Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-795/2022 03.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Ağababa oğlu arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsində yerləşən 113,4 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 01.10.2018-ci il tarixli 10652 nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və cavabdehdən 31.01.2022-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 2404 (iki min dörd yüz dörd) manat və mediasiya ilə bağlı ödənilmiş 60 (altmış) manat olmaqla, cəmi 2464 (iki min dörd yüz altmış dörd) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş) sənədlərlə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək “borcun tutulması, müqavilənin ləğv edilməsi və icarə obyektinin boşaldılaraq geri qaytarılması” ilə əlaqədar mübahisə üzrə cavabdehə ünvanlanmış “pretenziya” məktubunun Mülki- Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə əsasən cavabdehə çatdırılması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Eləcə də, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş sənədlərlə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə 01 fevral 2021-ci il tarixli “Pretenziya” məktubunun təxminən 1 il 4 ay əvvəl göndərilməsi və həmin “pretenziya” məktubunun məzmununda 1097,50 manat məbləğində borcun ödənilməsinin tələb olunması da - hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyini göstərir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək “Pretenziya” məktubunun cavabdehə 01 fevral 2021-ci ildə göndərilməsi və həmin məktubun mətnindəki tələb edilən “1097,50 manat” miqdarında məbləğlə hazırkı iddia ərizəsində tələb olunan “2404 (iki min dörd yüz dörd) manat” məbləği arasındakı kəskin fərq - qanunvericiliyin tələblərinə uyğun pretenziya qaydalarına əməl edilməsi kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-795/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-795/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver