Məhkəmə qərarları › İş №e-2-2(119)-785/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-785/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-785/2025 09.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 182,37 (yüz səksən iki ABŞ dolları otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 1556,10 (min beş yüz əlli altı ABŞ dolları on sent) ABŞ dolları məbləğində faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,17 (otuz bir ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) ABŞ dolları məbləğində borcun və 53,16 (əlli üç manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə cari krediti bağlamaq və əsas vəsaitin artırması məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-1431 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 13 iyul 2015-ci il tarixdə 1431 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 19 ay təyin edilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 19 aprel 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2304,23 (iki min üç yüz dörd ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 1041,12 (min qırx bir ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu və 494,77 (dörd yüz doxsan dörd ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-3183/2025 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) ABŞ dolları təşkil edir. Bundan 182,37 (bir yüz səksən iki ABŞ dolları otuz yeddi sent) ABŞ dolları əsas, 180,44 (yüz səksən ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz, 1556,10 (min beş yüz əlli altı ABŞ dolları on sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 31,17 (otuz bir ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli e-2-2(119)-785/2025 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil 27 may 2025-ci il tarixində məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd olunması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilə və saziş üzrə cavabdeh tərəfindən dəfələrlə ödənişlər aparılmış və iddiaçıya borc qalmamışdır. Hətta borc qalmış olsaydı belə iddiaçının bu illər ərzində əsas borcu tələb etməyib illərdən sonra cavabdehdən cərimə, faiz borcu və digər xərclərin ödənilməsini tələb etməsi cavabdehi hədsiz maddi çətinliyə salmaqla vəziyyətinin ağırlaşmasına səbəb olacaq. Eyni zamanda tərəflər arasında yaranmış kredit münasibətləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd edilmişdir ki, banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Nəzərə almaq lazımdır ki, kompensasiya olunan kreditlər üzrə faiz və cərimə borclarının silinməsi bankların yox, dövlətin bu məqsədlə ayırdığı vəsait hesabına həyata keçirilmişdir. Yəni, dövlət həm vətəndaşların, həm də bankların maliyyə itkisini qarşılamışdır. Həmçinin problemli kreditlərin kompensasiyasına dair məlumatda borcu məbləği 310 manat göstərilmişdir. Belə olan halda cavabdehdən 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) məbləğin tələb olunması barədə iddia əsassız və qanunsuzdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsinin 2.1-ci bəndinə görə kreditor borcalana 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana cari krediti bağlamaq və əsas vəsaitin artırması üçün məqsədlə verilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 31 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33,32 % təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 62 % dərəcəsi, aylıq isə 5,17 % dərəcəsi ilə faiz, hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 14 iyul 2016-cı il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 14 iyul 2014 tarixli ZM-1431 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 14 iyul 2014-ci il tarixli 1431 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2015-ci il tarixli 1431 nömrəli 14 iyul 2014-ci il tarixli kredit müqaviləsinə 1431 nömrəli əlavə sazişə əsasən müqavilənin 2.1-ci bəndində qeyd edilən və kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 19 ay təyin edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 13 iyul 2015-ci il tarixli 1431 nömrəli 14 iyul 2014-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişin 1.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində qeyd edilən və kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsinə 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2304,23 (iki min üç yüz dörd ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 1041,12 (min qırx bir ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu və 494,77 (dörd yüz doxsan dörd ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restruktruzasiya edilmiş kreditin müddəti 19 aprel 2022-ci il tarixədək təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli ZM-1431 nömrəli 14 iyul 2014 tarixli zaminlik müqaviləsinə 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmiş məlumatdan aydın olur ki, Cavabdeh1 01 mart 2019-cu il tarixə qalıq əsas borcu 310,03 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə 21 fevral 2025-ci il tarixinə 182,37 ABŞ dolları məbləğində əsas borcu, 180,44 ABŞ dolları məbləğində faiz borcu və 1556,10 ABŞ dolları manat məbləğində müqavilə üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1950,08 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi və ona Əlavə Sazişlər üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh1 borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 310,03 (üç yüz on manat üç qəpik) manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 5 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı pul tələb etsə də, həmin borc iddia tələbində istinad edilən kimi deyil, 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 310,03 (üç yüz on manat üç qəpik) manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və cavabdeh aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 310,03 (üç yüz on manat üç qəpik) manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə borcunun tutulması hissələrində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh2 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, 19 aprel 2017-ci il tarixli 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsinə 02 nömrəli əlavə sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 19 aprel 2022-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, Cavabdeh2 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 19 aprel 2022-ci il tarixi olmuşdur. Lakin iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq 19 aprel 2022-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 16 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən əsas borc zamindən tutulmamalı, zamin qismində Cavabdeh2 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “53,16 (əlli üç manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 340,03 (üç yüz qırx manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh1 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 340,03 (üç yüz qırx manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar