Məhkəmə qərarları › İş №e-2-2(119)-783/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-783/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-783/2024 20.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verdiyi “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 31 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 34315,48 (otuz dörd min üç yüz on beş manat, qırx səkkiz qəpik) manat məbləğində əsas borc, 3782,51 (üç min yeddi yüz səksən iki manat, əlli bir qəpik) manat məbləğində faiz borcu, 1055,1 (min əlli beş manat, on qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 39153,09 (otuz doqquz min yüz əlli üç manat, doqquz qəpik) manat məbləğində borcun, 207,46 (iki yüz yeddi manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, ipoteka predmeti kimi Cavabdeh3 mülkiyyətində olan “FİAT Doblo” markalı **- SH-*** dövlət qeydiyyat nişanlı (ban № 99SH256ZFZ**********3779) və “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı (Ban nömrəsi: KNCSJX71AB7520612) avtomobillərin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların satışından əldə olunan vəsaitə yönəldilməsi, bu vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 18 %-lə 12 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 mülkiyyətindəki “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi, “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə girov qoyulmuşdur. Bundan başqa, borcun təminatı olaraq Cavabdeh2lə, o cümlədən Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh (borclu) Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 15 mart 2024-cü il tarixədək Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 34315,48 manat məbləğində əsas, 3782,51 manat məbləğində faiz, 4220,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 42318,4 manat məbləğində borcu vardır. Həmin kredit müqaviləsi üzrə 4220,41 manat məbləğində cərimə hesablanmasına baxmayaraq həmin məbləğin 25 %-i miqdarında olmaqla, yəni 1055,1 manat məbləğində tələb edilməkdədir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh1 27 may 2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsi ilə kredit müqaviləsi üzrə ondan tələb edilən əsas borc və faiz borcu ilə razı olmadığını və həmin borc məbləğlərinin reallığı əks etdirmədiyini bildirmiş, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh3 27 iyun 2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edərək ipoteka ilə iddiaçının xeyrinə yüklü edilmiş avtomobillərin müəyyənləşdirilmiş qiymətləri ilə razı olmadığını, qiymətlərdə artım olduğunu bildirmiş və həmin avtomobillərin qiymətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində qeyd edilmiş borc məbləğləri ilə iddia ərizəsində göstərilmiş borc məbləğləri arasındakı fərqə münasibətində iddia ərizəsini müdafiə etdiyini, ekspert rəyinə isə etiraz etmədiyini, məsələnin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. İpoteka predmeti olan avtomobillərin likvid qiymətlərinin ekspert rəyi ilə müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə bildirdi ki, iş üzrə yekun akt qəbul edildikdən sonra icra mərhələsində həmin avtomobillərin dəyəri müəyyən edilə və avtomobillər açıq hərracda satışa çıxarıla bilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 4-MCR-1-1195-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 4-MCR-1-1195-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 31 mart 2023-cü il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən müqaviləyə aşağıdakı redaksiyada 10-cu bəndinə əlavə edilir: - Cavabdeh3 məxsus olan daşınar əmlakın girovu: daşınar əmlak avtomobil (xx.xx.2023-cü il tarixli, A/00214/23 nömrəli müqavilə); - Cavabdeh3 tərəfindən verilən zaminlik (xx.xx.2023-cü il tarixli, Z/05017/23 nömrəli müqavilə); - Cavabdeh2 tərəfindən verilən zaminlik (xx.xx.2023-cü il tarixli, Z/05018/23 nömrəli müqavilə). İş materiallarında olan 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,50 % dərəcəsi ilə 12 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,20 faiz olduğu qeyd edilmişdir. Həmin müqavilənin “Kredit haqqında məlumat” bölməsinin 10-cu bəndinə əsasən, müştəri (Cavabdeh1) təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 31 mart 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 30 mart 2023-cü il tariхli Z/05017/23 nömrəli və iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 30 mart 2023cü il tariхli Z/05018/23 nömrəli zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 15 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 34315,48 manat məbləğində əsas borcu, 3782,51 manat məbləğində faiz borcu vardır və 4220,41 manat məbləğində cərimə hesablanmışdır (iddia tələbində cərimə məbləği 1055,1 manat məbləğində göstərilmişdir). İş materiallarında olan iddiaçı (ipoteka saxlayan) İddiaçı ASC ilə cavabdeh (ipoteka qoyan) Cavabdeh3 və Cavabdeh1 (borc alan) arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli A/00527/22 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli, 4-MCR-1-1195-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi mülkiyyətində olan **-KH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “KİA Frontier” markalı, furqon tipli, ban nömrəsi KNCSJX71AB7520612 olan yük avtomobilini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan iddiaçı (ipoteka saxlayan) İddiaçı ASC ilə cavabdeh (ipoteka qoyan) Cavabdeh3 və Cavabdeh1 (borc alan) arasında bağlanmış 31 mart 2023-cü il tarixli A/00214/23 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 4-MCR-1-1195-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi mülkiyyətində olan **-SH-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, “FİAT Doblo” minik markalı, ban nömrəsi 99SH256ZFZ**********3779 olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il (sualda soruşulan) tarixə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 34365,44 manat, faiz borcu üzrə 3745,83 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə göndərilmiş 31 oktyabr 2024-cü il tarixli 3-16-16/2- 9/6244/2024 nömrəli məktuba əlavə edilmiş “Məlumat”dan görünür ki, qərardadda göstərilən avtomobillər cavabdeh tərəfindən ekspert baxışına təqdim edilmədiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi və rəyin verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçı tərəfindən Cavabdeh1 aylıq 1,50 % dərəcəsi ilə 12 ay müddətinə qaytarılması şərtilə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh2 də iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli ekspert rəyində Cavabdeh1la bağlanmış 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixinə əsas borcun 34365,44 manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 34315,48 manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 34315,48 manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 34315,48 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi üzrə 3745,83 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində 31 mart 2023-cü il tarixli 4-MCR-1-1195-22/3 nömrəli kredit müqaviləsi üzrə 3782,51 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 28 avqust 2024cü il tarixli 9/6160 nömrəli ekspert rəyində faiz borcunun məbləği 3745,83 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 31 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 34315,48 manat məbləğində əsas borc, 3782,51 manat məbləğində faiz borcunun tutulması hissəsi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 34315,48 manat məbləğində əsas borc və 3745,83 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 1055,1 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin “tutmanın Cavabdeh3 məxsus “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılaraq borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli A/00527/22 nömrəli və 31 mart 2023-cü il tarixli A/00214/23 nömrəli ipoteka müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər (ipoteka qoyan) Cavabdeh3 və (borc alan) Cavabdeh1 arasında bağlanmış həmin müqavilələrə əsasən mübahisə predmeti olan kreditin təminatı kimi tərəflərin razılıqlarına əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus olan “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: KNCSJX71AB7520612) və “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: 99SH256ZFZ**********3779) avtomobillər bank qarşısında ipoteka ilə yüklü edilmişdir və həmin ipoteka müqavilələrinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetləri və həmin ipoteka predmetlərinə dair ipoteka saxlayan İddiaçı ASC-nin “tutmanın yönəldilməsi haqqında bildirişi” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrində” müvafiq qaydada qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı olan pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməli və həmin avtomobillər açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməlidir. Bundan başqa, iddia tələbinin hərracdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Çünki borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Bundan başqa, iddia tələbinin 207,46 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 27 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 207,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 207,35 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/6160 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 34315,48 manat məbləğində borc, 3745,83 manat məbləğində faiz borcu və 1055,1 manat məbləğində cərimə olmaqla, cəmi 39116,41 manat və 207,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 39323,76 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən müştərək qaydada tutulmalı olan 39323,76 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməli və həmin avtomobillər açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 34315,48 (otuz dörd min üç yüz on beş manat, qırx səkkiz qəpik) manat məbləğində borc, 3745,83 (üç min yeddi yüz qırx beş manat, səksən üç qəpik) manat məbləğində faiz borcu və 1055,1 (min əlli beş manat, on qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 39116,41 (otuz doqquz min yüz on altı manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti və 207,35 (iki yüz yeddi manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39323,76 (otuz doqquz min üç yüz iyirmi üç manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan 39323,76 (otuz doqquz min üç yüz iyirmi üç manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus “KİA Frontier” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı (Ban nömrəsi: KNCSJX71AB7520612) avtomobilə və “FİAT Doblo” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı (Ban nömrəsi: 99SH256ZFZ**********3779) avtomobilə yönəldilsin və həmin avtomobillər açıq hərracda satılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar