiz manat qırx altı qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 12 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə 12 fevral 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2431,2 (iki min dörd yüz otuz bir manat iyirmi qəpik) manat məbləğində əsas bоrc, 107,64 (yüz yeddi manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 32,67 (otuz iki manat altmış yeddi qəpik) manat məbləğində cərimə оlmaqla, cəmi 2571,51 (iki min beş yüz yetmiş bir manat əlli bir qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 03 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə 03 iyun 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 825,32 (səkkiz yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 132,46 (yüz otuz iki manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 156,29 (yüz alli altı manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17,8 (on yeddi manat səksən qəpik) manat məbləğində faiz оlmaqla, cəmi 1131,87 (min yüz otuz bir manat səksən yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 12 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) 04 mart 2022-ci il tarixli SMS_LOAN_********** nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2022-ci il tarixli SMS_LOAN_********** nömrəli kredit müqaviləsini üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 03 iyun 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında 04 mart 2022-ci il tarixli SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 03 iyun 2024-cü il tarixə 825,32 (səkkiz yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas borcun olması qeyd olunur. Buna görə də, iddiaçının xeyrinə 825,32 (səkkiz yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Bundan başqa 85,85 (səksən beş manat səksən beş qəpik) manat məbləğində faiz borcu və 25,15 (iyirmi beş manat on beş qəpik) manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 02 sentyabr 2021-ci il tarixli Z/071741/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 38,43 (otuz səkkiz manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 825,32 (səkkiz yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 85,85 (səksən beş manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 25,15 (iyirmi beş manat on beş qəpik) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 973,32 (doqquz yüz yetmiş üç manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 825,32 (səkkiz yüz iyirmi beş manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 85,85 (səksən beş manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 25,15 (iyirmi beş manat on beş qəpik) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7 (yeddi) manat məbləğində faiz və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 973,32 (doqquz yüz yetmiş üç manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-780/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-780/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver