Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-793/2024 31.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası müqaviləsi üzrə cavabdehdən 2654 (iki min altı yüz əlli dörd) manat məbləğində borcun və 46,54 (qırx altı manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 29 mart 2023cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən. cavabdeh iddiaçıya 2469,11 manat məbləğində borcunun yarandığını etiraf edərək həmin məbləği 28 aprel 2023-cü il tarixindən başlayaraq hər ay 205,60 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürsə də öhdəliyini icra etməmişdir. Bu borcla yanaşı, sözügedən müqavilənin 2.4-cü bəndinə əsasən, 185 manat məbləğində dəbbə pulu hesablanmışdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası müqaviləsinə əsasən, borclu (Cavabdeh) kreditora (“Veysəloğlu" MMC-yə) 2469,11 (iki min dörd yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, borclu borc məbləğini 12 aya - 28 aprel 2023-cü il tarixindən hər ay 205,60 (iki yüz beş manat, altmış qəpik) manat olmaqla tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın müqavilə bağlanıldığı günündə edilməlidir.Ödəniş ardıcıl 2 ay ödənilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən, ümumi borc məbləği müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə,borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışdan görünür ki, cavabdehin iddiaçıya 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası müqaviləsi üzrə 01 noyabr 2023-cü il tarixinə 2469 manat əsas, 185 manat dəbbə pulu olmaqla ümumilikdə 2654 manat məbləğində borcu vardır. Borclu tərəfindən 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası müqaviləsi üzrə 206 manat ödəniş həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanılmış, həmin müqavilədə cavabdeh iddiaçıya 2469,11 manat məbləğində borcunun mövcudluğunu etiraf edərək həmin borcu müəyyən dövriliklə hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də, iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh həmin borc məbləğindən yalnız 206 manat ödəniş həyata keçirmiş, borc məbləğinin yerdə qalan 2263,11 manat məbləğində hissəsini isə iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsi üzrə 2469 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, cavabdehdən 2263 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 185 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 11.4-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 185 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 120 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 46,54 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 23 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki,iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 46,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən 43,83 manat təşkil edir və bununla əlaqədar Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46,54 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesablanmış 43,83 manatlıq hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə 2263 manat məbləğində borc, 120 manat məbləğində cərimə və 43,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2426,83 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə 2263 (iki min iki yüz altmış üç) manat məbləğində borc, 120 (yüz iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 2383 (iki min üç yüz səksən üç manat) manat məbləğində borc və 43,83 (qırx üç manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 2426,83 (iki min dörd yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-793/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-793/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver