Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-785/2024 17.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, “X1 Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1 Agentliyi” publik hüquqi şəxsinin Cavabdehnə qarşı verilmiş “icarə və alqısatqı müqavilələri üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X1 Agentliyi” publik hüquqi şəxsi 23 aprel 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “icarə və alqı-satqı müqavilələri üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2016-cı il tarixli SKSP/005 nömrəli icarə müqaviləsi üzrə 21862,75 (iyirmi bir min səkkiz yüz altmış iki manat, yetmiş beş qəpik) manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli SKSP/E-07/18 nömrəli elektrik enerjisinin alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/İS-05/18 nömrəli məişət (təsərrüfat)-içməli suyun alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/TS- 05/18 nömrəli istehsalat məqsədli suyun (texniki su) alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/Q-05/18 nömrəli qaz təchizatı müqaviləsi, 30 may 2018-ci il tarixli SKSP/X-005/2018 nömrəli Sumqayıt Kimya Sənaye Parkının idarə olunması ilə bağlı xidmət müqaviləsi üzrə ümumilikdə 291165,16 (iki yüz doxsan bir min yüz altmış beş manat, on altı qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə” dair müqavilə və xx.xx.2016-cı il tarixli SKSP/005 nömrəli dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında, həmçinin cavabdehin həmin sənaye parkının ərazisində həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn 04 yanvar 2018-ci il tarixli SKSP/E-07/18 nömrəli elektrik enerjisinin alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/İS-05/18 nömrəli məişət (təsərrüfat)-içməli suyun alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/TS-05/18 nömrəli istehsalat məqsədli suyun (texniki su) alqı-satqı müqaviləsi, 04 yanvar 2018-ci il tarixli SKSP/Q-05/18 nömrəli qaz təchizatı müqaviləsi, 30 may 2018-ci il tarixli SKSP/X- 005/2018 nömrəli Sumqayıt Kimya Sənaye Parkının idarə olunması ilə bağlı xidmət müqavilələri də bağlanmışdır. Həmin müqavilələr üzrə cavabdeh iddiaçı qarşısında yerinə yetirilməli olduğu müqavilə öhdəliklərini icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 03 iyun 2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 21862,75 manat məbləğində icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ərizədə sadalanmış müqavilələr üzrə 291165,16 manat məbləğində borcun, sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 82 manat məbləğində xərcin əvəzinin və 603,03 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 09 mart 2016-cı il tarixli SKSP/005 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, icarəyəverən dövlət mülkiyyətində olan və Sənaye Parkının ərazisində, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən əlli min on üç kvadrat metr torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqı Nümunəvi Əsasnamənin 10.0.3-cü yarımbəndinə və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 226 nömrəli Qərarına uyğun olaraq 10000 m2-dək olan hissə üçün illik hər yüz kvadrat metr (100 m2) torpaq sahəsinə on altı (16) manat, 10000 m2-dən yuxarı olan hissə üçün isə illik hər yüz kvadrat metr (100 m2) torpaq sahəsinə otuz iki (32) manat olmaqla, ümumilikdə 50013 kvadrat metr torpaq sahəsi üçün illik 14404,16 məbləğində müəyyən olunur, icarə haqqının tərkibinə torpaq vergisi daxil deyil. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli SKSP/TS-05/18 nömrəli Sumqayıt Kimya Sənaye Parkının ərazisində istehsalat məqsədli suyun (texniki su) alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilə əsasında satıcı ("xxxx" MMC) alıcını (Cavabdeh MMC-ni) onun tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Azərbaycan Respublikasının müvafiq standartlarına cavab verən istehsalat məqsədli su (texniki su) ilə təchiz etməyi, alıcı isə təchiz olunmuş istehsalat məqsədli suyu (texniki suyu) qəbul etməyi və onun dəyərini sayğac göstəricisinə və bu müqaviləyə uyğun satıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı tərəfindən təchiz edilən 1000,00 m3 (bir min kub metr) xammal suya görə hesablaşma ƏDV ilə birlikdə 247,80 manat (iki yüz qırx yeddi manat səksən qəpik) olaraq müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı tərəfindən alıcıya müvafiq ödəniş sənədləri təqdim edildikdən sonra alıcı 1 (bir) ay ərzində Azərbaycan manatı ilə köçürmə üsulu ilə ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli SKSP/E-07/18 nömrəli Sumqayıt Kimya Sənaye Parkının ərazisində qaz təchizatı müqaviləsinin 1-ci bəndinə əsasən, subpaylayıcı ("xxxx" MMC) bu müqavilə müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq istehlakçını (Cavabdeh MMC-ni) müqavilə üzrə əsas paylayıcıdan aldığı keyfiyyətdə uyğun qazla təchiz edir, istehlakçı isə aldığı qazın dəyərini sayğac göstəricisinə və bu müqaviləyə uyğun subpaylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə və bu Müqaviləyə uyğun dəyərinin tam ödənilməsini ondan tələb etmək subpaylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, qazdan istifadəyə görə hesablanmış və Subpaylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli SKSP/E-07/18 nömrəli Sumqayıt Kimya Sənaye Parkının ərazisində elektrik enerjisinin alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə "Elektrik enerjisindən istifadə qaydaları"nı rəhbər tuturlar. Həmin müqavilənin 15-ci bəndinə əsasən, subabonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə, o on (10) gün əvvəl Abonentə bu Müqavilənin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli SKSP/İS-05/18 nömrəli Sumqayıt Kimya Sənaye Parkının ərazisində məişət (təsərrüfat)-içməli suyun alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı alıcını Sumqayıt Kimya Sənaye Parkının ərazisində (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1) onun tələbatına uyğun lazımi miqdarda, həmçinin, tərkib və keyfiyyətinə görə Azərbaycan Respublikasının müvafiq standartlarına cavab verən məişət (təsərrüfat)-içməli su ilə təchiz etməyi, həmçinin, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması xidmətlərini göstərməyi, Alıcı isə təchiz olunmuş məişət (təsərrüfat)-içməli suyu və digər Xidmətləri qəbul etməyi, məişət (təsərrüfat)-içməli suyunödənişini sayğac göstəricisinə digər Xidmətlərin dəyərini isə Satıcı tərəfindən təqdim olunan hesab əsasında və müəyyən olunan müddət ərzində dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı satıcı tərəfindən təchiz edilmiş hər 1,00 kubmetr xammal suya görə ƏDV ilə birlikdə 1,00 manat ödəməyi öhdəsinə götürür. Bu müqavilədə müəyyən olunmuş tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması xidmətlərini üçün isə alıcı hər 1,00 kubmetr tullantı suyuna görə ƏDV ilə birlikdə 1,00 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.6-cı yarımbəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini alıcıdan tələb etmək satıcının hüququdur. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 09 mart 2016cı il tarixli Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə ilə rezident bu müqavilənin şərtləri və öz riskləri əsasında investisiya layihəsinin həyata keçirilməsi üçün Sənaye Parkında sahibkarlıq fəaliyyətini həyata keçirir və investisiya qoyur, operator isə öz səlahiyyətləri çərçivəsində rezidentə sənaye parkında sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün bütün lazımi şəraiti yaradır. Həmin müqavilənin 4.4.5-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək operatorun vəzifəsidir. İş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 30 may 2018-ci il tarixli SKSP/X-005/2018 nömrəli Sumqayıt Kimya Sənaye Parkının idarə olunması ilə bağlı xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, operator ("xxxx" MMC) Sənaye Parkının idarə olunması xidmətlərini, o cümlədən elektrik enerjisinin, suyun (məişət (içməli) və istehsalat (təsərrüfat) məqsədli) və təbii qazın paylanması, tullantı sularının axıdılması xidmətlərini göstərməyi, rezident (cavabdeh) isə xidmətlərə görə bu Müqavilənin 4.1-ci bəndində qeyd olunan şərtlər daxilində aylıq xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, rezident torpaq sahəsinin hər 1 (bir) hektarı üçün ƏDV xaric 850 manat ƏDV daxil 1003 manat olmaqla, ümumilikdə 5,0013 hektar (50013 m2) torpaq sahəsi üçün aylıq ƏDV xaric 4251,11 manat ƏDV daxil 5016,31 manat məbləğində xidmət haqqını bank köçürməsi üsulu ilə operator tərəfindən hesabfaktura təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində operatora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan iddia və cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 04 avqust 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, cavabdehin iddiaçıya 291165,16 manat məbləğində borcunun olması tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləni 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəlləni 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2012-ci il tarixli 1257 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu X1 Agentliyi yaradılmışdır. “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanının 4-cü bəndinə əsasən, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki X1 Agentliyi həyata keçirir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2012ci il tarixli 1257 nömrəli Fərmanına əsasən "xxxx" MMC-nin əsasında hazırkı iddiaçı “X1 Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır) ilə bağladığı yuxarıda sadalanan müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, nəticədə 09 mart 2016-cı il tarixli SKSP/005 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ödənilməli 21862,75 manat məbləğində borcu, eyni zamanda iddiaçı ilə bağladığı Sumqayıt Kimya Sənaye Parkının ərazisində istehsalat məqsədli suyun (texniki suyun), məişət (təsərrüfat) təyinatlı içməli suyun, elektrik enerjisinin alqı-satqısı və qaz təchizatına dair müqavilələr üzrə iddiaçıya ödənilməli 291165,16 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istinad edilən müqavilələr üzrə 21862,75 manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, 291165,16 manat məbləğində borcun isə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin sənədlərin notarial qaydada təsdiq olunması üçün 82 manat məbləğində xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 24 may 2024-cü il tarixli, 20894 nömrəli və eyni tarixli 29057 nömrəli ödəniş qəbzlərinə əsasən, məhkəməyə təqdim edilmiş sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi ilə əlaqədar cəmi 82 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən notariat ofisinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-prosessual qanunvericiliyin istinad edilən normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 82 manat məbləğində xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 603,03 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 20 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 603,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 603,03 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 21862,75 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, 291165,16 manat məbləğində borc, sənədlərin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 82 manat məbləğində xərcin əvəzi və 603,03 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 291850,19 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 21862,75 (iyirmi bir min səkkiz yüz altmış iki manat, yetmiş beş qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən 291165,16 (iki yüz doxsan bir min yüz altmış beş manat, on altı qəpik) manat məbləğində borc, sənədlərin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 82 (səksən iki) manat məbləğində xərcin əvəzi və 603,03 (altı yüz üç manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 291850,19 (iki yüz doxsan bir min səkkiz yüz əlli manat, on doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "X1 Agentliyi” publik hüquqi şəxsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-785/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-785/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver